Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

İnsanlığın xilas şifrəsi



İnsanla təbiət harmoniya təşkil edir. Biri digərini tamamlayır, bəzən təmin edir, qidalandırır. Təbiət insanın istəklərinə uyğun formalaşıb inkişaf edir və ya fəsadlar törədir. Ətrafda baş verən hər şeyi əslində insan özü formalaşdırır. Onun düşüncəsindən doğan bioritm dərhal təbiətə keçir: insan olmasa zəlzələ də olmaz, qasırğa da, yağış da, qar da. Amma bunda əlaqənin olmadığını düşünən və kosmosun bir zərrəsi olduğunu qəbul etməyən ritmsiz insanlar da var. Onlar istinad nöqtəsini beyinlərinin nüvəsində deyil, hansısa kənar bir müstəvidə aramaqdadırlar. Elə təbiətin bioritmini pozanlar da onlardır.

Göyün ahəngini görürsünüzmü? Bütün cisimlər bəlli bir trayektoriya üzrə hərəkət edir: Marsın öz yolu, Yupiterin öz yolu var, Günəş istilik və enerji verir, Ay soyuqluq verir, əsəb sistemini həssaslaşdırır – bizə bəlli olan 8 planet Günəşin ərafında səhvsiz dövr edir. Onlardan biri yolunu “azsa” fəlakət olar, bəşər qalmaz.

Su anbarı kimi yaradılan buludların möcüzəvi mənzərəsini, quruluşunu da görmüsünüz. Buludlar səmada üzə-üzə harada suya ehtiyac varsa, oraya da boşalır. Bəs külək? O da dünyamızın ritmini tənzimləmək üçün coğrafi iqlimlər arasında daimi hərəkətdədir. Dinimiz - gözümüzə görünən, hətta görünməyən nə varsa, hamısının insana xidmət üçün yaradıldığını deyir. Biz isə bəzən gözümüzə görünən xidmətləri belə görmək istəmir və ya onu anlamaq qüdrətini itiririk. Bilmirik ki, arılar təbiəti tozlandırmasa, qarışqalar torpağı yumşaltmasa, planetimiz məhv olar. Silahlar dilə gələndən onların da fəaliyyəti zəifləyib. Bu səbəbdən də zəlzələlər, sürüşmələr, daşqınlar hər qitədə ağır fəsadlar törətməkdədir. Ritmi isə pozmaq olmaz.

İnsan-təbiət harmoniyasını qorumaq üçün düşüncə ritmimizi tənzimləməliyik. Hər səhər eyni bədbinlik, hər axşam eyni ümidsizlik müsbət istəklərin qarşısını alır. Nəticədə də insanın ruhu əndazədən çıxır, öz bioritminə cavabdeh olmur. Anlayışsız insanlar dərk etmir ki, kainatın hərəkətverici qüvvəsi beynimizin bir nöqtəsini tutan düşüncəmizdədir. Düşüncə nə diqtə edirsə, o da olur – təki o düşüncəni zəhərlə zirehləməyəsən, mənfi enerjiyə bükməyəsən!

Birmənalı qənaətdir ki, oxşar oxşarı çəkir. Elə isə nədən insanlıq bunca fəlakətlərə mübtəla olur, bunca acılardan keçir? Olmazmı ki, ətrafa nikbin şüalar buraxaq, Göylərə xoşməramlı mesajlar yollayaq? Olmazmı ki, cahanın yaranışından gələn gözəllik ritminə uyaq? Nəyə görə oxşarımız mənfi müstəvidən doğmalıdır?

İnsanı yaşadan işdir, gözünü dünyaya açan, əziyyətə qatlaşdıran, halal ruzi qazandıran işdir. Amma bu gün o ritm də pozulub. Ona görə də insanlar tənbəlləşməkdədir, böyük idealları məişət səviyyəsinə endirməkdədir.

Dünyamızın siyasi boiritmi də əndazədən çıxmaqdadır. Böyük ölkələrin böyük iqtidarına daha çox zəkadan kasad olan adamları gətirirlər. Fikir verirsinizsə, aparıcı dövlətlərə rəhbərlik edənlər anormal mövqe sərgiləyir, insanlığın fəlakətinə fərman verməyi qanunauyğunluq sayırlar. Sanki bütün rəhbərlər davakarlardır və öz reytinqlərini müharibə aparmaqla qaldırmağa çalışırlar. Elə ona görə də planetimiz zalımın məzlum qanı tökməsi ilə müşayiət olunur.

Bu gün istedad ritmi də yanlışlığa doğru irəliləməkdədir. Zəka, savad və ziya hikkə, iddia və hökmranlıq hissində əriyib gedir. İnsanlar öz qabiliyyətini daha çox mənfi istiqamətə yönəldir. Zavallı məmləkətimizdə isə bu hal daha bərbad görkəm alıb. Ziyalı gənclik, ziyalı orta təbəqə yararlı olduqları ölkəni ya tərk edir, ya da qaranlıq daşıyıcılarının köləsinə çevrilir. Tarix göstərir ki, bu minval uzun zaman ilkin çağlarına dönə bilmir. Əqidə sivilizasiyalarının kəskin qarşıdurmasının pik nöqtələrindən biri də yaşamağa məhkum olduğumuz Azərbaycanda özünü göstərir. Deməli, həm də siyasi ritmdən çıxmağın fəsadlarını yaşamaqdayıq.

Bu gün insanlıq həm də yeknəsəklikdən yorulub – hər gün eyni mənzərə ilə rastlaşmaq püskürməli olan daxili vulkanımızın elə beşiyindəcə boğulmasına rəvac verib. Daxili enerjinin çıxmaması isə insanın mənəvi ağrılarına, uzunmüddətli acılarına, təməlli ümidsizliyinə, hətta sağalmaz xəstəliklərinə səbəb olur. Enerjimiz içimizdə qalmaqdadır – dünyaya uyuşa bilməməyimizin əsası da bundadır.

Düşünürəm ki, yaşadığımız Yerin sevgi ritmi hələ korşalmayıb. İdeoloqlar nə qədər əks fikirlər söyləsə də, media gecə-gündüz təkzibedici təbliğat aparsa da, sevgi ahənginin təməl prinsiplərini tam şəkildə poza bilməyib. Məhz elə bu faktor yaşamağa, ümidli olmağa stimul verir. Sevmək lazımdır – sevilmək üçün, yaşamaq üçün! Deyirlər, inci çirkabda əriməz, olsa-olsa müvəqqəti görünməz hala düşə bilər. Gəlin, o incini üzə çıxaraq. Dünyanın, insanlığın xilası da buna bağlıdır.

Səbuhi Rəhimli








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений