Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

İran yeni prezidentini seçir: Ruhani və Rəisi MÜBARİZƏSİ



Bu gün İranda növbəti prezident seçkiləri keçirilir. Prezident vəzifəsi uğrunda yarış dörd namizədin arasında baş tutacaq. Onlar hazırkı prezident Həsən Ruhani, keçmiş idman naziri Mustafa Haşimi-Taba, İmam Rza Fondunun indiki sədri İbrahim Rəisi, keçmiş mədəniyyət və islami irşad naziri Mustafa Mirsəlimdir. Namizədlər arasında Həsən Ruhaninin şansı daha yüksək dəyərləndirilir. Son rəy sorğuları dövlət başçısının 66 faiz səs topladığını göstərir. Lakin rəqibləri H.Ruhanini zəif iqtisadi siyasət apardığına görə tənqid edir. 

On illər İranda yoxsulluq səviyyəsinin artması Ruhani hökumətinin əsas zəif bəndi sayılır. Buna baxmayaraq, siyasi ekspertlər Həsən Ruhanini islahatçı və mühafizəkar cərəyanların ortaq namizədi hesab edir. Ruhaninin hər iki tərəf üçün mərkəzçi mövqeyə malik olması, eyni zamanda, nüvə proqramında Qərblə anlaşması beynəlxalq dairələri də qane edir. Ona görə də İranın ali lideri Ayətullah Əli Xamneyinin H.Ruhanini dəstəkləməsi ehtimalı yüksəkdir. Lakin İbrahim Rəisi də islahatçılara və mühafizəkarlara yaxın mövqeyi ilə seçilir. Bu da son illər, yəni Əhmədinejad hakimiyyətindən sonra İranda yeni, bütün tərəflərin maraqlarını ifadə edə biləcək ortaq siyasi cərəyana tələbatın artması kimi şərh edilir. Ona görə də seçkidə əsas rəqabətin H.Ruhani ilə İ.Rəisi arasında gedəcəyi gözlənilir.

Hətta bəzi politoloqlar H.Ruhaninin qələbəsinin heç də asan olmayacağını proqnozlaşdırır. İran daxili işlər nazirinin canişini Məhəmmədhüseyn Moqimi jurnalistlərə açıqlamasında prezident seçkilərindən və seçkilərin nəticəsinin necə elan ediləcəyindən danışıb. Moqimi bildirib ki, İranın Konstitusiyaya Nəzarət Şurasının təklifi ilə seçkilərin nəticələri birdəfəlik yox, tədrici şəkildə elan ediləcək: “Daxili İşlər Nazirliyi səslərin sayının tədricən elan edilməsi işi ilə razı olduğu üçün biz Konstitusiyaya Nəzarət Şurasının təklifini qəbul etdik. Beləliklə də seçkinin nəticələri bir yerdə yox, tədrici şəkildə elan ediləcək”.

Qeyd edək ki, İranın daxili işlər naziri Əbdülrza Rəhmani Fəzli mayın 17-də jurnalistlərə açıqlamasında sandıqlara salınan səslərin sayının bir yerdə elan ediləcəyini bildirsə də, bəzi rəsmilərin etirazı ilə qarşılanmışdı. Həmin gün, İranın Konstitusiyaya Nəzarət Şurasının sözçüsü Abbasəli Kədxudai jurnalistlərə açıqlamasında daxili işlər nazirinin bu qərarına reaksiya verərək ona qarşı çıxmışdı: “Biz, Daxili İşlər Nazirliyinə təklif edirik ki, prezident seçkilərinin həssaslığını nəzərə alaraq seçkinin nəticələri tədricən elan edilsin. Bu daha məqsədəuyğundur”. 

Müşfiq

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений