hava haqqinda Bakı
Bu gün +9 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0259
  • EURO - 1.9270
  • NEFT - $ 66.97
  • clouds-weather

Gözdən əlillərin ali təhsil PROBLEMİ

Gözdən əlillərin ali təhsil PROBLEMİ

Cəmiyyətdə fiziki qüsurlu şəxslər bir sıra sahələrdə problemlərlə üzləşirlər.

Bu problemlərdən biri də onların təhsili ilə bağlı yaranır.Ölkəmizdə inkuliziv təhsil sistemi tam olaraq formalaşmadığından qüsurlu uşaqlara yüksək səviyyələrdə təhsil verilmir.Fiziki məhdudiyyətləri fərqli xarakterdə olan uşaqlar birlikdə, ümumi formada təhsil alırlar ki, bu da, onların dərsləri qavramasına problem yaradır.

Gözdən əlil olan uşaqların başlıca problemləri isə qəbul imtahanlarında üzə çıxır.Fiziki qüsurlarının olmasına baxmayaraq, onlar digərləri ilə birlikdə və eyni formada imtahan verirlər. Bu da, hansı bilik səviyyəsində olmasına baxmayaraq, onların ali məktəblərə qəbulunda əngəl törədir.

Ali məktəblərə qəbul isə görmə qabiliyyəti qüsurlu olan şəxslərin cəmiyyətə adaptasiyası, biliklərə, ixtisasa yiyələnməsi və gələcəkdə işlə təminatı deməkdir.

Təhsil eksperti Kamran Əsədov “Cümhuriyət” qəzetinə açıqlamasında görmə qabiliyyəti  qüsurlu olan şəxslərin təhsil problemlərindən danışıb. Onun sözlərinə görə, illər əvvəl mövcud olan dərslik problemi indi həllini tapıb:  

“Gözdən əlil uşaqlar bir neçə kateqoriyaya bölünür. Tam görmə qüsurlu və qismən görmə qabiliyyətini itirənlər.Tamamilə görməyən uşaqlar üçün dərsliklər Heydər Əliyev Fondu tərəfindən dərslik formasında səsləndirilib, disklərə yazılıb.Həmin uşaqlar xüsusi proqram formasında həmin dərsləri alırlar.Nisbətən görən və zəif görənlər şrifti böyüdülmüş kitablardan istifadə edirlər. Mən 2008-2013-cü illərdə təmannasız olaraq onların ali məktəbə hazırlığını həyata keçirmişəm. Həmin illərdə onların arasında rekord sayda uşaqlar yüksək 400-500 balla ali məktəblərə qəbul olunublar. Həmin universitetlərin arasında Bakı Dövlət Universiteti, Dillər, Slavyan Universitetlərinin adı var”.

Ədəbiyyatla təminat məsələsinə gəlincə, Kamran Əsədov bildirib ki, 2013-cü ildən sonra Bakı Dövlət Universitetindən könüllü tələbələri mətnlərin oxunmasına cəlb edib: 

“Həmin tələbələr kitabları oxuyub, onlar disklərə yazılıb. Görmə qüsuru olan şəxslər həmin ədəbiyyatın səsləndirilmiş formasını dinləyə bilirdilər.Doğrudur, indi “youtube”, internet portallarında səsləndirmə mövcuddur, amma onların tam şəkildə tədris prosesinə uyğunluğu yoxdur.Hesab edirəm ki, bu məsələdə Türkiyə təcrübəsindən istifadə edə bilərik. Türkiyədə tamamilə fərqli yanaşma var. Onların məktəbə rahat  getməsi, oxuması üçün şərait yaradılıb. Düşünürəm ki, biz də bu təcrübədən istifadə etməliyik.

Kamran Əsədov deyir ki, gözdən əlil uşaqlar Heydər Əliyev Fondu tərəfindən yüksək səviyyəli dərsliklərlə yanaşı, tədris avadanlıqları ilə təmin olunublar. Amma əsas problem onların ali məktəblərə qəbulu ilə bağlı yaranır: 

“Fiziki qüsurlu şəxslərin oxuya biləcəyi brayıl əlifbası ilə sual kitabçası təqdim edilmir. Dərsliklərin müəyyən hissəsi brayl əlifbası ilə olsa, audio-video materiallarla hazırlaşsalar belə, imtahanları bu üsulla vermirlər.Dövlət İmtahan Mərkəzi tərəfindən oxuyucu şəxslər təyin olunur, həmin şəxslər imtahan suallarını onlar üçün oxuyurlar.Bir çox hallarda sualı anlatmaq çətin olur.Sxem və xəritələrlə, riyaziyyatda bəzi sualları izah edə bilmirlər.Buna görə də onlar qəbul imtahanlarında aşağı nəticə göstərirlər.Bu şəxslərin fiziki çatışmazlıqları olmasına baxmayaraq, digərləri ilə bərabər eyni imtahanı verirlər”.

Təhsil eksperti hesab edir ki, gözdən əlil şəxslərin cəmiyyətə adaptasiyası üçün mütləq qəbul imtahanlarında onlara güzəştlər edilməlidir: 

“Sovet dönəmində müəyyən kvota var idi və onlar imtahandankənar qəbul olunurdu. Hesab edirəm ki, “Təhsil haqqında” Qanunda dəyişiklik olunmalı və qəbul imtahanlarında onlara güzəştlər tətbiq edilməlidir ki, onlar cəmiyyətə qaynayıb qarışsınlar, əmək bazarında yer tuta bilsinlər. Görmə qüsurlu şəxslərin təhsilində yeganə problem ali məktəblərə qəbuldur. Onlar üçün oxuyucu şəxsin təyin olunması problemlərini həll etmir”.

Kamran Əsədov hesab edir ki, sual kitabçaları brayl əlifbası ilə olmalıdır.

Xatirə Nəsirova
Cebhe.info


Oxunma sayı: 161