Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

İnqilab Ermənistanı çökdürür



Ermənistan parlamentində keçirilmiş səsvermənin nəticələrinə görə, müxalifət lideri Nikol Paşinyan baş nazir seçilə bilmədi. Xatırladaq ki, Nikol Paşinyan hökumət rəhbəri postuna yeganə namizəd idi. Lakin Ermənistan Milli Məclisində səs çoxluğuna malik, eks-prezident Serj Sarkisyanın sədrlik etdiyi Respublika Partiyası “məxməri inqilab”ın liderini dəstəkləmədiyinə görə, Paşinyan baş nazir seçilmək imkanından məhrum olub. Belə ki, onun xeyrinə 45 deputat səs verib. Hakim ERP isə 58 mandata malikdir. 56 nəfərin əleyhinə səs verməsi Nikol Paşinyana hökumət başına gəlməyə və öz inqilabi asi qələbəsini legitimləşdirməyə imkan verməyib. Ona görə də N.Paşinyan və tərəfdarları hakim partiyanın bu qərarına etiraz olaraq yenidən kütləvi aksiyalara başlayıb. İkinci inqilabi dalğa paytaxt İrəvanda itaətsizlik, yolların bağlanması və tətillələrlə müşahidə olunur. Paşinyan etirazçılara müraciət edərək bütün respublika üzrə kütləvi etiraz aksiyalarına başlamağa, o cümlədən, nəqliyyatın hərəkət yollarını, dəmiryolunu və hava limanlarını blokadaya almağa çağırıb.

Avropa Birliyi yaranmış gərgin vəziyyətlə bağlı vətəndaşları və dövlət orqanlarını qarşıdurmadan çəkinməyə, bütün maraqlı tərəfləri hökumətin formalaşması üçün dialoqa çağırıb. 

Siyasi ekspertlər isə “xalqın namizədi” N.Paşinyanın parlamentdəki məğlubiyyətini daha çox Rusiyanın siyasi qələbəsi kimi şərh edir. Yəni hadisələrin birinci mərhələsində daha çox müşahidəçi mövqeyi tutan Kreml sonradan Ermənistanda hakim rejimin saxlanılması üçün hərəkətə keçdi. Kütləvi aksiyaların güc yolu ilə dağıdılması artıq qeyri-mümkün olduğundan Putin administrasiyası daha çox hüquqi prosedurları işə salmaqla Nikol Paşinyanın baş nazir seçilməsinin qarşısını almağa üstünlük verdi. Rusiya öncə, baş nazirin səlahiyyətlərini icra edən Karen Karapetyanın Nikol Paşinyana alternativ namizəd kimi irəli sürülməsinə nail olmaqla hakim partiyanın müxalifət üzərində siyasi qələbəsini təmin etməyə çalışırdı. Lakin Karen Karapetyanın bu vəzifədən imtina etməsi Rusiyanı başqa variantlara əl atmağa vadar etdi. Ümumiyyətlə, Karapetyanın baş nazir olmaq fikrindən daşınması ilə bağlı müxtəlif rəylər səslənir. Bəzi məlumatlara görə, Qərb dairələri Karen Karapetyana və onun qardaşı, Ermənistanda tanınmış oliqarx Samvel Karapetyana təzyiq göstərərək namizədliyini irəli sürəcəyi halda onların Avropa banklarındakı vəsaitlərini donduracağı ilə təhdid edib. Ermənistan mediası isə yazır ki, son dövrlər Serj Sarkisyan başda olmaqla Respublika Partiyasının aparıcı siyasətçiləri ilə K.Karapetyan arasında yaranmış fikir ayrılığı sonuncunu baş nazir vəzifəsindən imtina etməyə vadar edib. Ona görə rəsmi Moskva ilə məsləhətləşmələrdən sonra ERP N.Paşinyanın əleyhinə səs verməklə onun baş nazir seçilməsini hələlik əngəlləmək variantı üzərində dayanıb. 

Qeyd edək ki, Ermənistan qanunvericiliyinə görə, baş nazir seçilmək üçün parlamentdəki 105 deputatın 53 nəfərinin səsi namizədin lehinə səs verməlidir. Nikol Paşinyanın lehinə “Yelk”, “Tsarukyan” və “Daşnaksütyun” fraksiyaları dəstəkləyib. Hakim Respublika Partiyasından isə yalnız bir nəfər-Feliks Tsolakyan Nikol Paşinyanın xeyrinə səs verib. Buna baxmayaraq, ERP-nın güzəştə getməməsi nəticəsində müxalifət lideri 45 səs topladığı üçün lazım olan əlavə 8 səsi itirib. Ermənistan konstitusiyasına görə, birinci turda baş nazir seçilə bilməyən N.Paşinyan yalnız ikinci mərhələdə namizədliyini irəli sürə bilər. Yəni birinci səsvermə günündən 7 gün sonra təkrar səsvermə keçiriləcək. Həmin mərhələdə də N.Paşinyan zəruri olan səsi toplaya bilməsə, o halda prezident parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi barədə qərar imzalayacaq. Bir həftədən sonra keçiriləcək təkrar səsvermə zamanı hakim Respublika Partiyasının N.Paşinyanı dəstəkləməsi indiki şəraitdə real görünmür. Çünki Rusiya ERP-ə kifayət qədər təsir imkanlarını saxlayır. Yalnız kütləvi etirazlar nəticəsində hökumətin ölkəyə nəzarəti itirməsi və hakim partiyanın daxilində fikir ayrılığının yaranması ERP-ı N.Paşinyana səs verməyə məcbur edə bilər. Hələlik təsdiqini tapmayan məlumatlara görə, ERP ikinci turda Serj Sarkisyan hökumətində baş nazir vəzifəsini tutmuş Vaqram Baqdasaryanın namizədliyini irəli sürə bilər. Lakin V.Baqdasaryan ciddi nüfuza malik siyasətçi hesab olunmur. Karen Karapetyandan sonra hakim partiyanın daxilində baş nazirliyə real siyasi lider yoxdur. Bir sözlə, ERP inzibati resurslara malik olsa da, lider çatışmazlığı və ictimai dəstəyin olmaması ilə üzləşib. Ona görə də növbədənkənar seçkilərdə qalib gəlmək və ya bu seçkiləri öz xeyrinə saxtalaşdırmaq ERP üçün çox çətindir. Bu gün cəmiyyəti öz arxasınca apara bilmək gücünə malik olan Nikol Paşinyanın timsalında müxalifət nüfuzlu və populyar liderə, həm də böyük ictimai dəstəyə malikdir. Ancaq müxalifətin öz qələbəsini legitimləşdirmək və hökumətə gəlmək üçün inzibati resursları yoxdur. 

Analitiklərin fikrincə, ERP mövcud situasiyada daha çox vaxt qazanmağa çalışır. Yəni N.Paşinyanın iki mərhələdə səs toplaya bilməməsi hakim partiyaya növbədənkənar seçkilərə qədər inzibati və iqtisadi resurslara nəzarəti əldə saxlamaq imkanı yaradır. Bu da yaranmış ictimai-siyasi narazılığın səngiməsinə və yeni komanda ilə seçkilərə getmək üçün əlavə imkanlar aça bilər. Nikol Paşinyanın sözlərinə görə, Ermənistanın ikinci prezidenti Robert Koçaryan və onun siyasi varisi Serj Sarkisyan aprelin 30-dan mayın 1-nə keçən gecə Respublika Partiyasının bütün deputatlarını toplayaraq onlara fiziki, mənəvi, psixoloji təzyiq göstərərək müxalifət namizədinə səs verməməyi tələb edib. Bununla da Koçaryan və Sarkisyan hakimiyyətin ERP-ın əlində qalmasını təmin etməyə çalışıb. 

Müxalifət isə vəziyyəti öz xeyrinə dəyişmək üçün yenidən kütləvi itaətsizliklə müşahidə olunan etiraz aksiyalarından istfadə edir. Lakin bu aksiyalarda yerli idaəretmə orqanlarının və büdcədən maliyyələşən bir sıra dövlət orqanlarının işçilərinin N.Paşinyanın tərəfinə keçməsi siyasi balansı müxalifətin xeyrinə dəyişməyə başlayıb. Artıq Gümrü, Maralik, Lori, İcevan şəhərlərinin meriyası, Tavuş və Vanadzor əyalətlərinin administrasiya binaları əhali tərəfindən tutulub. Tavuş əyalətində və İcevan şəhərində yerli bankların işçiləri, vergi müfəttişləri hökumətə qarşı çıxıb. Gümrü Lokomotiv Deposu, İrəvan Metropoliteni, İrəvan Teatr İnstitutnun müəllim kollektivi, tələlbələri, bir qrup aktyoru aksiyaçılara qoşulub. Gümrü-İərvan dəmiryolu xətti bağlanıb. Ermənistanda vəziyyət getdikcə nəzarətdən çıxır. 

Mayın 1-də keçirilmiş səsvermənin nəticələrinə münasibət bildirən “Tsarukyan” blokunun deputatı Naira Zöhrabyan Respublika Partiyasının mayın 8-də keçiriləcək baş nazir seçkilərində də N.Paşinyana səs verəcəyinə inanmadığını deyib: “Bu dəfə konstitusiyanın başqa norması işləyəcək. Bu, Milli Məclisin buraxılması, ən azı 30, maksimum isə 45 gün müddətindən çox olmayaraq növbədənkənar parlament seçkilərinin keçirilməsidir”. 

Naira Zöhrabyan bildirib ki, ERP qarşıdan gələn parlament seçkilərinə hazırkı adı ilə getməyəcək. O, qeyd edib ki, ERP-ın məqsədi yalnız mövcud Seçki Məcəlləsi çərçivəsində seçkilərə getməkdir. 

“Artıq Respublika Partiyası yoxdur. Onun bu və ya digər üsulla öz mövcudluğunu uzatmaq cəhdi iflasa məhkumdur. Hətta bu gün hakimiyyət tamamilə Respublika Partiyasının əlində olsa belə, hər hansı ad altında sandıq başına getməsinə baxmayaraq, növbəti parlament seçkiləri onsuz da bu partiyanın sonu olacaq”. Naira Zöhrabyan “Tsarukyan” blokunun Nikol Paşinyanın rəhbərlik etdiyi ümumxalq hərəkatını dəstəkləməkdə davam edəcəyini deyib. 

Ancaq hakimiyyət düşərgəsindən gələn son siyasi mesajlar ERP ilə Nikol Paşinyanın konsensusa gələ biləcəyi ehtimalını artırır. Ermənistan prezidenti Armen Sarkisyan yaranmış siyasi böhranın ölkəni təhlükəyə apardığını bəyan edərək bütün siyasi qüvvələri yaxın günlərdə məsləhətləşmələrə dəvət edib. Eyni zamanda, aprelin 27-də N.Paşinyanla görüşdən imtina edən K.Karapetyanın bütün siyasi qüvvələri “qarşılıqlı qətiyyət , iradə və çeviklik nümayiş etdirmək, danışıqlar aparmaq çağırışı ilə" müraciət etməsi hakim partiyanın mövqeyində geri çəkilməsi kimi başa düşülə bilər. Yəni mayın 8-də keçiriləcək səsvermədə siyasi böhranın konstitusiyaya uyğun həlli variantı kimi N.Paşinyanın namizədliyinə səs verilməsinə Respublika Partiyası razılıq verə bilər. Ancaq bu danışıqlar “məxməri inqilab”ın nəticələrini qəbul etməyən Rusiyaya öz şərtlərini Paşinyan hökumətinə qəbul etdirmək üçün siyasi pəncərə açır. Qeyd edilən razılaşma Paşinyana isə öz legitim hakimiyyətini formalaşdırmaq imkanı verə bilər. Bu müttəfiqliyin nə qədər davam edəcəyi növbədənkənar parlament seçkilərinin nəticələrindən asılı olacaq. 

Müşfiq








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений