Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Gülən: Gələcək ssenarilərin “qəhrəmanı”



ABŞ-ın xüsusi prokuroru Robert Müller keçmiş milli təhlükəsizlik müşaviri Maykl Flinnin 15 milyon dollar müqabilində Türkiyənin ekstradisiyanı tələb etdiyi Fətullahçı Terror Təşkilatının - FETÖ-nün lideri Fətullah Gülənin Türkiyəyə verilməsi üçün iddia edilən planını araşdırır. “Cümhuriyət” qəzeti “The Wall Street” jurnalına istinadən xəbər verir ki, oktyabr ayının 10-da Flinn və oğlu Türkiyə nümayəndələri ilə Gülənin Ankaraya təslim edilməsini müzakirə ediblər.Jurnalın iddiasına görə Maykl Flinn bu planı 2016-cı ilin dekabr ayında Nyu-Yorkda müzakirə edib.

Həmin vaxt o prezident seçilmiş Donald Trampın keçid komandasının üzvü idi.Mənbə qeyd edir ki, Fətullah Gülənə dair planın araşdırılması, Trampın nümayəndələri ilə Rusiyanın hökumət agentləri arasında seçki kampaniyası zamanı iddia edilən qanunsuz əlaqələrə dair daha geniş təhqiqatın tərkib hissədir.

Xatırladaq ki, Türkiyədə baş tutmamış çevriliş cəhdindən dərhal sonra rəsmi Ankara Barak Obama administrasiyasından Fətullah Gülənin ekstradisiyasını tələb etmişdi. Flinn isə noyabrın 8-də “The Hill” qəzetində dərc olunmuş məqaləsində Güləni “müəmmalı İslam mollası” və “radikal islamçı” adlandırıb.

Amerikanın Gülənlə bağlı planları

Qeyd edək ki, bundan əvvəl dəfələrlə ABŞ-da bir sıra rəsmi səviyyələrdə Fətullah Gülənin Türkiyəyə ekstradisiya ediləcəyi ilə əlaqədar fikirlər səsləndirilir.Hətta, ABŞ prezidenti Donald Tramp da seçkiqabağı kampaniyada Gülənin Türkiyəyə veriləcəyini deyərək, keçmiş həmkarını buna görə Amerika - Türkiyə münasibətlərini gərginləşdirməkdə ittiham etmişdi.Dövlət katibi Reks Tillerson da Türkiyəyə ilk rəsmi səfərindən əvvəl Gülənin qaytarılacağını istisna etməmişdi.Lakin heç bir halda amerikalı diplomatların yaratdığı gözləntilər özünü doğrultmadı və fətullahçı terror təşkilatı - FETÖ lideri Fətullah Gülən Ankaraya təhvil verilmədi.Əksinə, bir sıra hökumət dairələri ABŞ-da fəaliyyət göstərən nüfuzlu media qurumları vasitəsilə Gülənə Türkiyənin ittihamları qarşısında özünü müdafiə etmək şəraiti yaratdı.

FETÖ liderinin Türkiyəyə qaytarılmamasının gizlinləri

Amerikanın açıq formada Güləni dəstəkləməsi təsadüfi hesab olunmur və burada Ağ Evin Türkiyə ilə bağlı maraqlarının əks olunduğuna şübhə yoxdur. Analitiklərin qənaətinə görə, ABŞ Fətullah Güləni Ankaraya təhvil verməməklə ilk növbədə Rəcəb Tayyib Ərdoğana qarşı olan əsas təzyiq rıçağını əlində saxlayırsa, bu digər yandan, Amerikanın Türkiyə ilə bağlı yeni siyasi planlarının tərkib hissəsi ola bilər. Nəzərə alsaq ki, hələ də Gülənin rəhbərlik etdiyi FETÖ-nün Türkiyənin siyasi, hərbi, mədəniyyət, təhsil və digər bölmələrində minlərlə aşkar edilməmiş üzvləri var, bu baxımdan o, Amerika tərəfindən bu ölkəyə qarşı təzyiq vasitəsi kimi istifadə etməyə yararlıdır. 

Üstəgəl, son zamanlarda FETÖ daha çox Türkiyə Yaxın Şərqdə hökm sürən gərgin proseslərdə Amerikanın maraqlarına cavab verməyən müstəqil qərarlar qəbul edəndə Ərdoğan administrasiyasına qarşı “kart” kimi masaya atılır. Müəyyən məqamlarda Türkiyədə daxili vəziyyəti gərginlikdə saxlamağı bacaran FETÖ, eyni zamanda, ABŞ və digər Qərb dövlətləri üçün bu ölkə daxilində fəaliyyət göstərən silahlı qruplaşmaları istiqamətləndirmək üçün “koordinator” rolunu oynayır.

“Amerika Gülənə görə Türkiyəni itirə bilər”

Türkiyə üzrə ekspert Oqtay Hacımusalı “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Türkiyə - ABŞ münasibətləri Barak Obama dönəmindən də gərgindir. Ekspert bu gərginliyin PKK-nın Suriya qolu PYD-yə verilən dəstəkdə, Rza Zərrab və Mayk Flinn hadisələrində və Ərdoğanın mühafizəçilərinə qarşı başlayan istintaqdan da göründüyünü deyib:

“FETÖ məsələsi gərginliyi daha da qızışdırdı. Lakin FETÖ hadisəsi ilə bağlı Amerikadan Türkiyənin lehinə olan mesajlar verilir. Məsələn, ABŞ-ın nüfuzlu strateqlərindən biri, professor Abraham Vaqner öz analitik yazısında bildirdi ki, Amerika hökumətinin FETÖ ilə bağlı siyasətini dəyişməyinin vaxtı çatıb. Kolumbiya Universitetinin Hüquq fakültəsinin nəzdində yerləşən “Terror” Araşdırmalar Mərkəzinin ən ağır vuran “toplarından” biri olan Vaqner “Vaşinqton Post” qəzetində dərc olunan məqaləsində Amerikanın ilk növbədə bu suala cavab tapmalı olduğunu qeyd edir: FETÖ-nün başında dayanan insan əslində kimdir: radikal islamçı, yoxsa, adi müsəlman? Professor təkcə FETÖ-nün məkrli portretini çəkməklə kifayətlənmir, həm də ona qarşı tolerantlıq nümayiş etdirən ABŞ rəsmilərini də günahlandırır. Çünki heç kəsə sirr deyil ki, FETÖ-nün korrupsiya və radikallığa bulaşmış çirkli keçmişi var. Buna görə də Vaqner Fətullah Gülənin geri qaytarılmasının vacib olduğunu, Amerikanın buna görə bölgədə ən etibarlı müttəfiqi olan Türkiyəni itirə biləcəyini yazır”. 

Oqtay Hacımusalının sözlərinə görə, ABŞ hökuməti yaxşı başa düşür ki, Vaşinqton regionda hökm sürən bu həssas dönəmdə öz maraqlarını qorumağı qarşısına məqsəd qoyubsa, Türkiyənin istəklərini gözardı etməməlidir:

“Bu baxımdan düşünürəm ki, ABŞ Türkiyənin göndərdiyi dosyelər və Federal Təhqiqatlar Bürosunun da əldə etdiyi bir sıra məlumatlar əsasında qəbul edəcək ki, Fətullah Gülən Amerika üçün də təhlükəlidir. Nəzərə alsaq ki, ABŞ-dakı FETÖ məktəblərində də kifayət qədər maliyyə fırıldaqları və qanunsuzluqlar aşkar olunub, bu baxımdan, Güləndən “Sultan Cem” obrazı yaratmaqdan əl çəkəcəklər, tezliklə onu Türkiyəyə qaytaracaqlar.ABŞ bununla özünün regiondakı ən önəmli tərəfdaşını itirməmiş olacaq”.

Mənsur Rəğbətoğlu

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений