Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Gələcəyə verilən 3 saat: 1 dəqiqəyə 1 suala cavab yazdıran “böyüklər”



Elşən Qafarov: “İmtahanda şagirdlərin bilik və bacarığı üçün göstərilmiş vaxtla kodlaşdırma üçün verilmiş vaxt ayrılmalıdır”

Qəbul imtahanlarında vaxt azlığı məsələsi hər zaman şikayət doğuran məqamlar sırasında olub. Abituriyentin imtahanda uğur əldə etmək düşüncəsi, üstəgəl, imtahanı “ölüm-qalım savaşına” çevirməsi, həmçinin vaxt azlığı ucbatından biliklərini düzgün kodlaşdıra bilməməsi ilə uğursuzluğun təməli qoyulur. Halbuki uğur əldə etmək hər bir şagirdin başlıca məqsədidir. Əks halda intihardan başqa seçimlərinin ola bilməyəcəyini özlərinə təlqin edirlər. Abituriyent qəbul imtahanında 5 fəndən 125 suala 3 saatda cavab tapmalı və düzgün kodlaşdırma etməlidir. Hələ açıq sualları demirik... 

Bu 3 saatlıq vaxt kəsiminə kodlaşdırmadan tutmuş, zərfin açılması, hətta abituriyentin bir qurtum su içməsi belə daxildir. Hesablayanda hər suala 1 dəqiqə 5 saniyə vaxt düşür. Etiraf etmək lazımdır ki, akademik səviyyədə tərtib olunmuş suallara cavab tapmaq üçün verilmiş vaxt ədalətli deyil. Danılmaz faktdır ki, bu gün qəbul imtahanlarında 200 bal toplayan da, 500 bal toplayan da bu nəticəni orta məktəbdə aldığı təhsil sayəsində əldə etmir. Onların hər biri repetitor yanında məxsusi biliklərə yiyələnir. Xarici ölkələrin təcrübəsində strategiyalar, konsepsiyalar fərqlidir. Məsələn, Rusiyada, Çində, eləcə də digər ölkələrdə abituriyent bir gündə 5 fəndən imtahanı verib universitetə qəbul olmur. Şagird bir gündə yalnız bir fəndən imtahan verir. Abituriyent bədbin düşüncələrə, ruh düşgünlüyünə qapılır. İllərin zəhmətini 3 saata sığışdırmaq və ümid gözləmək acınacaqlıdır... 

“Karyera” Tədris və Araşdırmalar Mərkəzinin direktoru, təhsil eksperti Elşən Qafarov “Cümhuriyət” qəzetinə bildirib ki, Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi qəbul imtahanları real vəziyyətə uyğun deyil:

“DİM keçirdiyi imtahanlarla özünü cəmiyyətə daha çox xidmət etmiş kimi göstərir. Amma yerdə qalana hər hansı bir neqativ və yaxud problemləri birmənalı şəkildə görməzdən gəlir. DİM imtahanları keçirilmə mexanizmi ilə bağlı dəyişiklik etmək zəruriyyətini qəbul etməlidir. Artıq 5 ildən çoxdur ki, postsovet məkanında, xüsusən də təhsilimizin daha yaxın olduğu Rusiyada vahid qəbul imtahanı keçirilir. Azərbaycan vahid qəbul imtahanının keçilməsinə 2016-cı ildən mərhələli şəkildə başlayıb. Amma birmənalı şəkildə vahid dövlət imtahanına gedilməlidir”.

“Dövlət İmtahan Mərkəzinin test hazirlamaq səlahiyyəti əlindən alınmalıdır”

Ekspertin sözlərinə görə, həm testləri yaradan, həm də bu imtahanı keçirdən mərkəz olmaqla DİM müxtəlif təsiretmə mexanizmləri ilə istədiyi vəziyyətə spekulyasiya edir: “Başqa sözlə, vəziyyəti istədiyi halda öz xeyrinə dəyişə bilir. Yəni, istədiyi ildə təhsildə müəyyən irəlilləyiş olur, istəmədiyi ildə təhsildə irəlilləyiş sıfır səviyyədə olur. Buna görə də təklif edirəm ki, Dövlət İmtahan Mərkəzinin test hazırlamaq səlahiyyəti əlindən alınmalıdır. Əvəzində müstəqil və yaxud da müxtəlif icra orqanlarının nəzarəti altında testologiya mərkəzi yaradılmalıdır. Bu testologiya mərkəzində təhsil alanların real gücünə uyğun testlər hazırlanmalıdır. Bunun üçün də mərkəzin iş mexanizmi elə olmalıdır ki, vaxtaşırı monitorinqlər keçirərək mövcud vəziyyəti öyrənmək imkanları olsun. DİM yalnız imtahanı texniki olaraq həyata keçirən bir qurum kimi qalmalıdır”.

Elşən Qafarov hesab edir ki, ölkədə təhsil alan və imtahan verən abituriyentlərə tələblərin artırılması, açıq tipli sualların qoyulması, eləcə də getdikcə sualların çətinləşməsi normal haldır: “Artıq təhsil inkişaf edir, imtahanları bu şəkildə həyata keçirməklə DİM özü də təsdiq edir. Amma imtahan üçün verilən vaxt şagirdin öz bilik və bacarıqlarını göstərmək üçün ayrılıb. İmtahanda kodlaşdırma 20-25 dəqiqəyə yaxın vaxt aparır. Buna görə də hesab edirəm ki, imtahan şagirdlərin bilik və bacarığı üçün göstərilmiş vaxtla, kodlaşdırıma üçün verilmiş vaxt ayrılmalıdır. Kodlaşdırıma üçün əlavə vaxt olmalıdır. Qənaətimcə, əgər vahid dövlət imtahanına gedilərsə, hazırda yaşanan problemlərin böyük bir hissəsi həll edilmiş olacaq. Çıxış yolu vahid qəbul imtahanını mümkün qədər tez tətbiq olunmasıdır”.

Yeganə Oqtayqızı

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений