Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

İrəvanda nə baş verir?- İnqilab, yoxsa “qulaqburması”? 



Ermənistanda baş nazir seçkiləri keçirilir. Sabiq prezident, Ermənistan Pespublika Partiyasının sədri Serj Sarkisyanın parlamentdə keçirilən səsvermə zamanı hökumət başçısı postuna namizədliyi irəli sürülür. Sarkisyanın baş nazir seçiləcəyi şübhə doğurmur. Bununla da Ermənistanda parlamentli respublika üsul-idarəsi bərqərar olacaq. Lakin prezidentlik müddəti başa çatmasına baxmayaraq, Serj Sarkisyanın baş nazir seçilməklə ali icra hakimiyyətinin rəhbəri postunu yenidən ələ keçirməsi müxalifətin ciddi etirazı ilə qarşılanıb. 

“Yelk” (Çıxış) fraksiyasının tərəfdarları aprelin 16-da səhər saatlarından başlayaraq, İrəvanın mərkəzi küçə və prospektlərində başlayan yürüş və mitinqlər nəqliyyatın hərəkətinin dayanmasına səbəb olub. Paytaxtın mərkəzində polislə etirazçılar arasında qarşıdurma qeydə alınıb. Aksiya iştirakçıları Serj Sarkisyanın baş nazirliyə namizədliyinin irəli sürülməsinə qarşı şüarlar səsləndirib. “Yelk” fraksiyasının lideri və” Vətəndaş Dialoqu” Partiyasının Nikol Paşinyanın başçılığı ilə İrəvanın Baqramyan prospektinə yürüş edən müxalifətçilər yolu bağlayıb. Polis etirazçıları geri qaytarmağa çalışsa da bu mümkün olmayıb. Serj Sarkisyanın əleyhdarları polis kordonunu yararaq parlamentin binasına daxil olmağa çalışıb.

Qeyd edək ki, Ermənistan prezidentinin iqamətgahı, Milli Məclisin, Konstitusiya Məhkəməsinin binaları və bir sıra ölkəlrin səfirlikləri də məhz Baqramyan prospektində yerləşir. İrəvan Polis İdarəsinin rəisinin müavini Valeri Osipyanın çoxsaylı xəbərdarlığına baxmayaraq, Nikol Paşinyan hasarı aşmağa cəhd edib. Mitinqçilərin Ermənistan parlamentinə daxil olmasının qarşısını almaq üçün polis güc tətbiq etməli olub. Polis etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib, xəsarət alanlar var. Toqquşmalar zamanı Nikol Paşinyan da yaralanıb. Onun Nairi xəstəxanasına yerləşdirildiyi bildirilir. Paşinyanın həyat yoldaşı isə müxalifət liderinin Nork xəstəxanasına köçürüləcəyini yazıb. Aksiyaların miqyası isə getdikcə böyüyür. Polisin mitinqi dağıtmaq üçün kütlə üzərinə hücuma hazırlaşdığına da məlumatlar var. 

Yaranmış vəziyyəti “Cümhiriyət” qəzetinə şərh edən politoloq Arzu Nağıyev hesab edir ki, etirazlar Serj Sarkisyanın baş nazir seçilməsinin qarşısını ala bilməyəcək. Ermənistanda bütün seçki dönəmlərində yerli əhali Qarabağ klanının siyasi inhisarından xilas olmaq üçün kütləvi aksiyalara qalxır. Lakin hazırda S.Sarkisyanın liderlik etdiyi Qarabağ klanının öz güclü mövqeyini qoruyub saxlamaqda davam edir: “İrəvanda keçirilən mitinqlər “demokratiya”nın olduğunu göstərir. Bu gün artıq həm Respublika Partiyası, həm də Daşnakstyun fraksiyası baş nazir postuna namizədliyinin təqdim olunmasına rəsmən səs verib. Serj Sarkisyanın baş nazir olacağı gözlənilən idi. Çünki onun təyin etdiyi yeni prezident Armen Sarkisyan da öz namizədidir. Serj Sarkisyan baş nazir olmaqla hakimiyyətdən getmək niyyətində olmadığını nümayiş etdirir.

Baş nazir vəzifəsini icra edən Karen Karapetyan da Serj Sarkisyanın namizədliyini dəstəkləyir. Düşünürəm ki, Serj Sarkisyan dünyaya göstərmək istəyir ki, bizdə demokratiyadır və mən də demokratik mübarizə şəraitində baş nazir seçilmişəm. Keçmiş döyüşçülərdən ibarət Qarabağ klanı da nəyin bahasına olur-olsun hakimiyyəti, o cümlədən güc nazirliklərini həmişə əldə saxlayıb. Serj Sarkisyan da baş nazir vəzifəsindən əl çəkən deyil. Onun baş nazir seçilməsi də həll olunacaq. Müxalifət də etiraz aksiyaları keçirməklə müəyyən gedişlər edir. Bu həm Qərbə, həm də Rusiyaya bir mesajdır ki, Sarkisyanın seçilməsi gündəlikdə olan məsələdir”. 

Müşfiq Abdulla

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений