Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Gəncədə icra başçısına silahlı hücum kriminal hadisədir



Əkrəm Həsənov: “Bütün kirminal hadisələr, cinayətlər pislənməlidir”

Sərdar Cəlaloğlu: “Bu cür hadisələr yolverilməzdir”

İyulun 3-də  Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisinin güllələnməsinə ictimaiyyətin reaksiyası müxtəlifdir. Baş verən hadisənin yolverilməz olduğunu deyənlərlə yanaşı, fərqli mövqe nümayiş etdirənlər də var. Qeyd edək ki, son məlumatlara görə, Elmar Vəliyev və mühafizəçisi yaralıdır. Rəsmi qurumların yaydığı məlumata görə, icra başçısını güllələyən şəxs 1983-cü il təvəllüdlü Yunis Səfərovdur. Sosial şəbəkələrdə Y. Səfərovun pasportunun surəti paylaşılıb. Məlum olur ki, o, Rusiya Federasiyasının vətəndaşıdır və Moskva şəhərində yaşayırmış. Azərbaycana gəlişinin səbəbi də icra başçısına qarşı həyata keçirmək istədiyi plan olub.

Elmar Vəliyev haqqında bu günə qədər müxtəlif fikrilər səslənib, bir çoxları isə şikayət xarakterli olub. İddialara görə, E. Vəliyevin adı rəhbərlik etdiyi şəhərdə insanların  incidilməsi, sahibkarların fəaliyyətinə müxtəlif məhdudiyyətlərin tətbiqi kimi xoşagəlməz hadisələrdə çəkilib. Hətta sakinlərin dediyinə görə, Gəncənin icra başçısı insanlarla normal ünsiyyət qura bilmir, çox zaman təhqirə yol verib. Ancaq bütün deyilənlərə baxmayaraq, baş verən hadisə yolverilməzdir və kriminal olaydır. Problemlərin, mübahisələrin bu yolla-silahla və dövlət məmuruna sui-qəsd formasında həll edilməsi ölkənin ümumi təhlükəsizliyinə təhdiddir. 

“Qiyam, inqilab və dövlətə qarşı  zor hələ heç bir xalqı xoşbəxt etməyib”

Hüquqşünas Əkrəm Həsənov Cebhe.info-ya bildirib ki, bu cür hadisələr ölkədə xaosa yol aça bilər: 

“Hər hansı zülmə qarşı mübarizə yalnız qanun çərçivəsində aparılmalıdır. Nə qədər çətin olsa da! Əks halda, ölkədə xaos yarana bilər. Bəli, qanunlarımız çox zaman işləmir,  məhkəmələrimiz ədalətsiz qərarlar çıxarır,  məmur özbaşınalığı, korrupsiya və s. problemə çevrilib. Lakin gəlin unutmayaq ki, bütün sivil xalqlar nə vaxtsa bu bəlaları görüb. Qiyam, inqilab və dövlətə qarşı digər zor hələ heç bir xalqı xoşbəxt etməyib. Ən zalım iqtidar belə anarxiyadan daha yaxşıdır, çünki sonuncunun zülmü, fəsadları qarşısında heç nədir. Məsələn, Fransada inqilab çox olub və bu ölkə hələ də özünə gələ bilmir: Qərbi Avropanın ən korrupsioner ölkələrindən biridir! Bəs bu gün insan haqlarının qorunduğu, korrupsiyanın aşağı olduğu ölkələr hansıdır? İngilisdilli  ölkələr (İngiltərə, ABŞ, Kanada, Avstraliya və s.), Almaniya, Skandinaviya xalqları, Hollandiya. Orada inqilab olubsa belə, az olub və ya əsasən qansız başa çatıb. Orada hər bir fərd haqqını, bir qayda olaraq, elm və savadla, əsasən isə inadla qanun çərçivəsində tələb edib. Nəticədə hüquqi dövlət qurublar! Buna görə savadlanmaq, qanunu bilmək, haqqı tələb etmək lazımdır. Ən əsası isə dövlətin mahiyyətini başa düşmək, onu ideallaşdırmaq lazımdır. Dövlət sadəcə insanların firavan yaşaması üçün bir alətdir”.

Ölkədə bütün problemlər kriminal vasitələrlə həll olunarsa, sabah daha nələrin baş verəcəyini proqnozlaşdırmaq belə mümkün deyil. Bu cür hadisənin tendensiya halına çevrilməsinin isə nələrə səbəb ola biləcəyini təsəvvür etmək çətin olmur. Bu baxımdan, Gəncənin icra başçısının güllələnməsini sevinərək qarşılayanlar, onu güllələyənə dəstək verənlər, yəqin ki, məsələnin nə dərəcə ciddi olduğunun, nəyə dəstək verdiklərinin fərqində deyillər. Bütün kirminal hadisələr, cinayətlər pislənməli və bütün vasitələrdən istifadə olunaraq qarşısı alınmalıdır. Çünki bu cür hadisələr tendensiya halını alarsa, sabah sadə insanlar da aralarında baş verən xırda problemləri məhz bu yolla həll etməyə çalışacaq. Ancaq təəssüf ki, Gəncə şəhər İcra Hakimiyyətinin başçısına qarşı törədilmiş sui-qəsdə görə sevinənlər, hətta sosial şəbəkələrdə əhalini qızışdırmağa çalışanlar, bu cür hadisələrin digər məmurlara qarşı da olmasını arzulayanlar  var. Nəzərə almaq lazımdır ki, bütün hallarda qanundan kənar atılan hər bir addım cinayətdir və cinayəti dəstəkləməyin özü də qanunvericiliklə cinayət məsuliyyətidir.

“Heç kim demokratik qanunlardan kənar addım atmamalıdır”

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu da  açıqlamasında bu cür hadisələrin yolverilməz olduğunu deyib:

“Əvvəla onu deyim ki, Azərbaycanda kifayət qədər məmur özbaşınalığı var. Onlara qarşı vətəndaşların aqressiv davranışı gözləniləndir. Ancaq bu fakt konkret olaraq araşdırılmalıdır. Çünki burada təxribat da, siyasi sifariş də ola bilər. Hələ ki, istintaq gedir, ona görə də konkret fikir söyləmək olmur. Amma dövlət məmuruna qarşı sui-qəsdlər o zaman olur ki, onlar vətəndaşlara qarşı özbaşınalıq edirlər. Elmar Vəliyev haqqında da mətbuatda dəfələrlə tənqidi yazılıb. Ondan minlərlə şikayət edilib. Onlarında içində biri çıxıb belə bir addım atıb. Təbii ki, bu cür hadisələrin baş verməsi yolverilməzdir. Haqların tələb olunmasının yeganə yolu məhkəmədir. Heç kim demokratik qanunlardan kənar addım atmamalıdır”.

Vilayət Muxtar
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений