Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

İşlədiyi şirkətə qarşı ağlagəlməz plan quran qadına cəza kəsildi: O, azadlıqda qaldı



İşlədiyi şirkətin pullarını ələ keçirmək istəyən qadın və tanışları növbəti dəfə hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhərində fəaliyyət göstərən şirkətlərdən birinin pulunu mənimsəməkdə təqsirləndirilən Səidə Məmmədova, Tural Quliyev və Asif Abdullayevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən hər üç şəxs barəsində şərti cəza çıxarılıb.

Qeyd edək ki, bu iş üzrə təqsirləndirilərək həbs edilən şəxslər sonradan ev dustaqlığına buraxılıb. Xatırladaq ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin yaydığı məlumata əsasən, Bakı şəhəri ərazisində yerləşən MMC-lərdən birinin xəzinədarı Səidə Məmmədovaya ofisin çıxışında zor tətbiq edərək içərisində 134 min manat pul olan idman çantasının naməlum şəxslər tərəfindən soyğunçuluq yolu ilə ələ keçirildiyi barədə Nərimanov Rayon Polis İdarəsinə (RPİ) müraciət olunub.

DİN-in Baş Cinayət Axtarış İdarəsi (BCAİ), Bakı Şəhər Baş Polis İdarəsi, Nərimanov RPİ və 17-ci Polis Bölməsi əməkdaşlarının iştirakı ilə yaradılan əməliyyat-istintaq qrupunun əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən soyğunçuluq hadisəsinin Bakı şəhər sakinləri - Tural Quliyev və Asif Abdullayev tərəfindən törədilməsi müəyyən edilib və görülən tədbirlər nəticəsində onlar Xaçmaz rayonunda tutulublar.

Saxlanılan şəxslərin ətraflarında həyata keçirilən əlavə əməliyyat tədbirləri zamanı qeydə alınan soyğunçuluq hadisəsinin təşkilatçılarından birinin həmin MMC-nin xəzinadarı, istintaqa əvvəlcə zərərçəkmiş şəxs qismində ifadə verən Səidə Məmmədova olduğu məlum olub.

Araşdırma zamanı məlum olub ki, Səidə Məmmədova MMC-nin xəzinəsindən 45 min manat pul götürərək şəxsi ehtiyacları üçün xərcləyib. O, yaranan kəsirin aradan qaldırmaq üçün əvvəldən tanıdığı, dəstənin digər üzvü Tural Quliyevdən kömək istəyib.

T.Quliyev əvvəlcə ona kassadakı puldan 20 min manat da götürərək futbol mərc oyunlarına qoymağı məsləhət görüb. T.Quliyev S.Məmmədovadan qeyd edilən pulu götürüb mərc oyunlarına qoysa da o, həmin pulu da uduzub.

Bundan sonra S.Məmmədovanın MMC-nin xəzinəsində olan kəsiri daha da artdığından dəstə üzvləri başqa plan qurublar.

Belə ki, S.Məmmədova əvvəlcədən T.Quliyevə ofisdən banka pul apardığı vaxtı deyərək ona hücum edib xəsarət yetirməyi və əlindəki içi pulla dolu çantanı alaraq qaçmağı tapşırıb. Hadisə günü T.Quliyev qeyd edilən vaxtda tanışı Asif Abdullayevlə birklikdə sonuncuya məxsus “Niva” markalı avtomobillə ofisin giriş qapısına gələrək plana uyğun şəkildə qeyd edilən cinayəti həyata keçirib.

Plana görə, S.Məmmədova ifadəsində onu soyan şəxsləri tanımadığını və kəsirlərini gizlətmək üçün yalandan çantada 134 min manat pulun olduğunu bildirib. Amma qadının ifadəsindəki ziddiyyətlər və şübhəli davranışları polisin diqqətindən yayınmayıb və baş verən cinayətin üstünü isti izlərlə açmaq mümkün olub. S.Məmmədova və digərləri Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunurlar.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений