Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Fermerlər ildə 15 min qazancdan imtina edir - MÜSAHİBƏ



Bu bitkinin 1 qramı 100 000 qram suyu sarı rəngə boyayır. Bitkilər aləminin "örtülütoxumlular" şöbəsinin "ikiləpəlilər" sinfinin "quzqonmazçiçəklilər" sırasının "süsənkimilər" fəsiləsinə aid olan bitkidir. Gövdə, demək olar ki, inkişaf etmir. Yarpaqlar kökətrafınada yerləşərək rozet əmələ gətirir. Yazın əvvəllərində çiçək açır. Çiçək yağmurlu havalarda və gecələr qapanır. 

Zəfəranın çiçəyinin dişiciyindən ədviyyat kimi istifadə olunur. Soyuq və şaxtalı havalara tab gətirə bilən zəfəranın kökü -18°dən +40°-dək temperaturda inkişaf edir. Əsasən İranda, İspaniyanın cənubunda və Pakistanın Kəşmir əyalətində, həmçinin Azərbaycan, ABŞ, Mərakeş, Hindistanda, Meksikada, Türkiyədə, Fransada, Misirdə, Əfqanıstanda və Çində becərilir. 

Zəfəran bitkisi yüksək miqdarda maye tələb edir ki, bu səbəbdən də o yalnız Kəşmirdə illik 1000–1500 mm yağıntı düşməsi səbəbilə suvarılmadan yetişdirilir. 

Zəfəranın əsas istehsalçısı İrandır. Belə ki, bu ölkənin payına ümumi zəfəran istehsalının 65%-dən çoxu düşür. İran hər il 40-dan çox ölkəyə ümumilikdə 300 tona yaxın zəfəran ixrac edir. Bu ölkələr əsasən İspaniya, BƏƏ, Almaniya, İtaliya, Fansa, Bəhreyn və İsveçrədir. Dünyada zəfəranın 70 cinsinə aid 1800 növü məlumdur. 

Bu gün dünyada Azərbaycan zəfəranı da çox məşhurdur. 

Zəfəran tədqiqatı ilə məşğul olan həmkarımız jurnalist İsmayıl Rafiqoğlu ilə bu barədə söhbətləşdik:

-İlk olaraq bu sahəyə marağınızdan başlayaq.
-Hələ uşaqlıqdan zəfəranla maraqlanmışam, çünki atamın bu bitkini necə əkib-becərdiyini müşahidə etmişəm. Sonralar özümdə zəfəran becərilməsinə qarşı bir həvəs yarandı. Son 20 ildir ki, bu işlə ciddi məşğul oluram. Zəfəranı Bilgəhdəki həyət evimizdə yetişdirirəm. İllərdir əlimdəki qeydlərimi toplayıb məhsuldarlığa təsir edən amilləri araşdırır, mətbuatda bu qiymətli ədviyyatı təbliğ edirəm.

-Ən yaxşı zəfəran harada yetişir?
-Azərbaycanda ən yaxşı zəfəran Bilgəh kəndində yetişdirilir. Buradakı zəfəranın keyfiyyətinə söz ola bilməz, dünyanın istənilən zəfəranı ilə rəqabət aparmaq gücündədir. Adi qaydada Abşeronun 1 hektarından 5 kiloqram quru zəfəran almaq olar. Məhsuldarlığı artırmaq üçün bundan da artıq imkan var. 1 əsr öncə 10-11 kiloqram yetişdirilirdi. Hazırda ekoloji vəziyyət ağırdır deyə, o qədər məhsul yoxdur.  Zəfəranı tarix boyu həm zəhmətinə, həm də bərəkətinə görə həmişə qızıla bərabər tutublar. 

-Qiymətlər necə dəyişilir?
-Dünya bazarında topdansatış qiyməti 2-10, pərakəndə satışı işə 10-40 ABŞ dolları arasında dəyişir. Əlbəttə qiymət istehsalçı ölkə və keyfiyyət standartlarına uyğun dəyişir. İran dünya zəfəran bazarını nəzarətdə saxlayır, ildə təxminən 250-300 ton quru zəfəran istehsal edir. Azərbaycanda İrandan gətirilən ucuz zəfəran çoxdur. Yerli zəfəran isə az istehsal edilir, hətta yerli bazarın ehtiyacını ödəmir. Bununla belə Bilgəh zəfəranı çox qiymətli sayılır. Bazarda qiyməti 7-15 manat arası dəyişir. Öz sahəmdən elə də böyük məhsul almıram, 100-150 qram əldə edirəm. Heç bazara çıxarmıram, keyfiyyətli olduğuna görə elə eyni insanlar ilbəil alıb aparırlar. Həm də qohum-əqrəba, dost-tanışa zəfərandan hər il pay verirəm, bəzən bu bitkini tanımayan tanışlara da hədiyə edirəm. Tanısınlar deyə. 

-Bu istiqamətdəki gəlirləri artırmaq üçün nələrin edilməsinə ehtiyac var?
-Sahəni gəlirli etmək üçün dövlət proqramına ehtiyac var. Şəki, Ağcabədi, Kürdəmir, Ucar kimi rayonlarda da zəfəran yetişdirmək olar, amma tanıdığım bir sıra fermerlər satış problemi olduğuna görə bu işdən imtina ediblər. Əgər zəfəranı qəbul edən böyük dövlət və ya şəxsi müəssisələr yaradılsa, onu dünya bazarında satmaq çətin olmaz. Bir fermer ailəsi 1 hektardan zəfəranın hesabına ildə 15-20 min manat gəlir əldə edə bilər. Eyni zamanda məhsulun mətbuatda və sosial şəbəkədə təbliği bu sahənin inkişafına yardım ola bilər. Zəfəranın ən yüksək səviyyədə dəstəyə ehtiyacı var. 

Nigar
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений