Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Ermənistanda ikihakimiyyətlilik yaranıb



Ermənistan hökuməti tezliklə növbədənkənar palament seçkiləri keçirməyə hazırlaşır.  Baş nazirin müavini Tiqran  Avinyan  Ermənistan Milli Məclisində  yerlərin əksəriyyətinə malik olan Serj Sarkisyanın  Respublika Partiyasının iradəsindən asılı olmayan parlamentə seçkilərin keçirilməsinin vacib olduğunu deyib. “Xalq növbədənkənar parlament seçkilərinə hazırlaşır  və bu, Respublika Partiyasının iradəsindən asılı olmayaraq keçiriləcək.  Hesab edirəm ki, respublikaçılar vəziyyəti düzgün qiymətləndirmir”-Avinyan belə deyib. 

Qeyd edək ki, Paşinyanın baş nazir seçilməsindən sonra Ermənistanda ikihakimiyyətlilik yaranıb. Nikol Paşinyanın liderlik etdiyi “Yelk” (Çıxış) bloku parlamentdə 9 deputatla təmsil olunmasına baxmayaraq, hökumətə nəzarət edir.  Hazırda müxalifətə keçən Respublika  Partiyası isə 56 deputat mandatı ilə Milli Məclisdə səs çoxluğuna  malikdir. Ona görə də, Serj Sarkisyanın tərəfdarları  növbədənkənar seçkilərə getməyin əleyhinə çıxır.  Ermənistan Respublika Partiyasının deputat  fraksiyasının rəhbəri Vaqram Baqdasaryan 2022-ci ildə keçiriləcək  seçkilərə  hazırlaşdıqlarını deyib. Bununla da ERP fors-major  siyasi vəziyyət yaranacağı təqdirdə, səs çoxluğundan istifadə edib Paşinyanı  istefaya  göndərmək  imkanını əlində saxlamağa çalışır. 

Buna baxmayaraq, hökumət  növbədənkənar seçkilərlə bağlı xüsusi proqramı  iyunun 7-də palamentin müzakirəsinə təqdim edəcək. Baş nazirin müavini bildirib ki, əgər sənəd  təsdiqlənərsə, parlamentin buraxılmasının  digər mexanizmi tapılacaq və ölkədə erkən seçkilər keçiriləcək.

 Ermənistan Konstitusiyasına görə, millət vəkilləri hökumətin proqramını iki dəfə qəbul etmədikdə  parlament buraxılır və erkən parlament seçkilərini keçirilir. Hüquqşünaslar isə hesab edir ki, digər variabt kimi bütün deputatların istefaya getməsi və nəticədə növbədənkənar seçkilərin təyin olunması mümkün ola bilər. 

Növbədənkənar seçkilərə münasibətdə Daşnaksütyun Erməni Milli Fraksiyası ilə Paşinyan arasında fikir ayrılığı yaranıb. “Məxməri inqilab” zamanı Nikol Paşinyanı dəstəkləyən daşnakların yenidən Serj Sarkisyanla yaxınlaşması müşahidə olunur. “Daşnaksütyun”un nümayəndəsi, iqtisadi inkişaf və investisiyalar naziri Artsvik Minasyan erkən seçkilərə ehtiyac olmadığını desə də sonra mövqeyini dəyişməli olub. Nazir bildirib ki, ERP yeni hökumətin işinə mane olmur və konstruktiv bir müxalifət olaraq qalacaq. “Əgər hökumət parlamentdə əksəriyyət tərəfindən dəstəklənsə, erkən seçkilərə ehtiyac olmayacaq, xüsusən bu ciddi qanunvericilik dəyişiklikləri tələb edəcək”.

Siyasi müşahidəçilər  daşnakların bu mövqeyini seçkilərdə qalib gəlmək şansının az olması ilə izah edib.  2017-ci ildə keçirilmiş parlament seçkilərinin nəticələri saxtalaşdırldığı üçün həmin vaxt Serj Sarkisyan “Daşnaksütyun”a yeddi deputat yeri ayırmışdı. İndi isə siyasi vəziyyət dəyişdiyindən onların qələbə şansı sıfıra bərabərdir. Xüsusilə də Serj Sarkisyanla yaxınlaşmaq DEMF-nı siyasi zərbə altında qoya bilər. Ona görə də, Artsvik Minasyan sonradan sözlərini dəyişərək, Ermənistanda növbədənkənar seçkilərin vacib olduğunu və bu prosesin tezliklə baş verəcəyini deyib. O, parlamentdəki qüvvələr nisbətinn mövcud reallığı əks etdirmədiyini söyləyib.

Müşfiq Abdulla 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений