Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Hökumətdən gürcüstanlı soydaşlarımıza daha bir “töhfə”



Rafiq Daşdəmirli: “Azərbaycan hökuməti bu tələbi ləğv etməli və Borçalı əhalisinə dayaq durmalıdır”

Gürcüstan-Azərbaycan sərhədində gərginlik davam edir. Sərhəddə hər gün yüzlərlə şəxsə cərimə tətbiq olunur. Əslində problem illərdir ki, davam edir. Qeyd edək ki, rəsmi Bakı illər öncə Gürcüstan azərbaycanlıları barəsində miqrasiya siyasəti tətbiq etdi. Elə o vaxtdan da narazıların sayı günbəgün artmağa başladı. Gürcüstan azərbaycanlıları barədə tətbiq edilən qərara görə 90 gündən bir sərhəddi keçməyən və miqrasiya xidmətində qeydiyyatdan keçməyən soydaşımıza ən aşağısı 300 manatdan çox cərimələr tətbiq edilir. 

Bu qərar 5 ildir ki, qüvvədədir. Amma Gürcüstan azərbaycanlıları üçün qərar müəyyən problemlər yaradır. Belə ki, məktəbli və azyaşlıların Azərbaycanı tərk edən zaman çıxış izni almaları məcburidir. Bakıda müvəqqəti olan və ya məktəbdə oxuyan 16 yaşına çatmayan Borçalı sakinləri Azərbaycan Respublikasından çıxan zaman Miqrasiya Xidmətinin əsas binasına gedərək çıxış izni almalıdırlar. Çıxış izni olmayanlar sərhəddən geri qaytarılır. Bundan əlavə ölkədə təhsil alan Gürcüstanlı məktəblilərin də sənədlərində müəyyən çətinliklər yaşanır. Ekspertlərin fikrincə, baş verən bu proseslər Miqrasiya Xidmətinin birbaşa Borçalıya zərbəsidir. Azərbaycan dövləti soydaşlarımıza belə bir tələb qoymamalıdır. Əks halda onlar Rusiyanın, Ukraynanın və Sibirin bazarlarına qədər gedib çıxarlar. Hətta bir müddətdən sonra ailə qurub, vətəndaşlıq qəbul edib həmin ölkələrdə qalarlar ki, bu da gələcəkdə demoqrafik cəhətdən böyük fəsadlar törədə bilər.

Xatırladaq ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ölkədə 30 gündən artıq yaşamaq istəyən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər yaşayış yeri üzrə qeydiyyata alınması üçün yaşayış yerinə gəldiyi vaxtdan 3 iş günü ərzində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yerli qurumlarına müraciət edərək öz pasportunu, giriş icazəsini, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi və ya yaşayış sahəsi verən vətəndaşın ərizəsini təqdim etməlidirlər. Yaşayış yeri üzrə qeydiyyata alınan əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə qeydiyyata alınma haqqında vəsiqə verilir. Müvafiq vəsiqə ilə əcnəbilər ölkə ərazisində 90 gün müddətində yaşaya bilərlər.

AXCP funksioneri, əslən Borçalıdan olan Rafiq Daşdəmirli məsələ ilə bağlı “Cümhuriyət” qəzetinə mövqeyini açıqlayıb. O deyib ki, Gürcüstan azərbaycanlıları barəsində miqrasiya siyasəti ilə bağlı qərarda boşluqlar var: “Doğrudan da Azərbaycanda müvəqqəti yaşayan və yaşı 16-ya çatmayan Gürcüstan vətəndaşları Azərbaycandan çıxan zaman miqrasiya xidmətindən çıxış üçün icazə almalıdırlar. Bununla bağlı sərhəd-keçid məntəqələrində gərginlik yaşanır. Deyilənə görə minlərlə soydaşımız sərhəddən buraxılmır. Xatırladım ki, qanun yeni deyil, amma problemlər sanki yenidir. Çünki dəfələrlə bununla bağlı problemlər yaşanır. Ölkədən çıxan 16 yaşa catmayan məktəblilər və azyaşlılar 3 gün əvvəl miqrasiya xidmətindən çıxış icazəsi almalıdılar. Məhz içazə alındıqdan 48 saat sonra həmn insanlar ölkədən çıxa bilərlər. Qanun çoxdan olsa da tətbiq olunan qərar hələ də əhali arasında çaşqınlıq yaradır.

Üstəlik, çıxış ala bilməyənlərə çərimə də tətbiq edirlər. Əslində qanunun özündə bir boşluq var. Hamımız çox yaxşı bilirik ki, bu lüzumsuz qanundan ən çox əziyyət çəkən məhz Borçalı sakinləridir. Bir zamanlar maşınlara xüsusi qaydalar tətbiq edildi, sonra isə insanlar müəyyən tələblərə məruz qaldılar. İndi isə bu qərardan azyaşlılar əziyyət çəkirlər. Hesab edirəm ki, sərtləşmiş tələblər Borçalı əhalisinə vurulan ağır zərbədir. O zaman birdəfəlik borçalıları ölkəyə buraxmasınlar. Yaxşı olar ki, salahiyyətli orqanlar tez bir zamanda qanunun belə formatda olmasına aydınlıq gətirib, müəyyən dəyişikliklər icra etsinlər. Belə bir qanunun borçalılara tətbiq olunması yolverilməzdir. Azərbaycan hökuməti bu tələbi ləğv etməli və Borçalı əhalisinə dayaq durmalıdır”.

Rafiq Daşdəmirlinin fikrincə, yaxşı olar ki, qanunda 90 gün180 günlə əvəz edilsin və geçikmələrə görə çərimələr ləgv edilsin: “Məktəbli və azyaşlılar üçün isə bu qayda tamamilə götürülsün. Bununla yanaşı gecikənlərə tam olaraq geri qayıdış tətbiq olunsun. Fikrimcə, bu məsələ Borçalı ziyalilarının iştirakı geniş müzakirə olunmalı və problemin həlli ilə bağlı çıxış yolları tapılmalıdır. 

Əks təqdirdə, orada yaşayan əhalinin azalmasının şahıdı olacağıq. Nəzərə almaq lazımdır ki, Borçalıdakı orta məktəblərdə vəziyyət pisdir. Məhz bunun üçün Borçalıda yaşayan insanlar öz uşaqlarının gələcəyi üçün onların Azərbaycanda oxumasına üstünlük verirlər. Məhz qanunun bu formada tətbiqi insanların başqa yerə köç etmələrinə şərait yaradır. Bunun qarşısını almaq üçün isə Azərbaycan dövləti öz vətəndaşlarına sahib çıxmalıdır”.

Alçina Amilqızı

Cebhe.info







© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений