Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

İranın bütün silah arxivi İsraildə: MÜHARİBƏ TƏHLÜKƏSİ



Son günlər İran ətrafında vəziyyətin pisləşməsi ən pik həddə çatıb. Artıq rəsmi Vaşinqton Tehranı daha sərt sanksiyalar tətbiq edəcəyi ilə hədələyir. Sakitliyini qorumayan rəsmi Tehran da adekvat cavablar verir, ABŞ tərəfdən gələcək bütün təhlükələri dəf edəcək gücdə olduqlarını bəyan edir. İran ətrafındakı vəziyyət bəzi Avropa dövlətləri ilə ABŞ arasında da fikir ayrılığı yaradıb. 

Sözügedən məsələyə münasibət bildirən siyasi ekspert Qabil Hüseynli Cebhe.info-ya bildirib ki, ABŞ-ın rəsmi Tehrandan konkret istəyi var. Onun sözlərinə görə, Donald Tramp administrasiyası bu dəfə hədəfə nail olmaq üçün bütün addımları atacaq. Ekspert dövlət katibi Mayk Pompeonun İranın nüvə sazişindən imtina etməsi üçün irəli sürdükləri şərtləri də açıqlayıb: 

"Şərtlərə görə, İran bütün ballistik raketlərinin istehsal olunduğu yerlərini MAQATE-nin təftiş heyətinin üzünə açmalıdır. Həmçinin, rəsmi Tehran Suriyadan çıxmalı, İraqın daxili işlərinə qarışmamalı, buradakı şiələrlə əlaqələrini kəsməlidir. O cümlədən, İran Yəməndə Husilərə köməyini, Livandakı Hizbullah təşkilatına yardımını dayandırmalıdır. Amma burada başqa məsələlər də var. İran birdəfəlik bəyan etməlidir ki, ballistik raketlərin istehsalından, uranın saflaşdırılmasından tam imtina edir. Yəni, bütövlükdə İran nüvə tərkisilahına getməlidir ki, ABŞ sakitləşsin, əks halda bu dəfəki sanksiyalar İran üçün heç də ürək açan olmayacaq".

İrana qarşı sanskiyalar məsələsində bu dəfə ABŞ-ı yalnız İsrail dəstəkləyir. Politoloq hesab edir ki, bu İranla İsrailin uzun illərdir soyuq müharibə şəraitində olmasından qaynaqlanır. ABŞ və İsrailin sanksiyalarla yanaşı başqa vasitələrdən də istifadə edə biləcəyini istisna etməyən Q.Hüseynli qeyd etdi ki, bu müharibə də ola bilər: 

"İsrail İranın bütün silah arxivini ələ keçirib. Rəsmi Tehran bundan çox narahatdır. Buna görə də, İsrail istənilən vaxt İranın nüvə obyektlərini hərbi aviasiyanın gücü ilə bombardman edə bilər. ABŞ-da bu məsələyə isti baxır və prosesdə iştirak edəcəyini bəyan edib. Bundan başqa hər iki dövlət İranda əhalini mövcud rejimə qarşı ayaqlanmasını, etriazlara başlamasını təşkil edəcəyi ilə İranı hədələyir. Bu ondan irəli gəlir ki, İranda hazırda vəziyyət o qədər də ürək açan deyil. Artıq ölkədə xalqın narazılığı kifayət qədər yüksəkdir və əhalinin maddi rifah gündən-günə pisləşir. İsrail də bundan istifadə edərək İranı qarışdıra bilər. Bu da çox təhlükəli bir vəziyyətdir". 

E.Murad
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений