Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

İranda İKİNCİ İNQİLAB hazırlanır



Amerika Birləşmiş Ştatlarının (ABŞ) İranla nüvə sazişindən çıxması iki ölkə arasında müharibə ehtimalını artırdı.

Ancaq ekspertlər iddia edir ki, əsas hədəfi molla rejimi olan ABŞ İrana hərbi müdaxilə etmək istəmir,  prosesi daxili çevrilişlə yekunlaşdırmaq niyyətindədir. Məsələn, Rusiya mətbuatının yazdığına görə, ABŞ-ın bu sazişdən çıxmaqda bir neçə məqsədi var. Sərtləşdirilən İran siyasətinin əsas səbəblərindən biri bu ölkənin yaxın Şərqdə möhkəmlənməsinin qarşısını almaqdır. Beləliklə, Vaşinqton rəsmi Tehranı təcrid vəziyyətinə gətirmək istəyir.

İkinci məqsəd isə İran daxilində narazılıqlara rəvac verməkdir. Çünki sanksiyaların sərtləşdirilməsi və sosial-iqtisadi vəziyyətin pisləşməsi daxildə narazılıqları artıra bilər. Bu isə hökumət əleyhinə aksiyalara səbəb olar və hətta rejimin dəyişdirilməsinə cəhdlərə qədər uzana bilər. İran rəhbərliyi də ABŞ-ın bu yöndəki məqsədlərini yaxşı bildiyindən müqaviməti artırır və Avropa Birliyinin dəstəyinə ümid edir.

Maraqlıdır, ABŞ belə bir planı icra edə bilərmi?

Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan “Cümhuriyət” qəzetinə şərhində ABŞ-ın 1979-cu il fevral inqilabından bu günə qədər İran hakimiyyətinin devrilməsi üçün müxtəlif planlar cızdığını deyib: “Ayətulla Xomeyni hakimiyyətə gəldikdən sonra İranda “ABŞ-a ölüm” şüarları səsləndi. ABŞ-ın Tehrandakı səfirliyi işğal edildi və 444 əməkdaşı girov götürüldükdən sonra ABŞ-ın İrana qarşı siyasəti daha da sərtləşdi. Bu siyasət günümüzə qədər davam etməkdədir. 

Odur ki, ABŞ müxtəlif illər İranda hakimiyyətin dəyişməsi, mövcud rejimin devrilməsi istiqamətində çeşidli fəaliyyətlər göstərib. 2017-ci il dekabr ayının sonunda İranda etiraz aksiyası keçirildi. Bu etirazların təşkilatçısının ABŞ Mərkəzi Kəşfiyyat idarəsinin agenti “Ayətulla Mayk” (Maykl Dandrea-müəl.) olduğu iddia olunurdu. Digər tərəfdən, İran həm də bildirirdi ki, etiraz aksiyaları hansısa bankın əhalini narazı salmasından baş verib. Yəni, aksiyalar müxtəlif adlar altında, formada keçirilir. Maliyyə, sosial vəziyyət, edam, insan haqları və sair məsələlərlə etirazlar baş tuta bilir. Bütün hallarda İranda keçirilən etiraz aksiyası daha çox hakimiyyətin zəifləməsinə, etimadın azalmasına yönəlir. Belə bir hadisə isə hakimiyyətin yenisi ilə əvəz olunmasına gətirib çıxardır. Son vaxtlar Ermənistanda baş verən aksiyalara nəzər salsaq, maraqlı məqamların şahidi olarıq.

Heç kim gözləmirdi ki, Sarkisyan rejimi belə tezliklə hakimiyyətdən getsin. Ancaq heç kimin gözləmədiyi halda Nikol Paşinyan kimi azlıqda olan fraksiyanın rəhbəri çıxdı və prosesi ələ aldı. Və ya Afrikanın şimalında baş verən ərəb inqilablarına diqqət etsək görərik ki, orada da hadisələrdən dünya ictimaiyyətinin xəbəri yox idi. Necə ola bilər ki, Hüsnü Mübarək hakimiyyətdən getsin? Hətta deyilənə görə o, öz yerinə oğlunu hazırlayırdı. Amma bir gecənin içində Hüsnü Mübarək getdi, onun yerinə Məhəmməd Mursi gəldi və 1 ildən sonra onu da devirdilər. Nəticədə hakimiyyət general Sisiyə keçdi. Tunisdə də, Liviyada da hadisələr çox sürətlə getdi. Amma İran hələ Misir, Suriya, Tunis, İraq kimi gündəliyə gəlməyib, heç Ukrayna, Ermənistan kimi də gündəlikdə yoxdur. Sadəcə olaraq, davamlı şəkildə İrana bu sayaq təzyiq edirlər”. 

Sədrəddin Soltan vurğulayıb ki, İran rejimləri inqilabla yıxılmış ərəb dövlətləri ilə müqayisədə daha güclüdür: “Hətta Misirdən, Liviyadan belə güclü dövlətdir. Çünki bunlar sonradan yaranmış dövlətlərdir. Amma İran köklü dövlətdir, beynəlxalq əlaqələri genişdir. Ona qarşı Suriya, İraq, Yəmən kimi davranmaq olmaz. İran daha təhlükəlidir. Məsələn, Misirdə  proses niyə bir gecədə  bitdi? Çünki Misir rejiminin  hakimiyyətə qarşı çıxan qüvvələrlə mübarizə aparmaq gücündə deyildi. Hüsnü Mübarəkin ordusu var idi, ondan istifadə etdi. Bir də Qərbdən dəstəyi var idi, onlar da Hüsnü Mübarəki hakimiyyəti təhvil verməyə çağırdılar, o, da belə etdi. İran isə fərqlidir.

Ona görə də İranda aksiyaların davamlı olacağı, keçiriləcəyi daha fərqli məsələdir. İranda hakimiyyətin daxilində ciddi didişmə var. Ola bilsin ki, İranda məxməri inqilab hakimiyyətin öz içindən çıxsın. Hesablanmayan, nəzərə alınmayan bir çox hadisələr baş verə bilər. Bütün hallarda İrandakı mövcud rejim uzun müddət bu hakimiyyəti davam etdirə bilməyəcək. Onun da başqaları kimi sonu var”.

Vilayət Muxtar

Cebhe.info

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений