Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

İldə 8 min qazandıran zəhər: Yaxud yararsız buğda söhbətini yayan maraqlı qüvvələr...



3 bölgədən 1 yazı

İyulun 6-dan 8-nə qədər Kənd Təsərrüfatı Nazirliyi Şəki, Qax, Gəncəyə mediatur təşkil edib. Turda 20-dən artıq media nümayəndəsi iştirak edib. Ümumilikdə 6 rayon və şəhərdə aqrar sektorun aparıcı sahələri ilə bağlı jurnalistlərə ətraflı məlumat verilib. Proqram çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət, vəzifə və öhdəlikləri, həmçinin görülən və görülməsi nəzərdə tutulan işlər, fəaliyyət planına uyğun tədbirlər, yeniliklərin təşkilində müasir metodlardan istifadə məsələlərinə toxunulub.

“1 hektar taxıldan 300 manat, 1 hektar tütündən 7000-8000 manat qazanc əldə etmək olur”

“Cümhuriyət” qəzeti xəbər verir ki, jurnalistlər ilk olaraq Oğuz rayonunda tütünçülük plantasiyası ilə tanış olub. Oğuz rayon kənd təsərrüfatı idarəsinin rəisi Azad Əliyev bildirib ki, rayon üzrə ümumilikdə 250 hektar ərazidə tütün əkilib. Rayonda gündəlik 200-250 nəfər işlə təmin olunur. O, tütünçülükdə tək yığımda deyil, suvarma, alaq və məhsulun maşınla daşınmasında da insan əməyindən istifadə olunduğunu diqqətə çatdırıb: 

“Tütünçülük yüksək səmərə verən sahədir. 1 hektar tütünün gəliri 30 hektar taxılın gəlirinə bərabəridir. Yaxşı baxıldıqda 1 hektar əkin sahəsindən 50 ton yaş “imunium” tütün növü yığmaq olur. 50 ton qurudulmuş məhsuldan 5 ton tütün götürülür. Ümumiyyətlə, 100 kiloqram yaş “imonium”un sortundan 10 kilo quru tütün əldə etmək olur. Amerika sortu olan “Virciniya” yaş tütün növünün 100 kiloqramından isə, 15-16 kiloqram quru məhsul əldə etmək olur. Bu sortun toxumunu Zaqatalada yerləşən “İntertabak” tütün şirkəti xaricdən gətirir. Oradan alınan toxumu səpib şitil əldə edirik. Tütün bitkisinin yarpaqlarını dekabr ayına qədər 8-9 dəfə yığmaq olur. 2.5 hektar torpaq sahəsindən 120-130 ton yaş tütün tədarükü gözlənilir, bundan da 12-13 ton quru tütün əldə etmək olacaq”.

Azad Əliyev yerlərdə artıq tütün qəbuluna başlanıldığını da deyib. Sahibkarlar tərəfindən qırılan tütün qurutma sexinə təhvil verilir: “Tütün qurutma sexi il sonuna qədər 3 min tondan yuxarı göy tütün qəbul edəcək. “İmunium”un 1 kiloqramı 20, “virciniya” yaş tütünün 1 kiloqramı isə 22 qəpikdir. 1 hektar torpaq sahəsindən yığılan tütün 10 min  manat gəlir gətirir. Bu məbləğin də 2000-2500 manatı məhsulun yetişdirilməsindən təhvil verilməsinə qədər olan müddətdə xərclənir. Ümumilikdə, 1 hektar taxıldan maksimum 300 manat gəlir götürmək mümkündürsə, eyni torpaq sahəsində becərilən tütündən 7-8 min manat qazanc əldə etmək olur. Tütünçülük əziyyətli işdir və əl əməyi tələb edir. Əgər sahibkar tütünü qurudub təhvil verirsə, bu zaman 1 hektardan gəliri 12-13 min manat olur”.

İdarə rəisinin sözlərinə görə, yığılan tütünün təxminən 70 faizi xarici, 20-30 faizi isə daxili bazara göndərilir: “Məhsulun əsas ixrac bazarı Rusiya, Ukrayna və Belarusiyadır. Artıq Bakı və Şəkidən başqa Sumqayıt şəhərində də böyük tütün fabrikinin istifadəyə verilməsi gözlənilir. Proqnozlara görə, yeni açılan fabrik illik 5 milyard siqaret qutusu istehsal etmək gücündədir. Bir aydan sonra yığdığımız məhsuldan onlar da qəbul edə biləcəklər. Sumqayıt siqaret fabriki Azərbaycanda istehsal olunan tütünü qəbul etsə, ölkədə istehsal olunan tütün onların tam ehtiyacını ödəməz. Güman ki, yeni siqaret fabrikinin məhsula olan tələbatının bir hissəsini daxili bazar, bir hissəsini də xarici bazar hesabına ödəniləcək”.

“Tütün özü zəhərdir...”

Azad Əliyev onu da vurğulayıb ki, baxmayaraq tütün gəlirli sahədir, amma bu məhsulun özü zəhərdir: “Xəstəliklər bu bitkiyə heç də yaxın durmur. Tütün bu səviyyəyə gəlib çatsa da, heç  bir dərman preparatından istifadə olunmayıb. Hətta ziyanverici həşəratlar da bu bitkiyə yaxınlaşmır”.

Tur daha sonra Şəki dayaq məntəqəsində davam edib.

Azərbaycanda yetişdirilən buğdanın ərzaq üçün yararsızlığı müzakirə predmetidir...

Əkinçilik Elmi Tədqiqat İnstitutunun Şəki dayaq məntəqəsinin direktoru Məcnun Şükürov əsas fəaliyyət istiqaməti barədə jurnalistlərə danışıb. Bildirib ki, müəssisə Elmi Tədqiqat İnstitutu kimi 1934-cü ildə yaradılıb. Məntəqənin kiçik olmasına baxmayaraq, müəyyən fəaliyyəti olub: “1934-cü ildən 1950-ci ilə qədər tütünçülüyün ilkin toxumçuluğunu yaratmaq istiqamətində fəaliyyət göstərib. Hazırda dayaq məntəqəsinin işi əsasən dənli bitkilərin - arpa və buğdanın seleksiya ilə bağlıdır. Məntəqədə 300-dən artıq yeni sort buğdanın yetişdirilməsi istiqamətində xüsusi işlər görülür. Müəssisənin əsas fəaliyyəti bölgənin ekoloji və iqlim şəraitinə, eləcə də torpaq potensialına uyğun sortların yaradılması və onların ilkin toxumlarının istehsal edib fermerlərə ötürməkdən ibarətdir. Məntəqəyə əsas materiallar beynəlxalq təşkilatlardan daxil olur. Burada qismən hibridləşmə aparılır və yeni sortlar yaranır. Son vaxtlara qədər müəssisədə “Şəki-1”, “Ağalı” və “Marxal” adlı 3 sort buğda növü və “Cəlilabad-19” arpa sortu  yaradılıb”.

Məntəqə direktoru onu da qeyd edib ki, hazırda istehsalçılarla istehlakçılar arasında ən çox müzakirəyə səbəb olan mövzu Azərbaycanda yetişdirilən buğdanın ərzaq üçün yararsız olmasıdır. M.Şükürov müzakirələrin müxtəlif cür izahının olduğuna diqqət çəkib: “Versiyalara görə, xaricdən toxum gətirməkdə maraqlı olan qüvvələr xüsusi təbliğ edirlər ki, yerli buğda ərzaq üçün yararsızdır. Yerli toxum istehsalçıları da bunun əksini müdafiə edirlər. Ötən il Əkinçilik Elmi Tədqiqat İnstitutunun xətti ilə bütün buğda sortlardan çörəyin hazırlanma qabiliyyəti yoxlanıldı. İnstitutdan verilən məlumata görə, ən keyfiyyətli çörək 28-29 faiz “Ağalı” buğda sortundan alınıb. Ərzaq buğdasında yapışqanlılığın (kleykovina) yaranması üçün iqlimin rolu var. Bu il Azərbaycanda yağıntıların çox olması, kəskin istilərin birdən-birə düşməsi taxılın yetişmə dövrünə təsir edib. Hesab edirəm ki, problemin həlli üçün yerli sortla xarici sort calaşdırılmalıdır”.

Turun növbəti istiqaməti “Şəki-İpək” ASC oldu. Jurnalistlər məşhur Şəki kəlağayısının istehsal prosesi ilə tanış olublar.

“Kəlağayının əvvəlki şöhrəti yenidən qayıdır”

Boyaq-bəzək istehsalının meneceri Qüdrət Quliyev müəssisədə kəlağayı istehsalından danışıb: “Şəki ipəkçiliyin köküdür. Uzun illər Şəki ipək istehsalı ilə məşhur olub. Amma bir müddət sonra bu sahə tam iflasa uğramaq təhlükəsi ilə üzləşdi. Ancaq ölkə başçısının tapşırığına əsasən 2016-cı ildə 70 ton, 2017-ci ildə 240 ton, hazırda isə 510 tondan yuxarı barama istehsal olunub. Bu göstəricilər onu deməyə əsas verir ki, bu gün ipəkçiliyin inkişaf etməsində ölkənin potensialı var. Məlumat üçün qeyd edim ki, 10 kilo yaş baramadan 1 kilo ipək, 1 kilo ipəkdən isə 8 kəlağayı alınır”. 

Müsahibimiz hazırda kəlağayılara olan sifarişlərin lazımi səviyyədə olduğunu da deyib:  “Kəlağayının əvvəlki şöhrəti yenidən qayıdır. Ay ərzində 2500-3000 sifariş olur və biz bu ehtiyacı ödəyə bilmirik. Müəssisə tam işə düşəndən sonra təxminən 3 mindən çox insan iş yerləri ilə təmin olunacaq. Bu ipək yaylıqların ərsəyə gəlməsində əl əməyindən istifadə olunur. Kəlağayıda neçə rəng varsa, hərəsi bir gün deməkdir. Yəni, əgər 7 rəng varsa, 7 günə başa gəlir, qiymət də buna görə müəyyənləşir. Bir kəlağayının qiyməti 40-60 manat arasında dəyişir. Bəzən bizdən alıb 100-150 manata da satırlar”.

Qüdrət Quliyevin sözlərinə görə, müəssisədə istehsal olunan kəlağayılar həm yerli, həm də xarici bazarlara ixrac olunur: “Şəkidə istehsal olunan kəlağayıların Fransa, İngiltərə, İran və digər ölkələrdə alıcıları var. Burada yeni kəlağayıların hazırlanması ilə yanaşı, həm də milli ornamentlərin qorunmasına da üstünlük veririk. Hazırda hər yaş qrupunu nəzərə alıb, fərqli naxış və rənglərdən istifadə edərək yeni dizaynda kəlağayılar hazırlayırıq. Xaricdən kəlağayıların boyanması üçün təbii və qatqısız rənglər alınır”.

Jurnalistlərin növbəti səfəri Qax rayonuna, Azərbaycan Arıçılar Asossiyasiyasının sədri, "Bal evi" arıçılıq müəssisəsinin sahibi Bədrəddin Həsrətovun təsərrüfatına olub.

“Güman ki, öz balımızla yanaşı, ətraf rayonlarda olan arı məhsullarını da qablaşdırıb ixrac edəcəyik”

Arıçılıq kompleksinin qurucusu jurnalistlərə təsərrüfatı haqqında geniş məlumat verib: “Bal evi” təsərrüfatını 2011-ci ildən genişləndirməyə başlamışıq. Təsərrüfat bir neçə şöbədən ibarətdir. Damazlıq şöbəsində ana arıların yetişdirilməsi və seleksiyası aparılır. Bundan əlavə, şan istehsal edən sexlər, arı pətəkləri və çərçivələr də var. Yaxın vaxtlarda arıçı kostyumu tikən sexin də istifadəyə verilməsi nəzərdə tutulur. Tam əminliklə deyə bilərəm ki, Azərbaycanın heç bir yerində “Bal evi” damazlıq şöbəsində olduğu kimi dəqiqliklə ana arı yetişdirilmir. Bundan əlavə, bal verən bitkilərin araşdırılması və çoxaldılması bölməsi, eləcə də  arı südünün yığılması şöbəsi də fəaliyyət göstərir”.

  

Müəssisə sahibi hələ ki, arı məhsullarının qablaşdırılması və emal olunması prosesi mükəmməl olmadığını da deyib. Bədrəddin Həsrətov qeyd edib ki, avqust ayında məhsulun qablaşdırılması və emal olunması üçün sexinin açılması nəzərdə tutulur: “Hələ ki, “Bal evi” tam gücü ilə işləmir, amma gələcəkdə bura qonaqları və turistləri qəbul etmək üçün fəaliyyət göstərəcək. Ümumiyyətlə, bal arısının 14 adda məhsulunun 4-ü qablaşmayan, 10-u qablaşandır”.

Təsərrüfat sahibi təəssüflə qeyd edib ki, iqlim şəraiti ilə əlaqədar bu il arıçılıq üçün uğurlu olmayıb. O, buna rəğmən, ümidsiz olmadığını da deyib: “Məhsulun birinci süzümünü edə bilməmişik. Bir neçə günə ikinci süzümü etməyi planlaşdırırıq. Erkən yaz yaxşı başladı, lakin sonra yağış və soyuq keçən hava şəraiti, anidən soyuq havanın kəskin istilərlə əvəz olunması çiçəklərin nektar verməsinin qarşısını aldı. Artıq çiçəklərin nektar verməsi tədricən bərpa olunmağa başlayıb. Biz arıdan təkcə bal almırıq, buna görə də iqtisadi dayaqlarımız daha möhkəmdir. Biz arının südünü, vərəmumunu, çiçək tozunu və.s. yığırıq”.

 

Bədrəddin Həsrətov il ərzində 20 ton bal istehsalını nəzərdə tutduqlarını da deyib: “Məhsulun ixracı üçün danışıqlar gedir. Demək olar ki, ərəb ölkələri ilə razılaşmalar əldə olunub. Biz onlara bal nümunələri göndərmişik. Artıq bu il üçün Dubaydan 50 ton bal sifariş olunub. Güman ki, öz balımızla yanaşı, ətraf rayonlarda olan arı məhsullarını da qablaşdırıb ixrac edəcəyik. Bir qutu arı ailəsindən orta hesabla 20 kilo bal götürmək mümkünüdür”.

Gələcək  planlarından danışan B.Həsrətov arı məhsulları ilə müalicə üsulu olan apiterapiyanı tətbiq etmək üçün müalicə pansionatı tikməyi hədəflədiyini də vurğulayıb. O, bu hədəfə nail olmaq üçün həkimləri Rusiyaya, Çinə kurslara göndərdiyini deyib.

Yeganə Oqtayqızı

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений