Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

İran rejiminə ana dili tələbi



İran İslam Respublikasında bir qrup azərbaycanlı tələbə Azərbaycan dilinin rəsmi dil olması tələbi ilə prezident Həsən Ruhaniyə müraciət ünvanlayıb. Müraciətdə tələbələr İran daxilində "fars dili ilə yanaşı, türk dilinin bütün səviyyələrdə rəsmi dil olmasını" istədiklərini bildirirlər: “Ölkədə bu dildə danışan insanların sayının çox olması və İranda yaşadıqlarını nəzərə alaraq, bu önəmli işin yerinə yetirilməsi ölkədə sosial və mədəni problemlərin həllində əsas rol oynayacaqdı". Müraciətdə həmçinin İranda yaşayan digər etnosların dilinin də çoxluq təşkil etdiyi bölgələrdə rəsmi dil olması tələb edilir.

Bundan əvvəl İrandakı azərbaycanlılar dəfələrlə prezident Həsən Ruhanini seçki kampaniyası zamanı onlara ana dillərində təhsil barədə verdiyi vədi yerinə yetirməməkdə ittiham ediblər. Qeyd edək ki, 2013-cü ilin prezident seçkisi kampaniyası zamanı Həsən Ruhani Şərqi və Qərbi Azərbaycan ostanlarının əhalisinə vəd etmişdi ki, seçilərsə, onlara İran Konstitusiyasının 15-ci maddəsindən faydalanmaq imkanı veriləcək. Konstitusiyanın bu maddəsi məhəlli və tayfa dillərindən mətbuat və kütləvi mediada istifadə, habelə bu dillərdə təhsil hüququ verir. Həsən Ruhani həmçinin Azərbaycan dili və ədəbiyyatı akademiyasının yaradılacağını bildirmişdi. Fars dili və ədəbiyyatı üçün belə bir qurum çoxdan mövcuddur. Cənab Ruhaninin vədləri arasında bölgənin ən böyük gölü olan Urmiyə gölünün qurumasının qarşısının alınması da var idi. Hələ o vaxt Ruhaninin vədləri mühafizəkarları narahat etmişdi. Onlar milli azlıqlara öz dillərindən istifadə hüququnun verilməsinin ölkənin bütövlüyünə ziyan vuracağından narahat idilər.

Qeyd edək ki, bu ilin fevral ayında Təbrizdə Şahid Mədəni Azərbaycan Universitetinin tələbələrinin "ana dilində təhsil tələbi" ilə etiraz aksiyası keçiriblər. Universitetin foyesinə toplaşan tələbələr məktəblərdə ana dilində tədris tələb ediblər. Bildirilir ki, bu tələb Güney Azərbaycanda İslam inqilabından sonra aktuallaşıb. Tələbələr qeyd ediblər ki, Azərbaycan dili və ədəbiyyatı fənni yalnız Təbrizdə bir universitetdə öyrədilir, Marağa, Binab, Urmu universitetlərində isə seçmə fənn kimi təklif olunur. Aksiyada, "Ruhani, Ruhani, vədlərin hanı?" şüarını səsləndiriblər. Bundan əvvəl də Məhəmməd Xatəmiyə 17 min ziyalının imzası ilə türkcənin tədrisi ilə bağlı müraciət edilmişdi. Son vaxtlar bu tələblər aktuallaşıb. İranda yaşayan azərbaycanlılar öz ana dillərində təhsil almaq istəyirlər.

“İran bölünmüş millətlər həbsxanasıdır”

“Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan “Cümhuriyət” qəzetinə deyib ki, 5 minə yaxın azərbaycanlı tələbə Azərbaycan dilinin rəsmi dil olması tələbi ilə prezident Həsən Ruhaniyə müraciət ünvanlayıb:

“Qeyd edim ki, İranın mövcud konstitusiyasına görə, Azərbaycan türkcəsi məhəlli (yerli dil) dillərdən sayılır. Bu dildə məktəblərdə tədris, həmçinin qəzet və kitabların çıxması, televiziya verilişlərinin aparılması 15-ci maddədə öz əksini tapıb. Amma bu maddə həyata keçirilmir. Ana dilində təhsil tələbi Azərbaycan türklərinin İslam Respublikasının prezidentinə ilk müraciət deyil. Bundan əvvəl oxşar müraciətlər İranın keçmiş prezidentləri Əli Əkbər Haşimi Rəfsəncaniyə, o cümlədən, Məhəmməd Xatəmiyə də edilib. Həm Rəfsəncani, həm Xatəmi, həm də Həsən Ruhani özünü dünya ictimaiyyətinə islahatçı kimi göstərir.

Ötən illərin təcrübəsi göstərir ki, bu müraciətlərin heç birisinin təsiri olmur. Bu ölkənin rəhbərliyi mövcud konstitusiyanın uyğun maddəsini pozur. Belə olan təqdirdə sonrakı mərhələni həyata keçirmək üçün İranda böyük konstitusiya islahatı aparılmalıdır. Yəni, İranda inqilaba bərabər islahat aparılmalıdır ki, ölkədə milli, mədəni haqlar ödənilsin. Bu, təkcə Azərbaycan türklərinə aid deyil, eyni zamanda türkmənlərə, bəlluclara, ərəblərə və başqalarına da şamil edilir. İran bölünmüş millətlər həbsxanasıdır. Bu həbsxanada farsdan və etnik azlıq kimi ermənilərdən başqa heç bir millətin haqqı təmin olunmur. Hesab edirəm ki, azərbaycanlı tələbələrin İran prezidentinə müraciəti tarixdə statistika kimi qalacaq. Müraciət də cavabsız qalacaq”.

Ekspertin qənaətincə, Həsən Ruhani istəsə belə, Azərbaycan dilinin rəsmi dil olması tələbini həyata keçirə bilməz:

“Çünki Həsən Ruhani ölkənin birinci adamı deyil, o, icraçıdır. Ölkənin birinci adamı türk sayılan İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamneyidir. O isə, indiyə qədər bu məsələlərlə bağlı heç bir addım atmayıb. Yaxınlarda onun tək bir videosu yayılmışdı ki, “evdə uşaqlarınızla türkcə danışın”. Əslində onun deyib-deməməsindən asılı olmayaraq Təbrizdə, Ərdəbildə, Meşkində və Güney Azərbaycanın bütün şəhərlərində insanlar öz ailələrində daha çox türkcə danışırlar. Xamneyi Azərbaycan türkcəsinin İranda tədris olunması ilə bağlı göstəriş verməli, bu istiqamətdə addımlar atmalıdır. Amma o, bu istiqamətdə heç bir iş görmür”.

Sədrəddin Soltanın sözlərinə görə, İranda türk kökənli və digər ölkələrin əhalisini məzhəblərarası qarşıdurmaya sövq edən ayrımçılıq siyasəti yürüdür:

“Yaxınlarda İran saytları bəh-bəhlə hansısa kürd filminin beynəlxalq film festivalında iştirak etdiyini yazmışdılar. İranda Güney Azərbaycanın çox məşhur rejissorları var. Amma indiyə qədər İran mətbuatı Azərbaycan filminin beynəlxalq mədəni tədbirlərə qatılması barədə xəbər verməyiblər. Çünki ölkədəki kürdlərin artan təzyiqlərindən İran hakimiyyəti ehtiyatlanır. Hakimiyyət daha çox kürdlərin arxasında dayanan himayədarlardan və havadarlardan qorxur. Ona görə də onlarla bağlı müxtəlif tədbirlər həyata keçirir”.

Analitik hesab edir ki, bundan sonra da İrandakı Güney Azərbaycan ziyalılarının, tələbələrinin istənilən müraciəti sadəcə, kağız üzərində qalacaq:

“Rəsmi Tehran bunların heç birinə əhəmiyyət verməyəcək. Bir ölkədə ki, Urmiyə gölü quruya və bununla bağlı 1990-cı illərdən İran hakimiyyətinə müxtəlif səviyyələrdə ekoloqlar, mütəxəssislər, ictimai fəallar müraciət edələr, amma heç bir tədbir görülməyə. Etnos qrupun ərazisindəki su hövzəsinə belə bir münasibət bildirən hakimiyyət, o etnik qrupun dilinə, milli mədəniyyətinə, milli varlığının qorunmasına hansı münasibəti bəsləyər? Urmiyaya belə münasibət bildirən bir hakimiyyət türkü dilinə və milli mədəniyyətinə xoş münasibət göstərərmi? Çünki Urmuyanın quruması bütövlükdə İranaın iqliminə və s təsir edəcək. İran Urmiyaya bəslədiyi münasibəti onun yiyəsinini türkün dilinə və mədniyyətinə də bəsləyir. Əlbəttə, İran hakimiyyəti daha çox istəyir ki, Urmiyə gölü də qurusun, Azərbaycan türkləri assimilyasiya olunsun, ən yaxşı halda isə türk kökənlilər İranı tərk etsinlər. Hətta 2000-ci illərin əvvəlləri İranda “türklərsiz İran” şüarını irəli sürənlər də olub. Həmin şüarı irəli sürənlər milli ədavət saldığına görə indiyə qədər də mühakimə olunmayıblar. Belə bir hakimiyyətin 4-5 min azərbaycanlı tələbənin müraciətinə münasibəti də anlaşılandır”.

Yeganə Oqtayqızı

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений