Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

İsrail Mərkəzi Asiyaya açılır



Təl-Əviv Qazaxıstanla viza rejimini ləğv etdi

İsrailin baş naziri Benyamin Netanyahu Azərbaycandan sonra Qazaxıstana səfər edib. Baş naziri qəbul edən prezident Nursultan Nazarbayev Qazaxıstanla İsrail arasında qarşılıqlı və faydalı əlaqələrin qurulmasından məmnun olduğunu deyib. Bu əlaqələr özünü İsrail kapitalının iştirakı ilə 270 müəssisənin qurulmasında göstərir. Bundan başqa tərəflər iqtisadiyyat, kənd təsərrüfatı, siyasi əməkdaşlıq, terrorizmə qarşı birgə mübarizə məsələlərini də müzakirə ediblər. İsrail Qazaxıstanın kənd təsərrüfatını müasir texnologiyalarla təmin edir.

İkitərfəli danışıqlarda ən çox diqqəti çəkən məqam isə Qazaxıstanla İsrail arasında viza rejiminin ləğvinə dair razılaşmanın əldə edilməsi olub. Benyamin Netanyahu bildirib ki, Qazaxıstan öz tərəfindən lazım olan addımı atıb. Bu işdə maraqlı olan şirkətlər də kommersiya məsələlərini həll edəcəklər. Nursultan Nazarbayevin verdiyi məlumata görə, İsrail Avrasiya İqtisadi Birliyi ilə yaradılmış azad ticarət zonasına qoşulmaqda maraqlıdır. Qeyd edək ki, İsrailin Azərbaycanla da viza rejiminin ləğvində maraqlı olduğuna dair məlumatlar var. Lakin İran amilinin təsiri rəsmi Bakını bu addımdan yayındırır. Qazaxıstan isə fərqli regionda yerləşdiyi üçün İranın Astanaya təzyiq imkanları azdır. Azərbaycan İsraildə səfirlik açmayıb. 

Qazaxıstan və Özbəkistan isə İsraildə səfirliyi olan çox az sayda müsəlman dövlətlərindəndir. Ona görə də baş nazir Netanyahunun səfərindən sonra İsrailin Mərkəzi Asiyada geosiyasi və geoiqtisadi fəallığının artacağı gözlənilir. Ümumiyyətlə isə, Benyamin Netanyahunun səfəri İsrailin Cənubi Qafqazda və Mərkəzi Asiyada geostrateji fəallığını artırmaq cəhdlərindən xəbər verir. Bu da ilk növbədə, İran amili ilə izah oluna bilər. Belə ki, beynəlxalq sanksiyaların ləğvindən sonra İranın Yaxın və Orta Şərqlə yanaşı, Cənubi Qafqazda və Mərkəzi Asiya regionunda geosiyasi və iqtisadi təsirinin artması müşahidə olunur. Şimal-Cənub nəqliyyat dəhlizinə qoşulan İran eyni zamanda, Avrasiya İqtisadi Birliyi ilə də azad ticarət zonası yaratmaq niyyətindədir. İranın regional əhəmiyyətli siyasi və iqtisadi proseslərdə rolunun artmasını İsrail öz maraqlarına təhlükə hesab edir. 

Müşfiq

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений