Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

İritutumlu avtobuslar mərkəzdən çıxarılır?



Mayis Ağayev: “Dünyanın inkişaf etmiş şəhərlərinin praktikasında...”

Paytaxt Bakıda nəqliyyat sıxlığının aradan qaldırılması istiqamətində müxtəlif tədbirlər həyata keçirilir. Lakin paytaxtda nəqliyyat sıxlığı və tıxac problemini aradan qaldırmaq mümkün olmur. Tıxacı yaradan amillərdən biri də paytaxtın yol infrastrukturuna uyğun olmayan iritutumlu avtobusların hərəkətidir. Son zamanlar “Bakubus” avtobuslarının xidməti əhali arasında xoş ovqat yaradıb. Lakin bu avtobusların tıxaclara səbəb olduğu da faktdır. Manevr imkanları zəif olan bu iritutumlu avtobuslar yolun hərəkət hissəsində və dayanacaqlarda sıxlıq yaradır. Müşahidələr göstərir ki, bir anda bir neçə iritutumlu avtobus dayanacağa daxil olarkən, həm yolun hərəkət hissəsində, həm də dayanacaqda sıxlıq yaranır. Bu da sərnişinləri və sürücüləri ciddi narahat etməyə başlayıb. 

Vaxtilə müstəqil ekspertlər iritutumlu avtobusların tıxac yaradacağını deyirdilər. Hesab edilirdi ki, iritutumlu avtobuslar Bakının dar və keçilməz olan mərkəzi küçələrində hərəkət edə bilməyəcək, tıxacların yaranmasına səbəb olacaq. Lakin nəqliyyat infastrukturunun rəhbərləri ekspertlərin bu iradını ciddiyə almadı. Qeyd edək ki, sabiq nəqliyat naziri Ziya Məmmədov paytaxt yollarında çevik hərəkət edən mikroavtobusların yığışdırılmasına qərar vermiş, onun göstərişi ilə Cənubi Koreya və Avropa ölkələrindən Bakıya xeyli sayda iritutumlu avtobuslar gətirilmişdi. 

Lakin yollarda sıxlığın və tıxacın qarşısının alınması üçün iritutumlu nəqliyyat vasitələrinin mərkəzdən yığışdırılması, Bakıətrafı qəsəbələrə göndərilməsi təklif edilir. Rəsmi qurumlar isə “Bakubus” avtobuslarının ətraf qəsəbə yollarına adekvat omadığını bildirirlər. Çünki ətraf qəsəbələrə nəzərən mərkəzi yollar bir qədər hamar və təmirlidir. Xarici ölkələrin geniş, keçilən və asfalt yoları üçün nəzərdə tutulmuş bu avtobusların hərəkəti Bakının mərkəzi, dar və keçilməz küçələrinə uyğun deyil. Bu səbəbdən ekspertlər ətraf qəsəbə yollarının yenidən qurulması və təmirini əsas gətirərək, ümumilikdə iritutumlu avtobusların bu yollarda hərəkət etməsini məqsədəuyğun hesab edirlər. 

Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin əməkdaşı Mais Ağayev “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, iritutumlu avtobusların şəhərin ictimai nəqliyyat şəbəkəsində istifadə edilməsi daha münasib və məqsədəuyğundur:

“Yəni bu tip avtobusların şəhər mərkəzində tıxaca səbəb olması ilə bağlı fikirləri doğru hesab etmirik. Əksinə, bu tip avtobusların xəttə buraxılmasından sonra şəhər mərkəzində avtobusların xaotik hərəkəti aradan qaldırılıb. İnkişaf etmiş şəhərlərin praktikasına baxdığımız zamanda görərik ki, daha çox iritutumlu avtobuslardan istifadə edilir. Çünki müəyyən xətt üzrə 10 kiçiktutumlu avtobusun əvəzinə 5 iritutumlu avtobusun xidmət göstərməsi həm sərnişinlərin rahat və vaxtında daşınması həm də digər nəqliyyat vasitələrinin maneəsiz hərəkəti baxımından məqsədə uyğundur.

Şəhərin mərkəzi küçə və prospektlərində tıxacın yaranması ilə bağlı daha diqqətli müşahidə aparılarsa, bu zaman hər birimizi ciddi narahat edən bu problemin şəxsi nəqliyyat vasitələrinin dayanma - durma qaydalarına zidd olaraq müəyyən edilməyən yerlərdə park edilməsindən qaynaqlandığını görmək olar. Ümumiyyətlə, inkişaf etmiş şəhərlərin praktikasına uyğun olaraq insanlarımız ictimai nəqliyyatdan istifadəyə daha çox üstünlük verərsə, bu zaman tıxacların yaranma ehtimalı da minimuma enər”. 

Mais Ağayevin sözlərinə görə, Bakı Nəqliyyat Agentliyi vətəndaşlarımızın ictimai nəqliyyatdan istifadəsini stimullaşdırmaq məqsədi ilə mühüm layihələr işləyib hazırlayıb: “Buna misal olaraq ümumi istifadədə olan nəqliyyat vasitələri, yəni müntəzəm marşrut xətt avtobusları üçün xüsusi hərəkət zolaqlarının çəkilməsini göstərmək olar. Artıq iki küçədə Y.Səfərov və M.Füzuli küçələrində bu xətlər çəkilib. Lakin hələ də şəxsi nəqliyyat vasitəsi idarə edən sürücülərimiz bu xəttin tələbini pozmaqla avtobusların zolaq boyunca hərəkətini mümkünsüz edir. Digər bir layihəmiz, hansı ki, hazırda maddi və texniki dəyərləndirməsi aparılır, metrobusların olması ilə bağlıdır. Eyni zamanda bilirsiz ki, BNA küçə və prospektlərdə tıxacların aradan qaldırılması ilə bağlı Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi komissiyasına təkliflər təqdim edib. Avropa standartları nəzərə alınmaqla bütün hərəkət iştirakçılarının rahatlığını təmin edəcək bu təkliflərimizin əsas özəlliyi onların minimum investisiya ilə başa gəlməsidir”. 

Ətraf kənd və qəsəbələrdə yaşayan sərnişinlərimizin də müasur sərnişin avtobuslarından istifadə edə bilməsinə gəlincə, BNA-nin rəsmisi hazırda agentliyin bu istiqamətdə də işlər apardığını vurğulayıb. O, qeyd edib ki, həmin ərazilərdə xidmət edən daşıyıcılara balanslarında olan avtobusları yeniləməklə bağlı ciddi tapşırıq verilib. Təbii ki, bu tapşırığa əməl etməyənlər müəyyən müddətdən sonra marşrut şəbəkəsindən kənarlaşdırılacaq.

Alçina Amilqızı

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений