Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

İcra hakimiyyətlərinin bağça fiaskosu



Bakıda fəaliyyət göstərən “Kids Studio” bağçasında baş verənlər bir sıra vacib nüansları üzə çıxarıb. Tərbiyəçilərin uşaqlara qarşı kobud rəftarı, təhqiri və işgəncəsi ilə bağlı ictimaiyyətdə günlərdir ki, ciddi müzakirələr gedir. Amma sözügedən bağça ilə bağlı bir nüans zorakılıq faktını kölgədə qoyub.

Məlum olub ki, sözügedən bağçanın fəaliyyətinə nə Təhsil Nazirliyi, nə də Bakı şəhər İcra Hakimiyyəti lisenziya verib. Bu bağçanın fəaliyyətinə yerləşdiyi rayon rəhbərliyi də biganə yanaşıb. Lisenziyasız fəaliyyət göstərən müəssisə beləcə də ştatdankənar işçi və pedaqoji heyət toplayıb. Bununla yanaşı aylığ məbləği yüksək olan bağça kimi fəaliyyətə başlayaraq, uşaq yığıb. Amma bütün bu fəaliyyət nəzarətsiz qalıb və aidiyyatı qurumlar qeyri-qanuni prosesə göz yumub. 

Ekspertlər hesab edir ki, uşaq bağçaları məktəbəqədər tərbiyə müəssisəsi olduğu üçün bu quruma işə götürülən pedaqoji heyət üzvlərinin bacarığı və sahə peşəkarlığı ciddi yoxlanılmalıdır. Özəl müəssisə o demək deyil ki, orada hər kəs istədiyi prinsipləri tətbiq etməli və yaxud müəssisəni mülkiyyəti zənn etməlidir. 

Karyera Tədris və Araşdırmalar Mərkəzinin direktoru Elşən Qafarov “Cümhuriyət” qəzetinə açıqlamasında öncə zorakılıq faktından narahatlığını bildirib. Onun sözlərinə görə, bağçada baş verən kadrlara baxanda Xocalıda əsir götürülmüş körpə balalarımıza verilən işgəncələr göz önünə gəlir. 

Uşaq bağçasının fəalliyyətinin qanuni olub-olmamasına gəlincə isə ekspert hesab edir ki, qanunvericiliyə əsasən ölkə ərazisində təhsil müəssisəsi açmaq hüququna məhdudiyyət yoxdur: “Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayanlar, o cümlədən Azərbaycan Respublikasında və xaricdə qeydiyyatdan keçmiş hüquqi şəxslər təhsil müəssəsinin təsisçisi ola bilərlər.( Təhsil Qanunu maddə 15 )

Azərbaycanda hər bir təhsil müəssisəsi təhsil fəaliyyəti göstərmək üçün qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanından xüsusi razılıq (lisenziya) almalıdır. Dövlət təhsil müəssisələrinə xüsusi razılıq (lisenziya) müddətsiz verilir. Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri tərəfindən təsis edilmiş bələdiyyə və özəl təhsil müəssisələrinə xüsusi razılıq (lisenziya) beş il müddətinə verilir. Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər tərəfindən təsis edilmiş təhsil müəssisələrinə xüsusi razılıq (lisenziya) üç il müddətinə verilir. ( Təhsil Qanunu maddə 16)

Təsisçinin məsuliyyəti, səlahiyyət dairəsi, təhsil müəssisəsi ilə qarşılıqlı öhdəlikləri Azərbaycan Respublikasının qanunvericiliyi, təsis müqaviləsi və təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir.( Təhsil Qanunu maddə 15)

Sosial şəbəkədə yayılmış dəhşət saçan videodan sonra bir də məlum olur ki, həmin uşaq bağçası adlandırılan müəssənin fəaliyyəti üçün rəsmi icazə yox imiş. Bu hadisə ortaya qəribə bir fakt çıxarır. Məlumdur ki, təhsil müəssisəsi açmaq, təhsil müəssisə kimi fəaliyyət göstərmək heç də asan bir məsələ deyil. Ölkədə ictimai asayişi və dövlət təhlükəsizliyini qoruyan qurumlar kifayət qədər peşəkardırlar. Görünən odur ki, bu “bağça”nı işlədənlərin arxasında duran kimdirsə, o, hətta qanun və onu qoruyanlardan daha güclü görünmək istəyir. Yəqin ki, dövlət orqanları məsələni nəzarətə götürüblər və bu “bağça”nın açılmasında, kadrlarda görüntülənən iblis qəlbli qadıncığazların ora işə götürülməsində əməyi, rolu olan hər bir kəs layiqli cəzasını alacaq.

Həmin müəssisə lisenziya alıb hətta qanuni fəaliyyət göstərsəydi belə, kadrlardan göründüyü kimi Təhsil Nazirliyinin Kollegiyasının 2014-cü il 6 noyabr tarixli, 1/2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müəllimlərin etik davranış Qaydaları” nın 4.1.8 4.1.9 bəndlərinin kobud şəkildə pozulduğu üçün həmin şəxslər müəllimlikdən uzaqlaşdırılacaqdılar. 

Təcrübə göstərir ki, Təhsil Nazirliyi bəzən ictimai qınağa çəkilsə də, əslində bu sahədə mövqeyi sərtdir, birmənalıdır. Buna 189-190 saylı məktəbdə bir ay öncə və ondan daha əvvəl baş verənlər əyani sübutdur”.

Ekspertin sözlərinə görə, nə qədər ki, məktəbəqədər təhsil müəssisələri Təhsil Nazirliyinin tabeliyinə qaytarılmayıb məktəbəqədər təhsil müəssələrində (istər dövlət, istərsə də özəl) belə hadisələr görünür, hələ çox olacaq: “Digər tərəfdən məktəbəqədər təhsil müəssisələri Təhsil Nazirliyinin tabeliyinə qaytarılarsa, bu sahəyə mərkəzləşmiş nəzarəti həyata keçirtmək mümkün olacaq”.

Alçina Amilqızı

P.S. Bu arada məktəbəqədər təhsil müəssələrimizdə işləyən işinin peşəkarı olan minlərlə müəllimlərimiz var ki, onların əməyini itirmək olmaz və məktəbəqədər təhsil müəssisələrinin Təhsil Nazirliyindən aralı olması təhsil sahəsində dövlətin əsas prinsiplərindən biri olan fasiləsizlik, vəhdətlik, daimilik (mövcud təhsil standartları, tədris proqramları və planları əsasında təhsilin bir neçə səviyyədə əldə edilməsi imkanı, təhsilin ayrı-ayrı pillələri arasında sıx dialektik qarşılıqlı əlaqənin təmin olunması və onun insanın bütün həyatı boyu ardıcıl davam etməsi-(bax Təhsil Qanunu maddə 3) prinsipinin pozulmasıdır.








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений