Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Evimizdəki Əzrayıl: Dəm qazı niyə qatilə çevrilir?



Azərbaycanda dəm qazından zəhərlənən və vəfat edənlərin sayı artır. Az qala hər gün dəm qazından dünyasını dəyişənlərlə bağlı xəbərlər alırıq. Bu yaxınlarda bir ailənin 6 üzvü, ardınca isə iki azyaşlı uşaq dəm qazından boğulub. Qış mövsümü girəndən dəm qazından zəhərlənmə halları ilə bağlı şikayətlərin və ölümlərin sayı da çoxalmaqda davam edir. 

İddialar səsləndirilir ki, dəm qazı səbəbindən bu qədər ölüm hallarının çoxalmasına səbəb əslində insan məsuliyyətsizliyi deyil. Səbəb sadəcə olaraq son bir neçə ildə mavi qaza əlavə maddə vurulmasıdır. Bu maddə qoxu və hissiyyatsız halda qapalı məkanda insanın huşunu asanlıqla apara bilir. 

Ekspertlərin fikrincə, dövlət qurumları dəm qazından boğulma hallarının aradan qaldırılması üçün mənzillərdə siqnal verən xüsusi qurğular quraşdırmalıdır. Bu qurğu dəm qazı əmələ gələndə xəbərdarlıq siqnalı kimi xüsusi işarə vermək qabiliyyətinə malikdir. Həmçinin, bu qurğular qaz cihazlarına yerləşdirilsə, dəm qazı yaranan kimi qaz verilişi dayanır. 

İqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, qaza hansısa maddə vurulması ilə bağlı müstəqil laboratoriyalarda analiz aparılsa, daha yaxşı olar: “Hər hansı bir maddənin qatılıb-qatılmaması kimyəvi analizdən sonra bəlli ola bilər. Amma bununla bağlı ciddi şikayətlər gəlirsə və əhalidə narahatlıq varsa, belə müstəqil ekspertizlar keçirib, insanlara durumu bəyan etsinlər. Bununla yanaşı dövlətin öz vətəndaşlarını qorumaqla bağlı öhdəlikləri var. Dövlət hesabına mənzillərdə xəbərdaredici qurğuların quraşdırılması vacibdir. Bu qurğular çox da baha deyil, təqribən 20-30 manat civarındadır. Bunu ya dövlət öz üzərinə götürməlidir, ya da əhaliyə sosial çarxlar, müxtəlif sosial reklamlar vasitəsilə təşviq edib, ora ödənilən vəsait müqabilində əhalinin qaz borcundan silinə bilər.

Bir çox yollar var ki, əhalini təşviq etmək yolu ilə mənzillərdə belə xəbərdaredici qurğuların quraşdırılması mümkündür. Bu qurğulardan istifadə hətta bir çox xarici ölkələrdə qanunun tələbidir. Hər bir vətəndaş yaşayış mənzilində belə bir qurğunun quraşdırılmasına məcburdur. Amma bunun dövlər tərəfindən təşviq olunması da baş verir. Azərbaycanda nə sosial çarxlar var, nə də ki, insanları bilgiləndirən məlumatlandırmalar var. Televiziyalardakı verilişlərdə belə bununla bağlı müzakirələr getmir. Həmçinin, sözügedən belə bir avadanlığın quraşdırılması vacibliyi ilə əlaqədar kampaniya aparılmır.

Bunun nəticəsində isə Azərbaycanda dəm qazından boğulanların sayı günbəgün artır. Utancverici bir haldır ki, XXI əsrdə insanlar çox primitiv bir şəkildə, belə bir bəladan dünyasını dəyişirlər. Hətta inkişaf etməkdə olan ölkələrdə də belə bir problem yaşansa belə, cavabdeh orqan ciddi məsuliyyətə cəlb olunur. Azərbaycanda isə bu fakta görə heç kim cinayət məsuliyyətinə cəlb olunmayıb. Əksinə bu məsələ vətəndaşlara qan bahasına başa gəlir. Məsuliyyət olmayan yerdə isə məsələnin ciddiliyindən söhbət belə gedə bilməz. Nəticədə əziyyət çəkən sadə vətəndaşlar olur”.

Alçina Amilqızı

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений