Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Gömrükdə islahat daha çox pul qazandırır



Gömrük Komitəsində aparılan islahatlar artıq öz müsbət nəticəsini verməyə başlayıb. Belə ki, aparılan işlərin məntiqi nəticəsi kimi, Gömrük Komitəsindən büdcə daxilolmalarının həcmi artıb. Bu, “2018-ci il dövlət büdcəsinə dəyişikliklər edilməsi haqqında" qanun layihəsində öz əksini tapıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xətti ilə təmin edilən daxilolmaların dəqiqləşdirilmiş proqnozu 3 milyard 155 milyon manat təşkil edəcək ki, bu da təsdiq edilmiş proqnozla müqayisədə 725 milyon manat və ya 29,8 faiz, 2017-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə isə 546,2 milyon manat və ya 20,9 faiz çoxdur. Qısa zaman ərzində gömrükdən büdcəyə daxil olan vəsaitlərin 29.8 faiz artması kifayət qədər böyük göstəricidir.

Ekspertlər hesab edir ki, görülən işlər davamlı olacaqsa, büdcə daxilolmalarının həcmi getdikcə artacaq. Gömrükdə əsas problemlərdən biri kimi monopoliya göstərilib. Monopoliyanın yaratdığı əngəllər  isə ən çox dövlət büdcəsinə ziyan vurur. Ölkəyə gətirilən malların qeydiyyatdankənar, “köhnə qayda”larla keçirilməsi büdcəyə daxilolmaların azalmasını şərtləndirirdi. Keçmiş gömrük rəhbərliyinin bu sahədə kifayət qədər “ixtisaslaşmış” olması zöünü rəqəmlərdə göstərirdi. Görünən odur ki, sabiq sədr Aydın Əliyevin Səfər Mehtiyevlə əvəzlənməsi artıq öz effektini verir. Ekspertlər hesab edir ki, ölkəyə sərbəst mal daxilolmalarının həcminin artması da büdcə daxilolmalarının həcmini artıra bilər. Bunun üçün isə ilk növbədə bu sistemi tətbiq etmək lazımdır. Ümumi olaraq Dövlət Gömrük Komitəsinin xətti ilə gəlir növləri üzrə artım 4 istiqamətdə proqnozlaşdırılır: Bunlardan birincisi- əlavə dəyər vergisi üzrə 2 milyard 213 milyon manat daxilolma nəzərdə tutulub ki, bu da 2018-ci ilin təsdiq edilmiş proqnozuna nisbətən 508 milyon manat və ya 29,8 faiz çoxdur. Gömrük rüsumları üzrə isə 740 milyon manat daxilolma nəzərdə tutulur ki, bu da 2018-ci ilin təsdiq edilmiş proqnozuna nisbətən 205 milyon manat və ya 38,3 faiz artıqdır.

Yol vergisi üzrə isə 66.7 faiz artım proqnozlaşdırılır. Belə ki, yol vergisindən 30 milyon manat daxilolma nəzərdə tutulur ki, bu da 2018-ci ilin təsdiq edilmiş proqnozuna nisbətən 12 milyon manat çoxdur. Büdcə təşkilatlarının büdcədənkənar gəlirləri üzrə 2018-ci ilin təsdiq edilmiş proqnoza qarşı 35 milyon manat artım nəzərdə tutulur ki, bunun da  25 milyon manatı Dövlət Gömrük Komitəsinin payına düşür. Göründüyü kimi, gömrükdən daxilolmaların həcmi böyük ölçüdə artıb.

Maraqlıdır, qısa müddətdə artım necə baş verdi?

Maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, gömrükdə aparılan işlər büdcəyə əlavə vəsaitin daxil olmasına şərait yaradır: “Prinsipcə vəziyyət dəyişir. Gömrük sistemi şəffaflaşır, monopoliya aradan qalxır. Təbii ki, Azərbaycana çox mal daxil olmur. Bunu hər birimiz başa düşürük. Sadəcə olaraq, əvvəllər ölkəyə daxil olan malların böyük hissəsi qeyri-rəsmi idi və büdcəyə pul çatmırdı. İndi isə daxil olan malların hamısı rəsmi qaydadadır. Gömrük Komitəsinin yeni rəhbərliyi də hazırda bu istiqamətdə işlər görür. Məhz bunun sayəsində gömrükdən dövlət büdcəsinə daxil olan vəsaitin artması gözlənilir. Hər bir halda bu alqışlanmalı addımdır”.

Vilayət Muxtar








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений