hava haqqinda Bakı
Bu gün +3 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0257
  • EURO - 1.9202
  • NEFT - $ 66.56
  • clouds-weather

İnqilabın 40 illiyini qeyd edən İran: Qıtlıq, bahalaşma, sosial narazılıq… - REPORTAJ

İnqilabın 40 illiyini qeyd edən İran: Qıtlıq, bahalaşma, sosial narazılıq… - REPORTAJ

ABŞ-ın İran iqtisadiyyatına tətbiq etdiyi sanksiyalar rialın (tümənin) xarici valyutalar qarşısında kəskin devalvasiyası ilə müşahidə olunur. 

2018-ci ilin müvafiq dövründə 3300-3400 tümənə bərabər olan 1 ABŞ dolları hazırda 11 min tümənə qədər yüksəlib. Əgər ötən ilin avqust ayında 1 ABŞ dolları 9 min tümən təşkil edirdisə, noyabr ayında İranın neft sektoruna sanksiyaların tətbiqindən sonra devalvasiyanın həcmi 23 faizə yaxın artıb. Valyuta bazarında ciddi dollar çatışmazlığı hiss olunur. 

Milli valyutanın dəyərdən düşməsi istehlak bazarında ciddi problemlər yaradıb. Bu, özünü yalnız qiymət artımında deyil, həm də istehlak bazarında məhsul qıtlığının yaranmasında göstərir. İranın sərhəd gömrük-keçid məntəqələrində bir sıra ərzaq məhsullarının ölkədən çıxarılmasına qadağa qoyulub. Ölkə sərhəddini tərk edən yerli və xarici vətəndaşlara xəbərdarlıq məqsədi ilə asılmış lövhələrdə ət, yağ, un, qənd, düyü, şəkər tozunun İran ərazisindən çıxarılmasına icazə verilmədiyi qeyd edilib.  Avropa ölkələri ABŞ-ın İrana qarşı sanksiyalarını tənqid etsə də, faktiki olaraq, bu ölkə ilə ticarət əməliyyatlarını məhdudlaşdırmağa məcbur olub. Bu, özünü ilk növbədə, Avropa ölkələrindən idxal edilən dərman preparatlarının çatışmazlığında göstərir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə apteklərdə İsveçrə, Almaniya, Fransa istehsalı olan dərman vasitələri tapmaq problemə çevrilib. İran istehsalı olmayan dərmanların satışına kvota tətbiq edilib. Bu isə, Azərbaycandan İrana müalicəyə gedən pasiyentlərin sayının azalmasını şərtləndirən əsas amillərdən birinə çevrilib. 

İran rialı Azərbaycan manatı qarşısında da dəyərini itirməkdə davam edir. 2018-ci ilin fevral ayında 1 AZN 2350-2400 tümənə konvertasiya olunurdusa, iyun ayında bu göstərici, 4100, iyul ayında 5000 tümənə qədər yüksəldi. Son günlər isə 1 AZN-nin İran valyutasına nisbətdə dəyəri 6700 tüməndir. Yəni, son səkkiz ayda manat 34 faiz bahalaşıb. Beləliklə, AZN məzənnəsinin İranın valyuta bazarında getdikcə artması manat-rial-manat mübadiləsi zamanı Azərbaycan vətəndaşlarına əlavə gəlir əldə etmək imkanı yaradır. Ümumiyyətlə, İranda Azərbaycan manatı ABŞ dollarından sonra ən çox tələb olunan valyutalardan biri sayılır. Manatın bahalaşması xidmət sektorundakı qiymətlərə də təsir göstərib. Əgər ötən ilin müvafiq dövründə Azərbaycanın Biləsuvar sərhəd-keçid məntəqəsindən bir nəfər taksi ilə Təbrizə və ya Ərdəbil şəhərinə getmək üçün 15 AZN ödəməli olurdusa, artıq bu qiymətlər 10 manata düşüb. Qeyd edək ki, bu qiymət fərqi manatla ifadədə görünsə də, konvertasiya zamanı riala nisbətdə dəyişməyib. Bu da, manatın riala qarşı sürətlə möhkəmlənməsi ilə bağlıdır. Bu baxımdan, İran İslam Respublikasına səfər etmək Azərbaycan vətəndaşları üçün sərfəli sayılır. Məsələn,Təbriz şəhərindəki üç ulduzlu otellərdə bir nəfərin gecələməsi əvvəllər 18-20 manata başa gəlirdisə, indi bu qiymətlər orta hesabla 10 AZN təşkil edir. 

Diqqətçəkən məqamlardan biri də otellərin və restoranların müştəri qıtlığından əziyyət çəkməsidir. Bu da, ölkəyə turist axınının kəskin şəkildə azalması ilə bağlıdır. Qeyd edək ki, otel və restoranların göstərdiyi xidmət səviyyəsi əvvəlki ilə müqayisədə xeyli aşağı düşüb. 

Böhran şəhərdaxili taksi xidmətlərinin qiymətində də özünü açıq şəkildə büruzə verir. 2018-ci ilin may-iyun aylarında taksi 7000 tümənə getdiyi yolu hazırda 10 min tümənə aparır. Bu da, taksi xidmətinin 42 faiz bahalaşması deməkdir. 

Tümənin sürətlə dəyər itirməsi İran əhalisinin sosial həyat tərzinə mənfi təsir göstərib. Əhali arasında işsizliyin atması ciddi narazılıq doğurur. Yerli sakinlərin dediklərindən məlum olur ki, mövcud problemləri aradan qaldırmaq üçün hökumət rialın denominasiyasını həyata keçirməyə hazırlaşır. Lakin bu prosesin nə vaxt baş verəcəyi haqqında konkret qərar yoxdur. 
Sanksiyalardan sonra İranda yaranmış əsas problemlərdən biri əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsidir. Bu da, orta və kiçik sahibkarlığa mənfi təsir göstərir ki, makroiqtisadi tarazlığın pozulması ilə müşahidə olunur. Xatırladaq ki, ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalarda səkkiz ölkəyə verdiyi 180 günlük güzəşt müddəti hələ başa çatmayıb. Bu da, İranda yaşanan iqtisadi böhranın ilk mərhələsi kimi qiymətləndirilə bilər. Sanksiyalar tam qüvvəyə mindikdən sonra İranın daha dərin iqtisadi böhranla üzləşəcəyi gözlənilir. Ancaq denominasiya prosesinin mövcud sosial-iqtisadi problemləri aradan qaldıracağı inandırıcı görünmür.  

Müşfiq Abdulla
Cebhe.info


Oxunma sayı: 1499