Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Gəncə təxribatı: Kölgədəki əl və kəşfiyyat sınağı: “Daxildəki 5-ci kolon dəstək verib” - MÜSAHİBƏ



İyulun 2-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə sui-qəsd cəhdi dini ekstremist qüvvələrin fəallaşmasına gətirib çıxarıb. Baş vermiş cinayət faktının adi kriminal bir hadisə deyil, planlı şəkildə hazırlanmış siyasi xarakterli terror aktı olduğu şübhə doğurmur.

İyulun 10-da Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polkovnik İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polkovnik-leytenant Səməd Abbasov bıçaqlanaraq qətlə yetirilib. Hadisələrin təfərrüatı ilə bağlı ilkin məlumatlar baş vermiş qanlı olaylarda xarici xüsusi xidmət orqanlarının əli olduğunu deməyə əsas verir. Mövcud vəziyyətə aydınlıq gətirmək üçün suallarımızı NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov cavablandırdı: 

- Gəncədə baş verən son hadisələrin kökündə məmur-vətəndaş münasibətlərindəki narazılıq dayanır, yoxsa başqa ölkələrin maraqları? Yəni xarici xüsusi xidmət orqanlarının bu olaylarda əlinin olması barədə deyilənlər nə dərəcədə realdır?
- Hazırda, yəni Donald Trampın prezidentliyi dövründə ABŞ-ın yeni xarici siyasət kursunda Cənubi Qafqaza və Amerikanın enerji maraqlarına təhlükə olan dövlətlərin passivləşdirilməsi prosesi gedir. Burada Rusiya və İran nəzərdə tutulur. ABŞ-ın bununla bağlı strateji xətti var. Konqres, Dövlət Departamenti, “Pentaqon”, Mərkəzi Kəşfiyyat İdarəsi bu planın həyata keçirilməsində iştirak edir. Bu prosesdə ABŞ-ın digər dəstəkçisi Böyük Britaniyadır. Britaniya BP və digər enerji nəhəngləri ilə birlikdə bu siyasətə dəstək verir. Həmin siyahıya İsraili də əlavə edə bilərik. Ermənistanda gedən proseslər, ABŞ üçün Cənubi Qafqazın təhlükəsizliyi və Azərbaycanın bu məsələdə mühüm rol oynaması görünür, Rusiya kəşfiyyat orqanlarının bir sıra məlumatları əldə etməsinə gətirib çıxarıb. Məndə olan məlumatlara görə, ABŞ-ın İranda vəziyyətin dəyişdirilməsi, eləcə də səfalət və aclıq içərisində sürünən Türkmənistanda hakimiyyəti dəyişmək istəyinə 9 milyard dollar vəsait ayırıb və bütünlükdə demokratikləşmə prosesinə dəstək üçün nəzərdə tutulub. Bu siyasət İranda və Türkmənistanda köklü dəyişikliklərə gətirib çıxararsa, Rusiya Cənubi Qafqazda və Xəzər bölgəsində güclər balansının tamamilə dəyişməsilə üzləşəcək. Yəni, Rusiya bu regionda mövqelərini itirəcək. Ona görə də Azərbaycanda icra hakimiyyəti başçısının odlu silahla vurulması və kimlər tərəfindən təyin edildiyi məlum olmayan aksiyaya çağırış, Azərbaycan xüsusi xidmət orqanlarının belə həmin mitinqin kim tərəfindən təşkil olunduğunu bilməməsi bu hadisələrdə böyük bir kəşfiyyat şəbəkəsinin əli olduğundan xəbər verir. Onu da deyim ki, burada Gəncə şəhərinin seçilməsi təsadüfi deyil. Gəncə şəhəri Azərbaycan Xalq Cümhuriyyəti dövründən Azərbaycanın tarixi paytaxtı və ikinci böyük şəhəri olub. Nəhayət, mitinqdə iki nəfər yüksək vəzifəli polis polkovnikinin qətlə yetirilməsi də Azərbacana ciddi mesajın verilməsi məqsədi daşıyır. Bölgə dövlətləri, xüsusən, Rusiya Qərbə açıq şəkildə demək istəyir ki, bu bölgədə mənsiz heç bir iş görə bilməzsən. Əgər belə bir iş görsən, mən bu dövlətlərdə daxili çəkişmələr yarada bilərəm. Xüsusilə də enerji daşıyıcılarının bölgədəki əsas hasilatçısı və tədarükçüsü olan Azərbaycanı bu yollarla öz tərəfimizdə saxlaya bilərik. 

Lakin görünür, bu hadisələrdə bir ölkə iştirak etmir. Rusiya ilə yanaşı, İran xüsusi xidmət orqanlarının birgə bu məsələdə iştirakı var. Rusiya vətəndaşının əli ilə icra başçısı güllələnir. Bununla Rusiya Azərbaycana “mən hələ varam” mesajını verir. Azərbaycanın daxilində 70 il ərzində formalaşmış və oturuşmuş “5-ci kolon” var. Digər tərəfdən, mitinqdə polis zabitlərinin öldürülməsi zamanı “Allahu Əkbər!” sədalarının səsləndirilməsi bur prosesdə İran amilinin olduğunu göstərir. Gəncə Azərbaycanda şiəliyin dini-ideoloji mərkəzlərindən biri hesab olunur. Ona görə də Gəncədə baş verən hadisələrə məncə, iki gücün birgə əməliyyatı kimi baxmaq daha doğru olar. Çünki ABŞ-ın İran diplomatlarını terrorçuluqda ittiham edərək əməliyyatlara başlaması, eyni zamanda, İranda və Türkmənistanda sabitliyi qorumaq məqsədilə 9 milyard dollara yaxın pul ayırması, Moskvanı və Tehranı Cənubi Qafqazda birgə əməliyyatlar keçirməyə vadar etdi. Təəssüf ki, dinc mitinqlər zamanı daxili qoşunlar şəhəri dörd bir tərəfdən mühasirəyə aldığı halda, polis zabitlərinin qətlə yetirildiyi ərazidə bu prosesə əməl edilmir. Deməli, daxildə olan “5-ci kolon” bu əməliyyatda istədiyi formatda iştirak edə bilir. Digər tərəfdən, Gəncədə keçirilməsi nəzərdə tutulan aksiyadan bir həftə öncə strateji bir şəhərin icra başçısı güllələnmişdi. Bundan sonra təyin olunan mitinqə soyuqqanlı yanaşılması anlaşılan deyil. Görünür, Rusiya və İran kəşfiyyatı aksiyaya çox ciddi hazırlıq görüb. Daxildəki “5-ci kolon” buna çox açıq dəstək verib. Hətta Gəncədə xaotik şərait yaradılan zaman sosial şəbəkələrdə olan bəzi ünsürlər Lənkəranda və Astarada minlərlə insanların küçələrə çıxması üçün təxribatçı çağırışlar edib. Məncə, Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti, Daxili İşlər Nazirliyi, Azərbaycan Dövlət Əks-Kəşfiyyat Xidməti, Müdafiə Nazirliyinin Hərbi Əks-Kəşfiyyat Xidməti ölkədə sabitliyi qorumaq məqsədilə birlikdə böhran mərkəzi yaratmalıdır. Bu mərkəzdə böyük ordu birləşməsi təşkil olunmalıdır. Əks-təqdirdə, bölgədə baş verəcək xaotik siyasi proseslər Azərbaycandan yan keçməyəcək. Çünki İranda baş verə biləcək hadisələr miqrantların Azərbaycana axını deməkdir. Həmin miqrantlar da Azərbaycandan keçici olmayacaq, qalıcı olacaq. Belə olan təqdirdə, Azərbaycan İranla Rusiyanın birgə təxribatı ilə üzləşə bilər. Ona görə də Azərbaycan bu prosesə hazır olmalıdır. 2018-2023-cü illərdə bölgədə yaşanacaq beş illik xaotik proses də dövlətin milli təhlükəsizliyini qorumağı diqtə edir. 

-Bu təxribatın Rusiyanın, yoxsa İranın və ya üçüncü bir qüvvənin əli ilə həyata keçirildiyinə dair suallara hələ konkret cavab tapılmayıb. Siz isə bu planın Azərbaycanın şimal və cənub qonşuları tərəfindən birgə həyata keçirildiyini deyirsiniz. 1993-cü ilin iyun ayında Gəncədən başlanan hərbi qiyam da Rusiyanın və İranın xüsusi xidmət orqanlarının əli ilə birgə həyata keçirilmişdi. Həmin vaxt düşmən qüvvələr hakimiyyəti devirməyə nail oldular...
- İstər Elmar Vəliyevin yaralanması, istərsə də iki nəfər polis zabitinin qətlə yetirlməsi Rusiyanın və İranın birgə planı idi. Avropa Birliyi və ABŞ Azərbaycanda sabitliyin pozulmasında maraqlı deyil. Çünki Azərbaycana yatırılmış 100 milyardlarla dollar dəyərində enerji layihələri mövcuddur. Bu layihələr getdikcə böyüyür. Avropanın enerji ilə təminatında alternativ mənbə Azərbaycandır. Türkmənistan qazı Azərbaycan üzərindən keçməklə Avropa bazarlarına çıxa bilər. Azərbaycan nəqliyyat dəhlizi rolu oynadığına görə Qərb bu ölkədə xaotik durumun yaranmasında maraqlı deyil. Rusiya Azərbaycanda sabitliyi təkbaşına poza bilməz. Ona görə də Rusiya bu məsələdə İranla birgə hərəkət edir. Rusiyanın Azərbaycanda xaotik durum yarada biləcək ideoloji silahı yoxdur. Azərbaycanda Rusiyaya qarşı bir imperialist dövlət kimi nifrət var. Rusiyanın törədə biləcəyi təxribatlar gündəlik hadisələrdir. Bunlar ölümlə nəticələnən hadisələrdir. İran isə təxribat törətmək üçün din-İslam amilindən istifadə etməklə Azərbaycanda qarışıqlıq yaratmaq istəyir. İran və Rusiya burada ayrı-ayrılıqda deyil, birlikdə iştirak edir. Azərbaycanın bütün təhlükəsizlik və hüquq-mühafizə orqanları gözlənilən proseslərə hazır olmalıdır. Rusiya və İranın təcavüzkar fəaliyyəti çox əhatəli olur. Azərbaycan daxildəki sabitliyi qorumaq üçün bütün resursları işə salmalıdır. 

- Dini qüvvələrin Azərbaycanda vəziyyəti hansısa istiqamətə dəyişmək imkanı varmı? 
-Hazırda Azərbaycanda hökuməti dəyişə biləcək heç bir qüvvə yoxdur. Amma son səkkiz ildə aparılan siyasət dünyəvi baxışa malik, liberalların, demokratların zəifləməsinə, bəzən isə Azərbaycanı tərk edərək Avropaya, ABŞ-a mühacirət etməsinə səbəb olub. Nəticədə, meydan radikalların və dindarların əlinə keçib. Əvvəllər bu balans qorunurdu. İndi isə qorunmur. Bir tərəfdə cəmiyyətə təsir etmək imkanı olmayan, nüfuzsuz məmur korpusu, digər tərəfdə isə radikallar mövqe tutub. Radikalların məqsədi hakimiyyətə gəlmək deyil, ölkədə sabitliyi pozmaq, insanları qorxu altında yaşamağa məcbur etməkdir. Rusiya bu yolla rəsmi Bakını xarici siyasətdə güzəştlərə məcbur etmək istəyir. Ona görə də İranın dini-ideoloji silahından istifadə edir. Lakin “5-ci kolon” və onun formalaşdırdığı kəşfiyyat mövcuddur. Bu kəşfiyyatın ideoloji silahı isə İslam dinidir. 

- Azərbaycan bu təhlükənin qarşısını almaq üçün hansı addımlar atmalıdır? 
- Azərbaycan təxribatçı halların qarşısını almaq üçün ölkə rəhbərliyi səviyyəsində icra hakimiyyəti başçılarına əhaliyə qarşı sərt deyil, yumşaq siyasət yürüdülməsi tapşırılmalıdır. İkincisi, məmurlar xarici qüvvələrə Azərbaycanın daxilində provokativ fəaliyyət imkanı yaratmağa imkan verməməlidirlər. Yerli hakimiyyət orqanlarının rəhbərləri xalqla birlikdə təxribatçı şəxsləri ifşa və ittiham etməlidir. 

O zaman radikal dini qrupların ifşa olunmasına və Azərbaycanı tərk etməsinə nail olmaq mümkün olar. Axtarışda olan təxribatçılar dərhal həbs edilməli, onların məhkəmə prosesi açıq keçirilməli və niyyətləri, planları kütləvi informasiya vasitələri ilə xalqa açıqlanmalıdır. Onlara ən ağır cəza verilməlidir. Bu da Azərbaycanda qarışıqlıq yaratmaq istəyən qüvvələrə bir dərs olmalıdır. 

Müşfiq Abdulla
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений