Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

İbrahimbəyovun “Qafqaz üçlüyü” və Milli Şuranın rus pulları



Nəzakət Məmmədova: “Belə bir adamın Milli Şurada fəxri sədr olması elə o qurumun hansı  xəttə qulluq etdiyini  göstərir”

Vüsal Qarayev: “Onun çəkdiyi film əleyhimizə işləyəcək”

Milli Şuranın fəxri sədri, kinossenarist Rüstəm İbrahimbəyov bu dəfə onun ssenarisi əsasında çəkilmiş “Qafqaz üçlüyü” filmi ilə gündəmə gəlib. Filmdə Azərbaycan xalqı vəhşi, qəddar, riyakar, mədəniyyətsiz, milli kökləri olmayan toplum,  ermənilər isə ailicənab, sülhsevər, “vəhşi türkün qurbanı” kimi təqdim edilib. Xatırladaq ki, Rüstəm İbrahimbəyov hələ də Milli Şuranın fəxri sədridir və onun bu fəaliyyəti ilə bağlı Şuradan heç bir münasibət bildirilməyib. Milli Şura hər şeyə don geyindirir, amma Rüstəm İbrahimbəyovun Azərbaycan və azərbaycanlılar əleyhinə fəaliyyətinə etiraz etmir, susmaqla razılığını bildirir. Bu susqunluğun səbəbi isə əslində aydındır. Milli Şura Rusiyanın layihəsidir və zamanında indiki Şura rəhbərləri  rus pulunu İbrahimbəyov vasitəsilə alıblar. Zamanında bunu Milli Şurada olan müxalifət təmsilçiləri də deyiblər. Görünən odur ki, Milli Şurada oyunlar indi də Rüstəm İbrahimbəyovun yazdığı “ssenariylə” oynanılır.

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən politoloq Nəzakət Məmmədova Milli Şuranın təzadlı qütblərin maraqlarına xidmət etdiyini deyib:

“Bir yandan, Milli Şura mitinqlərdə Avropa Birliyinin bayrağını qaldırır, digər tərəfdən isə Rusiyanın adamını gətirib təşkilata fəxri sədr edirlər. Hətta onun prezidentliyə namizədliyini irəli sürmək fikrinə düşürlər. Demokratiyanı əldə bayraq edib Rusiyanın maraqlarına xidmət edirlər. Milli Şura əslində öz fəaliyyəti ilə özünü təkzib edir. Həm Azərbaycan-Rusiya münasibətlərini tənqid edirlər, eyni zamanda da Rusiyanın adamını fəxri sədr kimi müdafiə edirlər. Bu da onların qeyri-səmimiliyindən xəbər verir”.

N.Məmmədova vurğulayıb ki, Rüstəm İbrəhimbəyov heç vaxt milli ideologiyaya bağlı olmayıb: “Bu adamlar hər zaman düşmən meyqeyini dəstəkləyib. Əslində yaradıcı insanlar öz millətinin haqq səsini dünyaya çatdırmalıdır. Necə ki, bunu yəhudilər edir. Məsələn, II Dünya Müharibəsində yəhudilərin yaşadığı soyqırımı daha çox onların çəkdikləri filmlərindən görürük. Yəni, dünya tarixində Rüstəm İbrahimbəyov kimi az adam var ki, öz millətini düşmən qarşısında aşağılayır. Ermənilər isə olmayan soyqırım tarixlərini dünyaya sırımağa çalışırlar. Rüstəm İbrahimbəyov Azərbaycançılığa zidd olan ideologiyaya xidmət etməklə, kimlərinsə xoşuna gəlməyə çalışır. Xocalıda soyqırıma məruz qalan hər ailənin yaşadığı bir filmin mövzusudur. Amma Rüstəm İbrahimbəyov erməniləri filmində tərifləyir. Əslində bu filmdə subliminal mesaj verilir ki, Azərbaycan Rusiyanın tərkibində olsaydı, daha yaxşı olardı. Belə bir adamın Milli Şurada fəxri sədr olması qurumun hansı xəttə qulluq etdiyinin bariz göstəricisidir”.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) mətbuat xidmətinin rəhbəri Vüsal Qarayev isə hesab edir ki, Rüstəm İbrahimbəyov Milli Şuranın maliyyə işlərini idarə edir:“Rüstəm İbrahimbəyov kimi bir ziyalının belə bir həssas dönəmdə, bu səpkidə film çəkməsi məni çox üzdü, hətta sarsıtdı. Söhbət dövlətçilikdən, milli maraqlardan gedirsə, o zaman müxalifət, yaxud iqtidar olmaq, siyasi baxışlar, şəxsi ədavətlər, incikliklər bir kənara qoyulmalıdır. Ola bilər ki, İbrahimbəyov  iqtidardan inciyib, ölkədən küsüb gedib, ola bilər ki, inciməkdə, küsməkdə haqlıdır da. Lakin nə olur-olsun, heç bir halda dövlətçiliyimizə, milli maraqlarımıza zərbə vuracaq, düşmənin çörəyinə yağ sürtəcək addımlar atmamalı, özümüz-özümüzə qarşı çıxmamalıyıq. İbrahimbəyov  istedadlı ziyalıdır və elə məhz buna görə də, belə işə məhz imza atmamalıydı. Onun çəkdiyi sözügedən film bundan sonra bizim əleyhimizə işləyəcək. Hər zaman düşmən bundan bizə qarşı istifadə edəcək. Söhbət Ermənistan kimi fürsətçi, hər vasitəylə tarixi əleyhimizə saxtalaşdıran, bunun üçün hər vasitədən istifadə edən, hər alçaqlığa əl atan bir düşməndən gedir. 

Mənə bir şey də maraqlıdır ki, daim milli, dövlətçilik maraqlarımızı müdafiə etdiyini iddia edən Milli Şuradan hələ ki, bu məsələyə münasibət bildirilməyib. Amma mütləq reaksiya verilməliydi. Çünki cəmiyyətdə, mediada iddialar var ki, İbrahimbəyov Milli Şuranın Rusiyadakı maliyyə işlərini idarə edir,  erməni elitası ilə yaxındır. Bu söz-söhbətə son qoymaq üçün mütləq Milli Şuradan bu məsələyə reaksiya verilməlidir. Nəzərə alaq ki, İbrahimbəyov Milli Şuranın fəxri sədridir. Söhbət burada Azərbaycanın milli və dövlətçilik maraqlarından, nüfuzundan gedir. Qeyd etdiyim kimi, burda müxalifət-iqtidar yoxdur, dövlətçilik maraqları var. Və hər bir vətəndaş mövqeyindən asılı olmayaraq bu maraqların qorunmasında maraqlı olmalıdır”.

Vilayət Muxtar
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений