Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Hansı dövlət qurumu işçilərinə ev verir? - Pulsuz, sərfəli və ya...



SSRİ dövründə hər hansı bir idarə və qurunda çalışan işçilərin ev alması adi hal idi. Hər bir işçi ev növbəsinə alınırdı və bilirdi ki, nə vaxtsa ev alacaq. Buna görə də, həmin zamanlarda kütləvi formada “ev problemi” mövcud deyildi. İndi belə bir ənənə olmasa da, bəzi qurumlar öz əməkdaşlarını evlə təmin edirlər.

Öncə prezident İlham Əliyevin təşəbbüsü ilə KİVDF tərəfindən jurnalistlərə mənzillərin verildiyini qeyd etsək yerinə düşər. Jurnalistlər üçün tikilən iki binanın evsiz və mənzil şəraitləri zəif olan mətbuat nümayəndələrinin mənzil probleminin həllinə böyük köməyi oldu. Qeyd edək ki, mənzillər jurnalistlərə heç bir şərt və təmanna olmadan verildi. Amma siyahı tərtib olunarkən müəyyən şərtlərə cavab verilməsi tələbi qoyuldu. Bunu ədalətli hesab edənlər də oldu, ədalətsiz hesab edənlər də.

KİV nümayəndələrinə mənzillərin verilməsi təcrübəsinə İctimai Televiziyanın əməkdaşları üçün nəzərdə tutulan 16 mərtəbəli 172 mənzilli binanın istifadəyə verilməsi də daxildir. Bina Yasamal rayonunun ərazisində yerləşir.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi evsiz işçilərinə mənzil verib. Nazirliyin Sulutəpədə tikdiyi bina 200 nəfər işçisinə paylanıb.

“Azərbaycan Dəmir Yolları” QSC də dəmiryolçuların yaşayış-məişət tələbatının təmin edilməsi məqsədilə öz işçilərinə ev verib. 

Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (ARDNŞ) mənzil növbəsi mövcuddur. Amma mənzillər şirkətin hesabına verilmir.  Əməkdaşların yaşayış sahəsi ilə təmin edilməsi üçün “Neftçi” Mənzil Tikinti Kooperativi (MTK) təsis edilib. Kooperativin tikdiyi binalar ev növbəsi əsasında neftçiləri mənzillə təmin edir.

Dövlət Sərhəd Xidmətinin əməkdaşlarına mənzillər verilir. Xətai rayonunda 4 binadan ibarət yaşayış şəhərciyində 600-dən artıq mənzil güzəştli ipoteka şərtləri ilə Dövlət Sərhəd Xidmətinin əməkdaşlarına verilib.

Xarici İşlər Nazirliyinin əməkdaşları nazirliyin binasının yaxınlığında evlə təmin olunub. Bina XİN-in Həmkarlar İttifaqının irəli sürdüyü təkliflər əsasında inşa edilib. Yüksək səviyyədə inşa edilən yaşayış binası nazirliyin işçilərinə güzəştli şərtlərlə verilib. 

Kənd Təsərrüfatı Nazirliyinin işçilərinə ev vermək ənənəsi isə sovet dönəmində qalıb. Əvvəllər işçilərə pulsuz ev verilsə də, bu 1993-cü ildən dayandırılıb.

İqtisadi İnkişaf, Gənclər və İdman, Əmək və Əhalinin Sosial Müdafiəsi, Mədəniyyət, Maliyyə nazirliklərinin ev vermək ənənəsi yoxdur. 

Xatirə Nəsirova
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений