Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Ermənistanda “sülh partiyası” önə çıxır: Keçmiş prezident Qarabağda güzəşt düşünür 



Ermənistan Milli Konqresi Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı partiyanın lideri Levon Ter-Petrosyanın əvvəlki mövqeyini bir daha gündəmə gətirərək keçmiş prezidentin 2016-cı ilin dekabr ayının 17-də keçirilən partiya qurultayında münaqişənin həlli ilə bağlı irəli sürdüyü təklifi ən unikal variant hesab edir.

“Cümhuriyət” qəzeti Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, Petrosyan ölkəsindəki real vəziyyətdən çıxış edərək problemin mütləq həllini və kompromislərin zəruriyilini bir daha bəyan edib.

“Təhlükəsizliyin təmini, iqtisadi inkişaf və Ermənistanda demoqrafik vəziyyəti yaxşılaşdırmaq üçün Qarabağ münaqişəsi həll olunmalı, eləcə də Türkiyə ilə münasibətlər normallaşmalıdır. Danışıqlar masasında faktiki olaraq 1997-ci ildəki güzəştli nizama salınma variantı mövcuddur. Əgər biz o zaman buna nail olsaydıq, bu illər ərzində çəkdiyimiz əzablar və itkilərlə qarşılaşmazdıq. Heyfslənirəm ki, mənim bəzi həmkarlarım bu sadə həqiqətləri vaxtında başa düşmədilər və biz münaqişənin həlli üçün ən əlverişli anı itirdik”, - deyə müxalifət lideri qeyd edib.

Levon Ter-Petrosyan bildirib ki, Ermənistan hakimiyyətinin bir vəzifəsi var, bu da Qarabağ münaqişəsinin həllində kompromisə getməkdir: “Əslində bir vəzifə var: Qarabağ probleminin həlli, bundan sonra erməni-türk münasibətləri öz-özünə nizamlanacaq. Qarabağ məsələsinin isə mərhələli həlldən başqa yolu mövcud deyil. Bu gün danışıqlar masası üzərində olan təklif faktiki olaraq 1997-ci ildəkinin eynidir: Qarabağa beynəlxalq səviyyədə tanınmış aralıq statusun verilməsi, əvəzində müəyyən ərazilərin qaytarılması, yekun status məsələsinin sonraya saxlanılması, sülhməramlı qüvvələrin yerləşdirilməsi.

Ermənilərdən geri addım

Xatırladaq ki, Levon Ter-Petrosyan buna qədər bir neçə dəfə çıxışlarında Ermənistandakı siyasi, iqtisadi və sosial problemlərin həllinin Dağlıq Qarabağın Azərbaycana qaytarılmasından keçdiyini bildirib. Lakin müxalifət liderinin budəfəki çağırışı Ermənistanda Qarabağ münaqişəsi ətrafındakı situasiyanın təhlili və vəziyyətdən çıxış yolunun göstərilməsi baxımından ən güclü çağırış hesab olunur. Petrosyan həmçinin elan edib ki, onun partiyası qarşıdakı seçkilərə “Sülh! Barışıq! Mehriban qonşuluq!” şüarı ilə gedir və bu çağırışları dəstəkləyən siyasi qüvvələrlə blok yaratmağa hazırdır.

Erməni Milli Konqresinin gündəmə gətirdiyi bu məsələnin geniş müzakirələr yaratdığı vaxt Ermənistan Statistika Komitəsinin yayımladığı hesabat ölkəni çalxalayıb. Komitənin hesabatında bildirilir ki, son 5 ildə 20 minə yaxın insan Qarabağ probleminə görə Ermənistan vətəndaşlığından imtina edərək. xarici ölkələrə üz tutub. Qurum ermənilərin uzun illərdir həlsiz qalan Qarabağ münaqişəsinə görə yersiz ölmək istəmədiklərinə də diqqət çəkir. Başqa sözlə, Ermənistan müxalifəti və dövlət qurumlarının son zamanlarda ictimai rəydə yaratdığı fikir budur ki, Dağlıq Qarabağı Azərbaycana geri qaytarılmalıdır və ölkə hakimiyyətinin bundan başqa çıxış yolu yoxdur.

“Münaqişə Moskvanın nəzarətindən çıxa bilər”

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Siyasi Şurasının üzvü, politoloq Əli Orucov “Cümhuriyət” qəzetinə açıqlamasında Ermənistan hakimiyyətinin işğal etdiyi Dağlıq Qarabağı Azərbaycana geri qaytarmaq niyyətində olmadığını bildirib. Lakin AMİP yetkilisi hesab edir ki, İrəvan Qarabağ ətrafındakı rayonları Azərbaycanın nəzarətinə qaytara bilər: “Söhbət Dağlıq Qarabağın yox, ətraf rayonların Azərbaycana qaytarılmasından gedir. Bu məsələ uzun illərdir Ermənistanın gündəmindədir. Ərazi mübadiləsi ilə bağlı aparılan danışıqların birində bununla bağlı razılığa da gəlinmişdi. Lakin bu razılaşma tanınmadı. Bu da ondan ibarət idi ki, Laçın dəhlizi açılır, Naxçıvanla əlaqə yaradılır, bundan sonra Qarabağ ətrafındakı rayonlar Azərbaycana qaytarılır, əvəzində isə Laçın dəhlizi və Qarabağ Ermənistanın nəzarətində qalırdı. Lakin bu baş tutmadı. Çünki bu, Azərbaycanın maraqlarına uyğun deyildi. Azərbaycanın sərhədləri və suverenliyi mübadilə predmeti ola bilməz. Amma ermənilər də artıq başa düşürlər ki, bu problem həll edilməlidir. Çünki münaqişənin uzanması Ermənistana da sərf etmir. Həm iqtisadi, həm də siyasi tərəfdən bu, Ermənistanın maraqlarına uyğun deyil. Dünyanın düzəni dəyişir, Rusiya zəifləyir, bu baxımdan da Ermənistan Qarabağ münaqişəsinin Moskvanın nəzarətindən çıxması təhlükəsini hiss etməyə başlayıb”.

Əli Orucov Ermənistan - Azərbaycan münaqişəsinin həllinin rəsmi Bakının siyasi iradəsindən asılı olduğunu diqqətə çatdırıb: “Problemin açarı Azərbaycanın əlindədir. Ermənistanda keçiriləcək seçkilərə gəlincə, artıq bu ölkədə parlament formalaşıb. Məlumdur ki, Konstitusiya dəyişikliyinə əsasən, bu ildən Ermənistanda prezidenti parlament seçəcək. Bu baxımdan, proseslərin prezident seçkilərinə təsiri hiss olunmur. İcra orqanı baş nazirə keçib. Yəni, inanmıram ki, Ermənistanın yeni hakimiyəti Petrosyanın çağırışına adekvat olaraq, Dağlıq Qarabağı Azərbaycana qaytarsın”.

Mənsur Rəğbətoğlu

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений