Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Hüquq müdafiəçisi polisdən şikayətçidir



Akif Hüseynov: “Kürəkənimlə bağlı bundan sonra nə baş verəcəksə, məsuliyyəti Rasim Qurbanov və Oqtay Mərcanovun üzərindədir”

“Müasir İnkişaf və Hüquqi Yardım Mərkəzi” İctimai Birliyinin sədri, İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin orqanı olan “Hüquq və Polis” ictimai jurnalının hüquqşünası Akif İsa oğlu Hüseynov “Cümhuriyət” qəzetinin redaksiyasına şikayət məktubu ünvanlayıb.

Şikayət məktubunda 2014-cü ildə baş verən hadisə öz əksini tapır:

“25 mart 2014-cü ildə kürəkənimin qardaşının nişan mərasimi ilə əlaqədar Gəncə şəhərində idim. Həmin gün saat 10-11 radələrində həyət qapısı döyüldü. Qapını açdıqda polis və mülki geyimli 5-6 nəfər gördüm. Onlar məndən kürəkənimi, yəni Poladov Famil Abbas oğlunu xəbər aldılar. Mən onun idman məşğələsinə getdiyini söylədim və valideyn olaraq nə üçün gəldiklərini soruşdum. Mülki geyimli bir əməkdaş (sonradan bildim ki, Gəncə şəhər Kəpəz rayon Polis Şöbəsinin əməliyyat müvəkkilidir-A.H) kürəkənimin ağır cinayət törətdiyini və haqqında şikayət olduğunu dedi. Gələnlər məni Gəncə şəhər Kəpəz rayon Polis Şöbəsinə apardılar. Məni şöbənin cinayət axtarışı üzrə rəis müavini Oqtay Mərcanovun iş otağında sorğu-sual etməyə başladılar. Əvvəl Gəncə şəhər Baş Polis İdarəsinin cinayət axtarışı üzrə rəis müavini Müqabil Abdıyev çox nəzakətlə davrandı, mədəni şəkildə sorğu-sual etdi və cavab aldı. Otağa daxil olan mülki geyimli birinin Gəncə şəhər Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin şöbə (“Bandotdel”-A.H) rəisi Rasim Qurbanov olduğunu dedilər. Familin qayınatası olduğumu bildikdə o, mənə hücum çəkərək “O gədə hardadır?”,- deyə təhqir etməyə başladı.

Mən onu ədəbli olmağa dəvət etdim. O isə yenidən kürəkənimin şərəfsiz, namussuz və cinayətkar olduğunu deyərək təhqirə davam edirdi. Rasim Qurbanovun Gəncə şəhər Kəpəz rayon Polis Şöbəsinə gəlməsi təəccüblü idi. Görünür, o, məni yox, kürəkənimi gözləyirmiş. Məni gördüyü üçün əsəbləşib təhqir etməyə başladı. Məhkum olmamış, haqqında, heç bir məhkəmə qərarı olmayan vətəndaşa Rasim Qurbanov nə haqla “cinayətkar” deyir? Mən Rasim Qurbanova “3 azyaşlı (biri 3 aylıq) vətənə əsgər olacaq oğulların anası olan qızımın əxlaqsızlığını harada görmüsən ki, onun həyat yoldaşına namussuz, şərəfsiz deyirsən?” dedim. Özünü itirdi və cavab verə bilmədi. Bundan sonra əməkdaşların və qapı açıq olduğundan dəhlizdə dayanan vətəndaşların gözü qarşısında Oqtay Mərcanov məni təhqir edərək kabinetindən qovdu. Mən bu müraciəti etmək istəmirdim, gec etməyimin də səbəbi budur. Lakin şəhərdə söz yayırlar ki, kürəkənimin cibində narkotik tapılacaq, ya da avtomobilindən silah çıxacaq. Onun üçün mən onu şəhərə buraxmıram. Mən bir hüquq müdafiəçisi ola-ola özümün və ailəmin hüquqlarını qoruya bilmirəmsə, vətəndaşların hüquqlarını necə qoruya bilərəm?”

Akif Hüseynov dövlət başçısına müraciətində ailəsinin təhlükəsizliyinin təmin olunmasını xahiş edir: ““50 milyonluq azərbaycanlının prezidentiyəm və Azərbaycan vətəndaşlarının konstitutsion hüquqlarının qarantıyam” söyləyərək and içən prezident bizlərə xüsusi mənəvi dəstək verir və maddi yardım ayrırır ki, vətəndaşların hüquqlarının qorunmasında ona yardımçı olaq. Ancaq bu məmurlar bizim hüquqlarımızı tanımır. Sizdən xahiş edirəm ki, günahkarlar barəsində tədbir görülsün və mənim ailəmin təhlükəsizliyi təmin edilsin. Kürəkənimlə bağlı bundan sonra nə baş verəcəksə, məsuliyyəti Rasim Qurbanov və Oqtay Mərcanovun üzərindədir”.

Şikayətçi Akif Hüseynov daha sonra bildirir ki, yuxarıda göstərdiyi şikayətlər əsasında lazımi tədbirlər görülüb və kürəkəninin günahsız olduğu ortaya çıxıb:

“25 mart 2014-cü idlə Gəncə şəhər BCQMİ-nin şöbə rəisi Rasim Qurbanovun mənə qarşı etdiyi təhqir və işlətdiyi nalayiq sözlərə görə Sizə tədbir görməyiniz üçün müraciət etmişdim. Həmin müraciətdə bildirirdim ki, kürəkənimin evindən, avtomobilindən silah və narkotik çıxacağına dair söz yayılıb. Bundan sonra Rasim Qurbanov mənə zəng etdi, dolayısı ilə məndən pul və Famili onun yanına göndərməyimi istədi. O, hətta Gəncə şəhər Baş Polis İdarəsinin rəisi Faiq Şahbazovun adından da istifadə edirdi. (Həmin telefon danışığının səs yazısı var-A.H).

Cənab prezidentin göstərişi ilə məsələ daxili işlər naziri cənab Ramil Usubovun nəzarətində araşdırıldı. DİN Daxili Təhqiqat Şöbəsinin rəisi, mərhum general Rasim Musayev məni qəbul etdi. İş obyektiv aparıldı və sübuta yetirildi ki, kürəkənimin günahı yoxdur. Bundan sonra 2014-cü ildən Gəncə şəhərində baş verən bütün cinayətlərdə Rasim Qurbanov kürəkənim Famil Poladovun adını çəkdirir. Lakin nə istintaqda, nə də məhkəmələrdə kürəkənimin əleyhinə nə isə sübut olunur. Bununla Qurbanov DİN-i aldatmağa çalışaraq kürəkənimin evində əməliyyat aparılması üçün zəmin hazırlayır. Nəhayət, 1 dekabr 2017-ci il gecə saat 4-də heç bir məhkəmə qərarı olmadan qızımın və 4 azyaşlı uşağın gözü qarşısında hamısı silahlı olan maskalılar evə girir və Rasim Qurbanovun dediyi kimi evdən “silah və narkotik” tapırlar”.

  

Şikayətçinin sözlərinə görə, qızı qorxudan xəstəlik tapıb, kürəkəni isə həbs edilib: 

“Heydər Əliyev dediyi kimi, bu məmurlar özlərini kiçik padşah hesab edirlər. Bu hərəkətləri ilə Gəncədə hökumətə inamsızlıq yaradırlar. Mən,  Gəncə və ətraf rayonlarda narkomaniyaya qarşı mübarizə layihəsi həyata keçirirəm, “kürəkənimin evindən isə narkotik tapırlar”. Mənim qızımın və dörd azyaşlı körpəsinin boynubükük, gözüyaşlı qalmasına nə ana dözər, nə də ata. Mən inanıram ki, bu haqsızlığın qarşısının alınmasına kömək edəcəksiniz. Mən də bir hüquqşünas kimi cinayətkarların layiqli cəzalandırılmasının tərəfdarıyam, ancaq haqsızlıq dayandırılmalıdır. Gəncləri haqsız olaraq pul almaq üçün şərləyib həbs edirlər. Kürəkənim qanunsuz və haqsız olaraq məhkum olunarsa, qızımın dörd azyaşlı körpə ilə intihar etməkdən başqa yolu qalmır. Çünki aldığım müavinətlə onları saxlamaq imkanım xaricindədir”. 

Akif Hüseynov deyib ki, tədbir görülməsə, Rasim Qurbanovla telefon danışığını sosial şəbəkələrdə yayacaq. Akif Hüseynov sonda bir daha ölkə başçısına müraciət edib: “Cənab Prezident! Sizdən xahiş edirəm ki, bu məsələni öz nəzarətinizə götürəsiniz və kürəkənimi həbs etdirən Gəncə şəhər Baş Polis İdarəsinin şöbə rəisi Rasim Qurbanov barəsində ciddi tədbir görülməsi üçün göstəriş verəsiniz”.

“Cümhuriyət” 

P.S. Yazıda adı hallanan tərəflərin də mövqeyini dərc etməyə hazırıq.








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений