Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Əsl alim haqqında kitab...



(İmran Axundovun “Şamil Vəliyev” kitabı haqqında)

Bu yaxınlarda fəlsəfə doktoru İmran Axundovun görkəmli Azərbaycan morfoloqu, həkim və müəllim Şamil Vəliyev haqqında kitabı nəşr olunub.Şamil müəllimi tanıyanlar onun neçə böyük insan olduğunu yaxşı bilirlər. O, ömrünün yarım əsrini Azərbaycan elminə və tədrisinə həsr edərək bu missiyanı indi də şərəflə yerinə yetirir. İmran Axundovun “Şamil Vəliyev” kitabını oxuyanda onun həqiqətən bacarıqlı, istedadlı alim, müəllim, təmiz qəlbli insan olduğunun şahidi olursan. O, sözün həqiqi mənasında nəfsini özünə qul etməyi bacaran nadir insanlardandır.

Ş. Vəliyevin 80 illik yubileyinə həsr olunan bu kitab qeyri ənənəvi girişlə başlayır. Müəllif burada Şamil müəllimin boya başa çatdığı Azərbaycanın gözəl yerlərindən biri olan dağlar qoynunda yerləşən Gədəbəyin Böyük Qarabulaq kəndinin mənzərəsini-meşələrini, çaylarını, bulaqlarını, fauna və florasını təsvir etdikdən sonra, həmin kənddən çıxıb, Azərbaycan elminə, səhiyyəsinə və ictimai həyatına bəxş olunan tanınan insanlarında adlarını açıqlayır, haqlarında qısa da olsa bilgi verilir.

Kitabdan oxuyuruq ki; “Bu kənd rayon mərkəzindən 8-9 km aralıda, cənub-qərbdə yerləşir... Kəndi aşağıdan, cənubdan Qarabulaq çayı ilan kimi dolanaraq əhatə edir.Bu çaydan 2-3 km aralıda daha-doğrusu bunları bir-birindən ayıran yüksəklikdən arxaya və buna paralel olan Şəmkir çayı axır. Kənd bir növ qonşu kəndlərə gedən yolların qovşağında yerləşir...

Kənd əhalisinin hələ ötən Sovet hakimiyyətindən çox-çox əvvəl belə təhsilə, maarifə-elmə böyük marağı, həvəsi olub.Bunun təsdiqini onda görmək olar ki, kənd sakini olan Molla Məhəmməd öz şəxsi vəsaiti hesabına I-IV sinfə qədər rus dilində təlim verən məktəb açıb. İşləmək üçün buraya müxtəlif yerlərdən bilikli müəllimlər dəvət edib... Molla Məhəmmədin təsis etdiyi məktəbi 14 nəfər bitirir. Sonralar bu məktəbin məzunlarından bəziləri görkəmli dövlət və elm xadimi səviyyəsinə qədər yüksəliblər”...

Sonra müəllif kitabda Şamil müəllimin şəcərəsi, boya başa çatdığı mühiti, ailəsi haqqında geniş məlumat verir.Və sanki oxucu həmin mühiti öz gözləri ilə görür.

Müəllif yazır: “Qəşəm kişinin ailəsi böyük olub, altı oğlan və iki qız. Ailənin böyük olmasına baxmayaraq burda ciddi nizam-intizam, böyük-kiçiklik gözlənilirdi.Uşaqlar düzgünlük, əməksevərlik və vətənpərvərlik ruhda tərbiyə olunublar. Yaxşı oxumaqla yanaşı əməklə erkən yaşlardan məşğul olmağa başlayıblar... Uşaqların arasında Şamil özünün zirəkliyi, əməksevərliyi və oxumağa olan sonsuz həvəsi ilə fərqlənirdi...

Şamil Vəliyev Qəşəm kişinin ilki-böyük oğludur. O, avqust ayının 10-da 1937-ci ildə Azərbaycanın gözəllik diyarı olan Gədəbəy rayonunun Böyük Qarabulaq kəndində qulluqçu ailəsində anadan olub. O, ailədə ilk nəvə olduğundan hamı tərəfindən çox sevilərdi. Onun uşaqlıq illəri çox ağır dövrə, II Dünya müharibəsi dövrünə təsadüf edib. Ona görə də digərləri kimi onun həyatı ağır olub... Hər yerdə olduğu kimi bu kənddə insanlar çox ağır günlər keçiriblər, ərzaq qıtlığı, psixoloji gərginlik ilə qarşılaşmalı olublar”...

Bu ağır dövrdə böyüyüb tərbiyə alan Şamil Vəliyev öz gələcək xoşbəxtliyini elmdə, təhsildə görür, gecə-gündüz öz üzərində işləməyə başlayır. Əziyyət öz bəhrəsini verir.

İ.Axundov kitabda yazır: “O, hər gün bütün fənlər üzrə dərsə hazırlıqlı gəlir, əla qiymətlər alırdı. Hər dərs ilinin axırlarında ona “Əla dərs müvəffəqiyyətinə və nümunəvi əxlaqına görə” adlı tərifnamələr verilir. O, əla oxumaqla yanaşı həmçinin məktəbin ictimai həyatında da fəal iştirak edir... Şamil kiçik də olsa divar qəzeti üçün məqalələr yazırdı... Bununla yanaşı bədii əsərləri də oxumağı çox sevərdi. M. P. Vaqifin, A. Səhhətin, M. S. Ordubadinin, S. Vurğunun, M. Hüseynin, Mir Cəlalın, S. Rəhimovun, Ə. Vəliyevin, M. İbrahimovun və bir çox digərlərinin əsərlərini oxuyardı. Dram dərnəyində S. Vurğunun “Vaqif” dramında Vaqif rolunu kənd klubunda keçirilən tədbirlərdə oynayardı.VII sinfin yanvar tətilində Mirzə İbrahimovun “Gələcək gün” romanını oxumuşdu”.

Şamil Vəliyev doqquzuncu sinfi hələ bitirmədən öncə öz kəndlərində yeddi illik məktəbdə elmi katib kimi işləməyə başlayıb, əmək haqqı alırdı. O, 1955-ci ildə orta məktəbi başa vurduqdan sonra heç 18 yaşı tamam deyildi, öz kəndlərində kitabxana və Gədəbəy rayon Mədəniyyət şöbəsində klub müdiri vəzifələrində işləyib.

O, 1957-1962-ci illərdə o vaxt ki, N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda (indiki Tibb Universiteti) oxuyub, həmin təhsil müəssisəni müvəffəqiyyətlə başa vurub. Şamil Vəliyev dördüncü kursda oxuyarkən ilk dəfə olaraq elmi-tədqiqat işi ilə məşğul olub, Bakı qənnadı fabrikində çalışan fəhlələrin ağız boşluğunun selikli qişasına və dişlərinə karbohidratların təsirini tədqiq edib.

Kitabda yazılır: “1962-ci ilin avqust ayının 1-də Gədəbəy rayonunun Böyük Qarabulaq 25 çarpayılıq kənd sahə xəstəxanasında 1,5 ştatda işə başlayır. Xəstəxanada Şamildən başqa 1 nəfər ali təhsilli baş həkim S. Hüseynova işləyirdi. Yerdə qalan tibb personalı orta təhsilli idi.Buna görə də xəstəxananın əsas ağırlığı gənc həkim Şamilin üzərinə düşürdü. O, xəstələri həm ambulatoriyada qəbul və həm də stasionarda müalicə edərdi. Ədalət naminə desək təzə qurtaran, təcrübəsiz gənc həkim üçün bu çox ağır və məsuliyyətli iş idi. O, bu işin öhdəsindən gəlməsi üçün gecə-gündüz oxumaqla öz üzərində çalışırdı ki, xəstələri razı sala bilsin, onların inamını qazansın, düzgün müalicə aparsın. Bu isə ilk gündən olduqca çətin və məsuliyyətli idi... Onun fəaliyyəti nəticəsində xəstəxanada aparılan müalicənin səviyyəsi və xəstəxana işçiləri arasında nizam-intizam da yüksəlir.Bir sözlə xəstəxanada “polad” nizam-intizam hökm sürür.İşə gecikmək və yaxud da işdən vaxtından əvvəl getmək olmazdı.Xəstələrə vaxtı-vaxtında qulluq olunardı, müalicə aparılardı, peyvəndlər dəqiq, vaxtında yerinə yetirilərdi”.

Şamil Vəliyev 1967-ci ilin oktyabr ayında indiki AMEA-da fiziologiya ixtisası üzrə aspiranturaya daxil olur və akademik Abdulla Qarayevin rəhbərliyi altında “Müxtəlif daxili orqanların reseptorlarının qıcıqlanmasının uropepsinogenin ifrazına təsiri” mövzusunda elmi-tədqiqat işinə başlayır. 1968-ci ildə akademik A. Qarayev vaxtsız rəhmətə getdi. Şamil Vəliyevə professor H. Həsənov və V. Tuqolukov rəhbər təyin olundu. Ş. Vəliyev dissertasiyanı vaxtından əvvəl başa çatdırıb, şuraya təqdim etdi və müdafiə edib, elmi dərəcə aldı. Onda alimə məxsus olan, analitik təfəkkür, nəticələri dəqiq və düzgün analiz etmək qabiliyyəti var idi. Lakin müdafiə ərəfəsində olan yersiz haqqsızlıqlar onu elimdən uzaqlaşdırdı.

Şamil Vəliyev 1971-ci ildən bu günə kimi Azərbaycan Tibb Universitetində “İnsan anatomiyası” kafedrasında assisent, baş müəllim hal-hazırda dosent vəzifəsində çalışır, yüksək səviyyəli mühazirələr və praktik dərslər aparır. O, bu müddətdə bir metodik vəsait, altı dərs vəsaiti, on dərslik nəşr etdirib və “Kütləvi Tibb Ensiklopediyası”nın tərtibçisi və əsas məqalə müəlliflərindəndir. 

Bunlardan başqa Şamil Vəliyev bir sıra dərs vəsaitlərinin redaktoru olub, 150-dən artıq məqalə və elmi əsərin müəllifidir. O, elmi mövzularda qurultaylarda, konfranslarda və simpoziumlarda çıxışlar edib.

Kitabın sonunda onunla birlikdə orta məktəbdə oxuyan sinif və institutunda təhsil alan tələbə yoldaşlarının da fikirləri dərc olunub. Onlar da Şamil Vəliyev haqqında ürək dolusu ilə öz xatirələrini bölüşürlər.

“Nəhayət, sonda onu qeyd etmək istərdim ki, Şamil müəllim bu müdrik yaşında gənclik ehtirası ilə, sonsuz həvəslə, yüksək peşəkarlıqla tələbələrə maraqlı mühazirələr söyləyir və praktik dərslər aparır. Müasir insan anatomiyası elminin incəliklərini tələbələrə öyrətməyə çalışır. Onun mühazirələrini və praktik dərslərini tələbələr səbirsizliklə gözləyir və həvəslə iştirak edirlər. Şamil müəllim mühazirə oxuyanda sanki elə bilirsən ki, ədəbiyyatçı, filosof, klinisist və yaxud da siyasətçi bir natiq çıxış edir. Tələbələr ona heyranlıqla və maraqla qulaq asırlar. O, mühazirələrində yeri gələndə klinik və digər elmlərə aid dəlillərdən istifadə edir. Bu isə tibbi biliklərin astanasına qədəm qoyan tələbələrin böyük marağına səbəb olur”...       

İmran Axundovun “Şamil Vəliyev” kitabının dili rəvandır, yüksək sənətkarlıqla yazılıb. Kitabı oxuduqda Şamil müəllimin möhtəşəm obrazı-təşkilatçılığı, alimliyi, müəllimliyi oxucuların gözləri qarşısında canlanır və qürur hissi keçirirsən ki, Azərbaycan Tibb Universitetində belə bir insan fəaliyyət göstərir.

Səmayə Əlizadə

fəlsəfə doktoru

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений