Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Fəhlə, usta, çilingər...: İş başındakı ölümlərə kim məsuliyyət daşıyır?



Əmək təhlükəsizliyinə riayət olunmaması yenə bir can alıb. Belə ki, ötən gün Sumqayıt şəhərində 55 yaşlı kişi dördüncü mərtəbədən yıxılaraq ölüb. Sumqayıt şəhər sakini, 1963-cü il təvəllüdlü Mübariz Tapdıq oğlu Hüseynov 9-cu mikrorayon ərazisində yerləşən yaşayış binasındakı mənzillərdən birində peyk antenası quraşdırarkən ehtiyatsızlıqdan 4-cü mərtəbədən yıxılıb. Yaralı xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.

Əməyin mühafizəsinə, iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması hər zaman ciddi müzakirə mövzusu olub. Ölkə qanunvericiliyində insanların həyat və sağlamlığı üçün təhlükəli əmək şəraitinin aradan qaldırılması məqsədilə, aidiyyəti şəxslərin hətta məsuliyyətə cəlb olunması qaydaları da müəyyənləşib. Amma buna baxmayaraq işəgötürənlər tərəfindən iş yerlərində əməyin mühafizəsi qaydaları yerinə yetirilmir, müəssisələrdə təhlükəsiz və sağlam əmək şəraitinin yaradılmasına lazımi səviyyədə diqqət göstərilmir. Bu isə işçilərin həyat və sağlamlığını təhlükə altında qoyur. Əmək qanunvericiliyinə əsasən iş yerlərində təhlükəsiz əmək şəraitinin yaradılması, peşə risklərinin düzgün qiymətləndirilməsi və baş verə biləcək istehsalat qəzalarının qarşısının alınması üçün önləyici tədbirlərin görülməsi işəgötürənlərin əsas vəzifələrindən biridir.

Maraqlıdır, müqavilə bağlamadan işləyən fəhləyə görə məsuliyyəti kim daşıyır?

Əmək Hüquqları Liqasının sədri, İnsan Hüquqları üzrə Birgə Qrupun katibi Sahib Məmmədov Cebhe.info-ya bildirib ki, qaydalara görə sifarişlə işləyən şəxslərin də VÖEN-i olmalıdır:

“Vergi ödəyicisi kimi qeydiyyata duran şəxs özünü bədbəxt hadisə və peşə xəstəliklərindən sığortalayır. Bu şəxslər müstəqil özünüməşğul insanlardır. Təbii ki, müstəqil işləyənlərin 99 faizi qanunun tələblərinə əməl etmir. Sözügedən hadisədə cinayət işi başlana bilər. Sifarişçinin məsuliyyəti var. Belə ki, burada o, müqavilə bağlamalıdır, vergi ödəyicisi olmalıdır və sair kimi məsələlər ortaya çıxacaq. Amma bu, bütövlükdə tənzimlənməyən bir məsələ kimi qalıb”.

Texniki avadanlıqlar satan firmalar öz məhsullarını sifarişçinin evində quraşdırarkən bədbəxt hadisə baş verərsə, məsuliyyəti kim daşıyır?

 Hüquqşünas qeyd edib ki, bu situasiyada firma cavabdehlik daşıyır:

“Amma hər bir halda təhlükəsizlik qaydalarına işçi özü əməl etməlidir. Bu cür hallar çoxalıb. Tutaq ki, evdə su kranı axıdır. İnternetdən axtarış verib, zəng vurub ustanı evə çağırırlar, o da gəlir. Tam əminliklə deyə bilərik ki, həmin şəxslər vergi ödəyicisi kimi qeydiyyata durmayıb, özü-özünü sığoratalamayıb. Bu istiqamətdə hökumətin heç bir səyi yoxdur ki, bu insanları qeyri-formal əmək bazarından formal əmək bazarına gətirsin. İstər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, istərsə də Vergilər Nazirliyi olsun, bu istiqamətdə heç bir iş görmürlər. Hətta ƏƏSMN-yi vergi ödəyicisi olmayan belə adamları özünün dəstək proqramlarına qoşur. İki nazirlik bu istiqamətdə nə əvvəllər, nə də indi yeni nazir dəyişikliyindən sonra bir iş görür. Heç fikir verən yoxdur”.

Sahib Məmmədov ölkədə lisenziyası olan, eləcə də VÖEN-lə xidmət göstərən şirkətlərin olduğunu da diqqətə çatdırıb:

“Amma bu şirkətlərə sifariş verəndə çox baha-başa gəlir. Ona görə əhalinin böyük əksəriyyəti sifariş verərkən ucuz işçi qüvvəsinə üstünlük verir. Bu isə əmək münasibətləri deyil”.

Yeganə Oqtayqızı
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений