Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

İlyas Tapdığın doğum günüdür 



Bu gün Azərbaycanın görkəmli şair və tərcüməçisi İlyas Tapdığın doğum günüdür.

Cebhe.info xəbər verir ki, Tapdıqov İlyas Oruc oğlu (İlyas Tapdıq) 1934-cü il noyabrın 30-da Gədəbəy rayonunun Əli İsmayıllı kəndində doğulub. 

Gədəbəyin Kiçik Qaramurad kəndində orta məktəbi bitirdikdən sonra keçmiş Azərbaycan Pedoqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində təhsil alıb (1952-1956).

Ədəbi yaradıcılığa tələbəlik dövründə "Azərbaycan" jurnalında dərc olunan "Bakının gecəsi" şeirilə başlayıb.

"Uşaqgəncnəşr"də redaktor (1957-1962), Azərnəşrdə redaktor, böyük redaktor (1962-1968), "Gənclik" nəşriyyatında böyük redaktor, redaksiya müdiri, baş redaktor (1968-1976), Azərbaycan Baş Mətbuat Müvəkkilliyində qrup rəhbəri (1976-1978), Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində televiziya gənclər baş redaksiyasının baş redaktoru (1978-1983), Azərnəşrdə bədii ədəbiyyat şöbəsinin müdiri (1989-1992), Türkiyənin Ankara şəhərində Türk Standartları İnstitutunda və Xarici İşlər Nazirliyi və kalkınma ajansında müəllim, "Azərbaycan" qəzetinin Türkiyə üzrə xüsusi müxbiri (1992-1995) vəzifələrində işləyib.

"Gənclik" nəşriyyatı redaksiya şurasının üzvü, Azərbaycan komsomolu Şöhrət şurasının üzvü, "Türk əsrində Azərbaycan" jurnalının redaksiya heyətinin üzvü və Azərbaycan təmsilçisi olub. Bir sıra respublika festival və müsabiqələrində münsiflər heyətinin üzvü olub. Təşviqat qatarında dəfələrlə rayonlara gedib, zəhmətkeşlər qarşısında çıxış edib. 60-80-ci illərdə qardaş respublikalarda keçirilən ümumittifaq tədbirlərinə, yubileylərə, uşaq kitabı həftəsinə, müşavirələrə dəvət olunub.

Azərbaycan komsomolunun XXX, XXXI qurultaylarına nümayəndə seçilib. Sovet uşaq ədəbiyyatı və incəsənəti nümayəndələri tərkibində Çexoslovakiyada (1972),Macarıstanda (1979) olmuşdur. Türkiyədə İzmir şəhərində I Uluslararası Türk dünyası Turizm və Kültür simpoziumunda iştirak edib (1994).

İlyas Tapdıq müasir uşaq ədəbiyyatının tanınmış nümayəndələrindən olub. Şairin uşaq əsərlərinin mühüm bir qismini yurdumuzun təbiətinə,gözəlliklərinə həsr olunmuş əsərlər təşkil edir. "Bildirçin" uşaqların çox sevdiyi,həvəslə əzbərlədiyi,söylədiyi əsərlərdəndir. "Dəmirağac" şeirində təbiətin möcüzəsi olan dəmirağacın xüsusiyyətləri poetik bir dillə bəhs edilir. "Bir evim var..." şeiri şifahi xalq ədəbiyyatının tapmaca janrında istifadə yolu ilə yazılıb. "Qaçaq dovşan" poemasının qəhrəmanı uşaqların çox sevdiyi dovşandır. Bu əsər uşaq ədəbiyyatımızda dovşana həsr olunan digər əsərləri təkrarlamır,orijinallığı ilə diqqəti cəlb edir. Əsərdə yırtıcı,hiyləgər heyvanlarla dostluq edən dovşan fərasətli,qoçaq,sayıqdır. Şairin yaradıcılığında vətən mövzusunda əsərlər mühüm yer tutur. Onun 20 Yanvar şəhidlərinə həsr olunmuş "Bir şəhiddir ürəyim" şeirini həyəcansız oxumaq olmur.

Ürəyindən əməliyat olunmuş şair 25 dekabr 2016-cı ildə axşam saatlarında Bakıda, evində vəfat edib.  Şair Badamdar qəbirstanlığında, həyat yoldaşının yanında dəfn olunub.

Aysel
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений