Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

İnsan qanına susayan bıçaqlar: Qəddarlıqla törədilən cinayətlər niyə artıb?



Azərbaycanda amansızlıqla törədilən tükürpədici qətllərin sayı artıb.Az qala hər gün dəhşətli və qəddarlıqla törədilmiş cinayətlərlə bağlı xəbərlər alırıq. Vəhşiliklə törədilmiş qətl hadisələrinin əksəriyyəti ailə-məişət zəminində baş verir.Bəzən qisasla, bəzən əsəblə, bəzən isə qısqanclıqla törədilmiş qətl hadisələrinin mahiyyəti fərqli olsa da, nəticədə hər birində xüsusi amansızlıq, qəddarlıq və insanlıqdan kənar motivlər durur.Arvad ərini baltalayır, məktəblilər bir-birini bıçaqlayır, qardaş bacısını namus üstündə, nəvə nənəsini balta ilə qəddarlıqla qətlə yetirir.Bu kimi qanlı tükürpədici olaylarla gecəmizi sabahlayır, ömrümüzü vərəqləyirik.

Təəssüf ki, bu sahədə nə lazımi maarifləndirmə işləri görülür, nə də zorakılıqların qarşısı kəsilir.Sanki cəmiyyət olaraq hər kəsin psixoloji problemləri və mənəviyyatı məhv olub.Normal düşüncə və dəyərlər itib.Son illər isə toplum daha da qəddarlaşıb və aqressiya artıb.

Qana susamış qətllərin səbəbi...

Ekspertin fikrincə, son 10 ildə insanların psixoloji durumları çox gərgindir.Psixoloji durumun gərgin olması da istər-istəməz münaqişə törədir, qətl yaradır.Bu durumu yaradan sosial-iqtisadi problemlər, işsizlik, narkomaniyaya, sərxoşluğa meyillilik, fahişəliyin artımı kimi toplumların hamısı cəmiyyətdə, insanlarda psixoloji durumları gərginləşdirir. Belə olan halda istər küçədə, istər evdə, istər məktəbdə və ya iş yerlərində söhbətin aydınlaşdırılması mübahisə, mübahisədən sonra isə qətllə yekunlaşır. Bu ilin oktyabr və noyabr aylarında qəddarlıqla törədilmiş cinayət xəbərlərinə daha çox rast gəldik.Maraqlıdır ki, qətllərin çoxunda qana susamış motivlər diqqəti daha çox cəlb edib.

Qətllərin izi ilə...

Ötən ayın 16-da Bakının Xətai rayonunda qanlı insident yaşandı. Paytaxt sakini, 31 yaşlı Həsənov Vüqar Əbdülhəmid oğlu Günəşli qəsəbəsi, General Mehmandarov küçəsi 20 ünvanında adı istintaqla dəqiqləşdirilən bir nəfərlə mübahisə edib. Mübahisənin tərəflər arasında yol verilmiş nalayiq ifadələrdən qaynaqlandığı deyilir. Hər iki şəxs “söhbətin aydınlaşdırılması”na bıçaqla gəlib və sonradan əlbəyaxa davaya çevrilən mübahisə zamanı qarşılıqlı şəkildə bir-birilərinə bıçaqla xəsarətlər yetirib. Nəticədə ağır xəsarət alan V.Həsənov 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onun bıçaqladığı şəxs isə hadisə yerində dünyasını dəyişib.

Oktyabrın 17-də Abşeron rayonunun Saray qəsəbəsində qardaşı öz bacısını "namus üstündə" öldürüb.

1982-ci il təvəllüdlü Süleymanova Əntiqə Abdulla qızı doğma qardaşı tərəfindən qısqanclıq zəminində qətlə yetirilib. Qardaş öz aləmində bu əməli ilə “ailənin namusunu qoruyurmuş”.Kişi Süleymanovanın üzünə ov tüfəngindən atəş açıb və cinayəti törətdiyi yerdən qaçaraq gizlənib.Sadəcə o məlumdur ki, qızın 3 qardaşı var. Cinayəti onlardan biri törədib. İlkin məlumata görə, qardaşı dul qalmış bacısını başqa bir kişi ilə intim əlaqə zamanı tutub.

Növbəti qətl hadisəsi oktyabrın 20-də Şəmkirdə baş verib. Rayonun Zəyəm qəsəbə sakini, 1989-cu il təvəllüdlü Məmmədov Tural Ramiz oğlu bıçaqlanıb. Bıçaq xəsarətləri ilə Şəmkir Rayon Xəstəxanasına çatdırılsa da, onun öldüyü məlum olub.T.Məmmədov mübahisə zəminində həmyerlisi, 15 yaşlı yeniyetmə tərəfindən ürəyindən bıçaqlanaraq qətlə yetirilib.

Noyabr ayının 4-ü gecə saat 5 radələrində Gəncədə müəmmalı qətl hadisəsi baş verib.Öldürülən şəxs güləş üzrə idman ustası, Gəncədəki “Təhsil” idman kompleksinin keçmiş direktor müavini, sahibkar, “Qoçu” ləqəbli Qoca Tofiq oğlu Quliyevdir.Öldürülən şəxsin adamları qətlin ilkin araşdırmalar zamanı bəzi qüvvələr tərəfindən “ört-basdır” edildiyini vurğulayıblar.Hadisənin qəfil ürək-damar sisteminin tutulması ilə əlaqələndirilməsinə baxmayaraq, mərhumun ailəyə yaxın şəxslə əlbəyaxa vəziyyətdə küt alətlə başının arxasından vurulduğunu doğmaları və şahidlər iddia ediblər.

Noyabrın 8-də Bakının Sabunçu rayonunda dəhşətli qətl hadisəsi baş verib.Sabunçu qəsəbəsinin Əbdülkərim Əlizadə küçəsində yaşayan 45 yaşlı Vəliyev Nazim Fəxrəddin oğlu həyat yoldaşı ilə ailə münaqişəsi zəminində mübahisə edib.Bu zaman qadın onun baş nahiyəsinə balta ilə zərbə endirib.Nəticədə N.Vəliyev ölüb.Hadisə baş verən zaman N.Vəliyev sərxoş olub.Bildirilir ki, son vaxtlar ailədə hər gün münaqişə olurmuş və N.Vəliyev evə içkili vəziyyətdə gələrək həyat yoldaşını döyürmüş. O, fəhləliklə məşğul olub. Ər və arvadın birgə nikahdan iki övladı var. Digər qətl noyabrın 9-da Gədəbəyin Söyüdlü kəndində baş verib.Belə ki, kənd sakini, 45 yaşlı Həsənəliyev İbrahim Nəcəf oğlu həmkəndlisi Süleymanov Rəşad Tapdıq oğlu ilə mübahisə edib.Mübahisə dava ilə nəticələnib.Dava zamanı R.Süleymanov İ.Həsənəliyevi bıçaqla qətlə yetirib.Onların hansı səbəbdən mübahisə etdikləri məlum deyil.
Noyabrın 11-də Sumqayıtda 58 yaşlı qadın qətlə yetirilib.Mənzilə daxil olan şəxs və ya şəxslər əvvəlcə kəsici-deşici alətlərlə Nuridə Həsənovanın müxtəlif nahiyələrinə zərbələr vurmaqla ona xüsusi işgəncə veriblər.Daha sonra isə başını kəsiblər.Qadının meyitini həyat yoldaşı aşkar edib.Qətli törədən şəxs və ya şəxslərin tapılaraq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.Qətlə yetirilən Nuridə Həsənovanın Sumqayıtda mənzil istismar sahəsində çalışdığı bildirilir.

Həmin gün Şəkidə də qətl hadisəsi törədilib.79 yaşlı nənə nəvəsi tərəfindən qətlə yetirilib. 1938-ci il təvəllüdlü Nüvər İbrahimxəlil qızı Sadıqova qız nəvəsi tərəfindən öldürülüb. Şəki şəhər İcra Hakimiyyətindən Cebhe.info-ya verilən məlumata görə, nənəsini qətlə yetirən şəxsin ruhi xəstə olması haqda məlumatlar yayılıb: “Bu cür söz-söhbətlər var. Ruhi xəstə olduğu deyilən qız nənəsini balta ilə qətlə yetirib”. Hazırda faktla bağlı Şəki rayon Prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.

Noyabrın 11-də həmçinin Gəncədə də qətl hadisəsi törədilib.Qətlin qurbanı sələmçiliklə məşğul olan qadın olub.İzi itirmək istəyən cinayətkarlar daha sonra mənzili yandırıblar.Yanğından xəbər tutan qonşular Gəncə Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin əməkdaşlarına xəbər veriblər.Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər mənzilə daxil olarkən orada 47 yaşlı Pərvanə İsmayılovanın qolu bağlı meyitini aşkar ediblər.İlkin ehtimala görə, hadisə soyğunçuluq məqsədilə törədilib.Xatırladaq ki, bir müddət əvvəl Gəncədə daha bir sələmçi qadın da bu şəkildə qətlə yetirilərək evi yandırılmışdı.

Məlumat üçün qeyd edək ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, 2017-ci ilin ilk yarım ilində respublikada 80 qəsdən törədilmiş qətl hadisəsi qeydə alınıb.Ötən ilin analoji dövrü ilə müqayisədə bu 11 nəfər azdır.Amma payız mövsümündə qətllərin sayı daha da artıb.Bu barədə statistika rəsmi qurumlar tərəfindən ilin sonunda veriləcək.Amma müşahidələr göstərir ki, ötən illə müqayisədə qəddarlıqla törədilmiş qətllərin sayında artım var.

Alçina Amilqızı

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений