Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Evlərə də cərimə gəlir: Həm də hər 20 gündən bir...



Xəyal Məmmədxanlı: “İcbari əmlak sığortası insanlarda narazılıq yaradacaq”

Azərbaycanda əmlakın icbari sığortasından istifadə etməyənlərə qarşı cəza tədbirləri başlana bilər. Bunu Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Mustafa Abbasbəyli bildirib. Onun sözlərinə görə, hazırda sığorta bazarı ilə bağlı müzakirə olunan məsələlərdən biri mənzillərin və yaşayış evlərinin icbari sığortası mexanizminin işlək vəziyyətə gətirilməsidir. Xatırladaq ki, ölkə qanunvericiliyinə görə, ölkə vətəndaşları sahibi olduqları mənzil və evləri sığortalamalıdırlar. Sığorta paketi standartdır: ölkənin ayrı-ayrı əraziləri üçün sığorta haqqı 30-50 manat arasında, bu məbləğ müqabilində ödəniş limiti isə 15-25 min manata qədər dəyişir.

Hazırda Azərbaycanda evlərin icbari sığortası ilə bağlı vəziyyət heç də ürəkaçan deyil. Sənədsiz evlərin sayı ilə bağlı konkret rəqəmlər olmasa da, bu sayın həddindən çox olduğu bildirilir. Fərdi həyət evlərinin sığorta olunmamasının səbəbi əksəriyyətinin sənədsiz olmasıdır. Demək olar ki, Azərbaycanda uzun illərdir sənədsiz torpaq sahələrinin və evlərin dövlət reyestrinə daxil edilməsi istiqamətində problemlər var. Prezident İlham Əliyev məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə göstəriş versə də, konkret nəticə hasil olmayıb. Ekspertlər hesab edir ki, sənədsiz evlərin sənədləşdirilməsi onların vergiyə cəlb edilməsi, kommunal xidmətlərlə fasiləsiz təmin edilməsi baxımından da vacibdir. Sənədsiz evlərin sənədləşməsi başa çatmadığı üçün əmlakın icbari sığortası da ciddi narahatçılıqlar doğurur.

 Sığorta eksperti Xəyal Məmmədxanlı “Cümhuriyət” qəzetinə bildirib ki, icbari mənzil sığortası sənədsiz evlər üçün ciddi problemlər yaradır:

“Ümumiyyətlə, sənədsiz evlər tək sığorta üçün yox, bütün infrastruktur üçün problemlidir. Araşdırmalar göstərir ki, təkcə Bakı şəhərində 700 mindən çox sənədsiz tikili mövcuddur. Bu o deməkdir ki, 700 minədək tikilinin mülkiyyət hüququ şübhə altındadır. Bu vəziyyət paytaxt Bakı da daxil olmaqla ətraf qəsəbələrdə də var. Bu məsələ yalnız sığorta məqsədilə yox, dövlət səviyyəsində ciddi mənada həllini gözləyən problemlərdən biridir. Təbii ki, sənədsiz evlər sığorta üçün də müəyyən problem yaradır. İstənilən mənzilin sığortalana bilməsi üçün onun mülkiyyət hüququnu təsdiq edən sənəd olmalıdır. Doğrudur, bu, çıxarış olmaya da bilər, bu, hər hansı müqavilə və ya order də ola bilər. Çünki heç bir sənəd olmadan evlərin sığortalanması mümkün deyil. İnsan hüquq və azadlıqlarının başında mülkiyyət hüququ dayanır. Əslində vətəndaşların mülkiyyət hüququnun təmin olunması və qorunması dövlətin əsas siyasətindən biri olmalıdır. Çox təəssüflər olsun ki, bu problem Azərbaycanda hələ də qalmaqdadır.

Problem təkcə qanunsuz və yaxud sənədsiz tikililərin sığortalanması məsələsi deyil. Məlumdur ki, Azərbaycanda icbari sığorta haqqında qanun çoxdan var. Baxmayaraq ki, bu qanunun avtomobillərə aid hissəsi normal qaydada işləyir, amma əmlakla bağlı olan bölməsi isə fəaliyyət göstərmir. Hüquqi şəxslərlə bağlı əmlakın sığortasında bir problem yoxdur. Amma fiziki şəxslərlə bağlı ciddi problemlər mövcuddur. Fiziki şəxslərlə yalnız notariat kontorlarında müəyyən notarial hərəkətlər edirlərsə, bu halda onları məcbur edirlər ki, sığorta mexanizmindən istifadə etsinlər. Əgər şəxsin yolu notarial kontorlarına düşmürsə, demək o, sığortadan kənardadır. Problem ondadır ki, qanunvericilikdə həmin qanunun nəzarət mexanizmi aydın müəyyən edilməyib. Yəni, daşınmaz əmlakın (yaşayış binaları, yaşayış evləri və mənzillərin icbari sığortası istisna olmaqla) və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin "İcbari sığortalar haqqında" Azərbaycan Qanununa uyğun olaraq icbari qaydada sığortalanmasına nəzarət etmək Fövqəladə Hallar Nazirliyinə tapşırılsa da, fiziki şəxslərin əmlakının sığortalanmasına kimin nəzarət edəcəyi ilə bağlı qanunda boşluqlar var”.

“Vətəndaşların əksəriyyəti əmlaklarının sığortasının icbari olmasından belə xəbərsizdir”

Ekspertin qənaətincə, əmlakın icbari sığortasından istifadə etməyənlərə qarşı tətbiq ediləcək cərimələr çox böyük deyil:

“Ümumiyyətlə, hər hansı bir qanunun işləməsini cərimə mexanizminə bağlamağın əleyhinəyəm. Cərimələmək və yaxud cəzalandırmaq heç də hər zaman çıxış yolu deyil. Təbii ki, insanlar dərk etməli və qəbul etməlidirlər ki, sığorta onların özü üçün lazımdır. İcbari sığorta müqaviləsinin bağlanmamasına görə hansı cərimələrin tətbiq olunması İnzibati Xətalar Məcəlləsinin 569-cu maddəsi ilə tənzimlənir. İcbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslərə 30 manat, vəzifəli şəxslərə 80 manat, hüquqi şəxslərə isə 200 manat cərimə nəzərdə tutulub. Baxmayaraq ki, qanunvericilikdə fiziki və hüquqi şəxslərə cərimə müəyyən edilib, amma nə bu cəriməni tətbiq edən var, nə onun yığılmasına nəzarət edən var, nə də mənzillərlə bağlı sığortanın həyata keçirilməsinə baxan var. Əlbəttə, Azərbaycanda hansısa qanunun qəbul olunub işləməməsi arzuolunan deyil. İnsanlar arasında elə təbliğat işləri aparmaq lazımdır ki, onlar sığortaya artıq yük, əlavə xərc və ya vergi kimi baxmasınlar. Onlar sığortanı özləri üçün faydalı tədbir kimi görsünlər. Çox təəssüf ki, bu günə qədər vətəndaşların əksəriyyəti əmlaklarının sığortasının icbari olmasından belə xəbərsizdir. Əksəriyyəti isə ümumiyyətlə, bilmir ki, sığorta hansı hallarda onları qoruyur, nə üçün lazımdır, qiyməti nə qədərdir. Məlumat üçün bildirim ki, Bakı şəhərində illik icbari əmlak sığortasının haqqı 50 manat, Sumqayıt, Gəncə və Naxçıvan kimi iri şəhərlərdə 40 manat, digər şəhər və rayonlarda isə 30 manatdır. Bəlkə də paytaxtda yaşayan insanlar üçün illik 50 manat sığorta haqqı çox görünmür, amma nəzərə alsaq ki, kifayət qədər çox kasıb ailələr var, onlar üçün bu məbləğ ağır yük və əlavə xərc kimi görünür. Buna görə də ilk növbədə insanlar arasında normal maarifləndirmə, təbliğat-təşviqat işləri aparılmalıdır. Həmçinin nəzarət mexanizmini elə qurmaq lazımdır ki, hansısa nəzarət orqanları vətəndaşı incitmək üçün bundan istifadə etməsin. Amma hər bir halda qanun tətbiq olunmalıdır, insanlar sığortalanmalıdır”.

Əmlakın icbari sığorta etdirməyənlərə qarşı cəza tədbirləri nədən ibarət ola bilər?

Xəyal Məmmədxanlı deyib ki, avtomobilin icbari sığortası yoxdursa, 50 manat cərimə yazılır: “Vətəndaş 20 gün ərzində sığorta müqaviləsini bağlamalıdır. Əks halda vətəndaşa ikinci dəfə cərimə yazılır. Bu prosedur hər 20 gündən bir təkrarlanır. Yəni, cərimənin limiti yoxdur. Qanunvericilik hər hansı bir cərimənin tətbiq edilməsinə baxmayaraq, vətəndaşın həmin müqavilənin bağlanmasını tələb edir. Çox güman ki, əmlakda da belə bir mexanizm olacaq. Belə ki, vətəndaşa cərimədən sonra müəyyən bir müddət veriləcək. Yenidən sığorta müqaviləsi bağlanmasa, ehtimal ki, növbəti dəfə cərimələnmə məsələsi olacaq. Dünyanın əksər ölkələrində belə bir qayda var ki, icbari əmlak sığortası olmadan əmlakla bağlı heç bir əməliyyat aparmaq mümkün olmur. Bu da icra mexanizmlərindən biridir. İnsanlar heç vaxt sığortaya “bu, mənə lazımlıdır” yanaşması ilə baxmır. Əminəm ki, icbari əmlak sığortası ilə bağlı yeni mexanizm insanlarda müəyyən narazılıq yaradacaq. Bunu minimuma endirmək üçün vətəndaşlar arasında normal təbliğat aparıb bunun əhəmiyyətini başa salmaq lazımdır. Həmçinin onlara müəyyən vaxt vermək lazımdır ki, öz qərarlarını müstəqil şəkildə qəbul etsinlər”.

Sığorta şirkətlərinin fəaliyyəti vətəndaşların bu sistemə olan inamını fərqli istiqamətlərə yönləndirir. Əmlak sığortası üzrə şirkətlərin fəaliyyətini qənaətbəxş hesab etmək olarmı?

Xəyal Məmmədxanlı icrasını həyata keçirdikləri “Kasko Butik” layihəsində sığorta şirkətlərinə inam və etibarlılığın hansı səviyyədə olması ilə bağlı sorğu keçirdiklərini bildirib:

“Təəssüflər olsun ki, sığorta şirkətlərinə inam və etibarlarının sarsıldığını bildirən respondentlərin sayı 86 faizə yaxın oldu. Təbii ki, bu, sığorta şirkətlərinin hamısına aid deyil. Bazarda kifayət qədər nüfuzlu, adına və işinə hörmət edən peşəkar şirkətlər var. Amma çox təəssüf ki, bunun əksini edənlər də olub ki, insanlar bu şirkətlərin xidmətlərindən narazı qalıblar. Bu gün bazarda nə qədər peşəkar, innovativ yanaşmalar etsək belə, insanlardakı bu psixoloji maneəni aşmaqda çətinlik çəkirik. Çünki hamı düşünür ki, sığorta şirkətləri onları aldadır. Amma bu belə deyil. Çünki statistikanı göstərəndə məlum olur ki, sığorta şirkətləri insanlara 250 milyon manatdan çox ödəniş ediblər. Yəni, yığdıqları vəsaitin yarısından çoxunu sığorta hadisələri nəticəsində geri ödəyiblər. Bəzən sığorta şirkətlərinin adi bir xidmət və yaxud da insanlarla ünsiyyət qüsuru müştərilərin narazılığına səbəb olur. Fakt ondan ibarətdir ki, insanların narazılığı əbəs yerə yaranmayıb. Dəfələrlə sığorta şirkətlərinə çağırışlar etmişəm ki, sığorta xidmətləri inam və etibar üzərində formalaşan münasibətdir. Dünyada yeganə məhsuldur ki, vətəndaş ona pul verir, şirkət də pul əvəzində ona söz verir. Vətəndaşın bu sözə inanması üçün gərək şirkətin keçmişi təmiz, xidmətləri isə dolu olmalıdır. Həkimlər xəstənin, eləcə də sığorta da müştərinin ən gərgin, ən emosional dövrünə rast gəlir. Təbii ki, belə bir şəraitdə insanlara xidmət göstərmək üçün yalnız sığortaçı olmaq kifayət etmir. Siz həm də müştəri xidmətlərini bilməlisiz, bir tərəfdən psixoloq olmalısız. Bunların hamısı sığorta şirkətlərinin peşəkarlığına təsir göstərən amillərdir. Təəssüf ki, bu gün cəmiyyətdə yalnız sığortaya deyil, əksər şeylərə inam yoxdur. Bazara nə yaxşı şey çıxarırsan da, insanlar birinci ona neqativ yanaşırlar, təklif olunan xidmətin arxasında başqa məna axtarmağa çalışırlar. Sığortaçılar çalışmalıdır ki, qalan azacıq inamı da itirməsin və bazarı da bərpa edə bilsinlər. Çox yaxşı haldır ki, hazırda sığorta bazarında artım var, durğunluq yoxdur. Biz bu amili öz lehimizə çevirməliyik”.

Yeganə Oqtayqızı








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений