Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Həcc ziyarəti ilə bağlı müəmma: Tarix niyə dəyişdi?



Azərbaycanlı zəvvarların Həcc ziyarətinə gediş-gəliş tarixi dəyişdirilib. Azərbaycanlı zəvvarlar bu il avqustun 11, 12, 13, 14 və 15-də yola düşəcəklər. Zəvvarların dönüşü isə 1, 2, 3, 4 və 5 sentyabr tarixlərində baş tutacaq.

Xatırladaq ki, buna qədər azərbaycanlı zəvvarların Həccə səfəri avqustu 14, 15 və 16-da, geri qayıdış isə sentyabrın 1, 2 və 3-ə planlaşdırılmışdı. Uçuşlar Azərbaycan Hava Yolları (AZAL) ilə həyata keçiriləcək. 

Qeyd edək ki, bu il üçün Azərbaycandan Həcc ziyarətinin xərci 4150 dollardır. Azərbaycandan bu il 1170 zəvvarın səfər edəcəyi nəzərdə tutulub. Əvvəlki illərdən fərqli olaraq bu il iki növlü səfər xidməti yoxdur, yalnız bir növlüdür. Yaxın Şərqdə baş verən münaqişələr səbəbindən ziyarət yalnız təyyarə reysləri ilə təşkil olunur. Azərbaycanda Həcc ziyarətinin rəsmi təşkilatçısı Qafqaz Müsəlmanları İdarəsidir.

Maraqlıdır, Həcc ziyarətinə gecikəndə yerinə yetirilməsi vacib olan ayinlərin savabı azalırmı? Ümumiyyətlə, dində bu məsələ öz əksini necə tapır?

İlahiyyatçı Tural İrfan “Cümhuriyət” qəzetinə bildirib ki, Həcc ziyarəti hicri-qəməri təqvimlə Zilhiccə ayına təvafüq edir. O deyib ki, ziyarət bu ayın əvvəlki günlərində icra edilir: “Buradan hansı vaxtda yola düşməyin o qədər də əhəmiyyəti yoxdur. Əsas Məkkəyə, vacib olan ayinləri yerinə yetirməyə zamanında yetişməkdir. Bu tarixlərin dəyişdirilməsinin konkret səbəblərini bilmirəm. Ancaq son zamanlar Həcc ziyarətində Allaha ibadət mahiyyətindən çıxaraq biznesə, şan-şöhrət rəmzinə çevrilib. Bu məsələlər ziyarətin təşkilatçılarını o qədər də ciddi maraqlandırmır. Səudiyyə hökuməti onsuz da Həcc ziyarətini İslama uyğun təşkil etmir, yığılan pulu və qurbanlıqları dinin və müsəlmanların əleyhinə istifadə edir. Əqidə baxımından da rəsmi dövlət dinləri vəhhabilikdir”.

İlahiyyatçının sözlərinə görə Azərbaycanda bəzi sadəlövh, imkanlı, dindən o qədər də anlayışı olmayan insanlar Həcc ziyarətinə can atır: “Ancaq hazırda ölkəmizdə həcc boynunda vacib olan bircə nəfər də yoxdur. Çünki Peyğəmbər buyurub ki, qonşusu ac ikən tox yatan bizdən deyil. Ölkədə kifayət qədər sosial problemləri olan, ac və kasıb insanlar var. Peyğəmbər ömründə cəmi bircə dəfə Həccə getdiyi halda, Azərbaycanda 20 dəfədən artıq gedənlər var. Elə buradan da görünür ki, bu saxtadır. Bu ziyarəti əvvəla Səudiyyə dövləti biznesə, alverə çevirib, artıq ibadət mahiyyəti qalmayıb. Digər tərəfdən də Azərbaycanda bu işə rəhbərlik edənlər Həcc ziyarətini gəlir mənbəyinə çeviriblər, zəvvarlardan külli miqdarda pul alırlar. Hətta Məkkədə insanları aldadaraq pul alıb onların əvəzinə təvaf, namaz kimi ayinləri də icra edirlər.

Orijinal İslama görə, bir ibadətin icrası mümkün deyilsə, yaxud o ibadətin şərtləri kamil deyilsə, onu icra etməkdənsə, etməmək lazımdır. Ona görə də hazırda bu ziyarət yalnız kimlərinsə cibinə xidmət etdiyindən Allaha, dinə, müsəlmanlara bir xeyri olmadığı üçün vacib deyil. Öz ölkəsində kifayət qədər acı, kasıbı qoyub, aparıb pulu vəhabilərə vermək ən böyük küfr və haramdır. Məhz bu baxımdan da Həcc ziyarəti sadəcə, turist səfəri olduğundan, ora beş gün tez və ya gec getmək o qədər də əhəmiyyət kəsb etmir. Görünür, zəvvarların gediş-gəliş tarixini dəyişdirənlər, dərk edərək bu cür addım atıblar”.

Qeyd edək ki, “Cümhuriyət” qəzeti Həcc ziyarətinin gediş-gəliş tarixinin hansı səbəbdən dəyişdirilməsi ilə bağlı Qafqaz Müsəlmanları İdarəsi ilə əlaqə saxlamağa çalışıb. Lakin qurumdan cavab almaq mümkün olmayıb. 

Yeganə Oqtayqızı

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений