Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

İmtahansız qəbul üçün nazirlik yeni yol göstərdi



“Təhsil haqqında” qanuna daha bir dəyişikliyin edilməsi təklif olunub.

Təhsil Nazirliyi bu dəfə də ali məktəblərə müsabiqədənkənar qəbulla bağlı qanuna dəyişiklik edilməsini təklif edir. Bu dəfəki təklifə görə, Azərbaycanda beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil almış abituriyentlərin təhsil aldıqları dildə tədris olunan ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunması nəzərdə tutulur. Bunun üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş şərtlər yerinə yetirilməlidir. 

Xatırladaq ki, qanuna təklif edilən digər dəyişikliklərə görə, beynəlxalq fənn olimpiadalarının,  istənilən ixtisaslar üzrə, respublika fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunacaqlar. 

Qeyd edək ki, yerli olimpiada qaliblərinin müsabiqədənkənar qəbul olunması ilə bağlı təklif bir sıra təhsil ekspertləri tərəfindən illərlə imtahanlara hazırlaşan abituriyentlərə münasibətdə ədalətsizlik kimi qəbul olunub. Dövlət İmtahan Mərkəzinin isə təklifi təqdir etdiyi açıqlanıb. Bəs, xüsusi proqram üzrə təhsil alanların imtahansız qəbul olunması nə qədər ədalətlidir? 
Bu, bundan sonra ali məktəbə daxil olmaq yolunun məsələn,“British School”-dan keçməsi demək deyilmi?

Təhsil eksperti Elşən Qafarov isə bu təklifi təqdir edir. Onun bildirdiyinə görə, Azərbaycanda beynəlxalq proqramlardan AS 6 nömrəli məktəbdə, Britaniya kurrikulumu “British School”-da, SOKAR-ın “İstedadlar” litseyində, Oksford məktəbllərində keçirilir. Həmin proqramlar Təhsil Nazirliyi tərəfindən tanınıb: “Beynəlxalq təcrübədə bu var ki, beynəlxalq proqramlar üzrə təhsil alanlar digər ölkələrdə təhsil alırlar. Necə ki, AzərbaycandanTürkiyəyə gedib, təhsil alırlar. Beynəlxalq proqramlarla təhsil alanların müsabiqədənkənar qəbulu inanıram ki, müsbət istiqamətdə dəyişikliyə səbəb olacaq. Bu ölkədə ali təhsil məktəblərinin də inkişafına səbəb olacaq”. 

Elşən Qafarov eləcə də ölkədə keçirilən olimpiada qaliblərinin müvafiq fənnlər üzrə müsabiqədənkənar ali məktəblərə qəbul olunması ilə bağlı təklifi təqdir edir: “Heç kimə sirr deyil ki, indi ölkədə fənn olimpiadaları şəffaf keçirilir. İstər yerli, istərsə də beynəlxalq olimpiadalarda əldə etdiyimiz uğurlar bu sahədə əldə edilən şəffaflığın göstəricisidir. Əgər olimpiadalarda ən layiqli şagirlər yer tuta bilirsə, həmin şagirdlərin müsabiqədənkənar qəbulu edilməsi təqdirolunmalıdır. Bu Sovet təcrübəsində də var idi. Məsələn, kimya üzrə olimpiadanın qalibi olan və qızıl medal alan abiyuriyent niyə də həmin ixtisas üzrə müsabiqədənkənar qəbul olunmasın. Bu fənn olimpiadalarına da marağı artıracaq”. 

Ekspert bildirir ki, Azərbaycan Konstitutsiyasının 42-ci maddəsində də nəzərdə tutlulur ki, dövlət istedadlı şəxslərin üzə çıxarılmasına şərait yaradır. 

Xatirə Nəsirova 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений