Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Hökumət ərzağı ucuzlaşdıra bilər



Devalvasiyadan sonra xüsusilə, ərzaq məhsullarının kəskin bahalaşması müşahidə olunur. İqtisadçılar bunun səbəbini bir çox amillərlə izah edirlər. İlk növbədə gömrük xərcləri və Əlavə Dəyər Vergisinin (ƏDV) ərzaq məhsulları üzərində tətbiqi bahalaşmanı sürətləndirən əsas amil kimi qiymətləndirilir. Manatın son dövrlər sabit olmasına baxmayaraq, bahalaşmasının davamlı şəkildə getməsi bu arqumenti daha da gücləndirir.

Rəsmilər də hesab edir ki, bahalaşmanın qarşısını almaq üçün hökumətin əlində müəyyən rıçaqlar var. Ancaq görünən odur ki, hökumət bu rıçaqlardan istifadə etmək niyyətində deyil. Ya da bu rıçaqlardan istifadə edib bahalaşmanın qarşısını almaqda hökumətin qarşısında müəyyən sədd var. Bütün hallarda ilkin mənzərə məhz bunu deməyə əsas verir.

Digər tərəfdən, bahalaşma cəmiyyətdə müəyyən narazılıqlara səbəb olur. Sosial narazılığın artması isə hökumətə heç bir halda sərf etmir. Son günlər kərə yağının kəskin bahalaşması fonunda yaşanan gərginlik real mənzərəni göstərən əsas amil oldu. Maraqlıdır ki, bu istiqamətdə açıqlama verən rəsmi qurumların hər biri bahalaşmanın səbəbkarı olmadıqlarını qəti şəkildə təkzib etdilər.

Ekspertlər isə hesab edir ki, bahalaşmanın aradan qaldırılması və ya ən azından tempi azaltmağın ən sadə yolu monopoliyanın aradan qaldırılmasıdır. Məlumdur ki, hökumət bu istiqamətdə hələ ötən il bir sıra addımlar atdı və müəyyən qədər bahalaşmanın sürətini azalmasına nail oldu. Ancaq sonradan bu proses də yarımçıq qaldı və bunun nəticəsində daha kəskin bahalaşma dalğası gəldi. Devalvasiyadan öncə və sonrakı qiymətləri müqayisə etsək, ərzaq məhsullarının ən az 3 dəfə bahalaşdığını görmək mümkündür. Məsələn, son günlərin əsas müzakirə mövzusu olan kərə yağı devalvasiyadan əvvəl 6.20 manata satılırdısa, artıq alıcılara 18-23 manatla təklif olunur. Rəsmilər isə deyir ki, bahalaşmanın qarşısını almaq üçün hökumətin əlində kifayət qədər rıçaqlar var.

Maraqlıdır, bu rıçaqlar hansılardır və hökumət bundan niyə istifadə etmir?

İqtisadçı-ekspert  Natiq Cəfərli “Cümhuriyət” qəzetinə açıqlamasında hökumətin əlində olan rıçaqlardan bu ilin sonuna qədər istifadə etməyəcəyini deyib: “Hökumətin əlində olan rıçaqlar vergi və gömrük xərcləridir. Hökumət istəsə, ərzaq məhsullarının gömrük rüsumlarını aşağı sala və müəyyən zamanda, məsələn 6 aylıq və ya 1illik 18 faizli əlavə dəyər vergisini ləğv edə bilər. Yəni hökumətin bir çox rıçaqları mövcuddur və bundan istifadə edərək birbaşa yox, iqtisadi alətlərlə qiymətlərə təsir edə bilər. Bəs bunu niyə etmirlər? Çünki büdcənin özündə problemlər var və büdcənin başqa mənbələr hesabına doldurulmasında problemlər olduğu üçün hökumət vergi və gömrük xərclərini aşağı salmaq istəmir. Yaxın gələcəkdə də hökumətin belə bir addım atacağını düşünmürəm. Hesab edirəm ki, büdcədə yaşanan problemləri nəzərə alaraq, hökumət yaxın gələcəkdə vergi və gömrük rüsumlarına dəyişiklik etməyəcək. Əgər problem daha da kəskin hal alsa, ilin əvvəlində neftin qiymətləri yüksələrsə, hökumət bu yöndə müəyyən addımlar ata bilər”.

Ekspert hesab edir ki, ərzaq məhsullarının idxalı üzrə tətbiq olunan vergilər ləğv olunarsa, həmin məhsullar 30-35 faiz ucuzlaşar: “Məsələn, hökumət 18 faizli əlavə dəyər vergisini ləğv etsə, həmin məhsul üzrə həmən 18-20 faiz ucuzlaşma baş verəcək. Digər tərəfdən, ölkəyə idxal olunan bir çox ərzaq məhsullarında gömrük rüsumu 15 faizdir. Əgər hökumət bu iki vergini ləğv edərsə, ərzaq məhsulları üzrə 30-35 faiz ucuzlaşma baş verə bilər”.

Vilayət Muxtar

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений