Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

İstirahət adına SON SƏFƏR:Turist məkanları ölüm saçır



Turizm müasir dünyanın qlobal əhəmiyyətə malik olan, sosial və iqtisadi əlaqələrini tənzimləyən, müxtəlif ölkələr və xalqlar arasında qarşılıqlı münasibətlər yaradan, eləcə də biznes maraqlarının əhatə dairəsini genişləndirən sahədir.

Dünyanın hər yerində turizmin inkişafına dövlətlər və sivilizasiyalar səviyyəsində böyük maraq göstərilir. Elə buna görə də, hazırda beynəlxalq maliyyə qurumları və təşkilatları turizmin inkişafına öz maraq və diqqətlərini artırırlar. Azərbaycanda da turizmin inkişafına kifayət qədər maraq artıb və bu sahəyə dövlət səviyyəsində xüsusi qayğı göstərilir. 

Hələ 2002-ci ilin avqust ayının 27-də “Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı” qəbul olunub. Ölkədə turizmin inkişafını təşkil edə biləcək dövlət strukturları yaradılıb. Ölkə başçısının bu sahəyə xüsusi diqqət və qayğı göstərməsi nəticəsində son illərdə bu sektor əsaslı şəkildə inkişaf edib. Azərbaycanın turizm ehtiyatları imkan verir ki, qeyri-neft sektoru kimi bu sahə gəlirli və dövlət büdcəsinə kifayət qədər vəsait daxil olmasına şərait yaratsın.

Təkcə mövcud təbii ehtiyatlar deyil, eləcə də qanunvericilik bazası da tam şəkildə təkmilləşdirilib və turizmin inkişafı üçün gərəkli olan hüquqi zəmin beynəlxalq hüquq norma və prinsiplərinə uyğunlaşdırılıb. Ölkədə çoxsaylı hotel və istirahət mərkəzləri, habelə müştərilərin cəlb olunması üçün kifayət qədər yerli turizm agentlikləri fəaliyyət göstərir. Artıq beynəlxalq arenaya çıxmaq üçün kifayət qədər düşünülmüş addımlar da atılmaqdadır. Bütün bunlar sevindirici olsa da, təəssüf ki, bu sahədə olan nöqsanlar az deyil. Turizm elə bir sahədir ki, buraya bütün xidmət sahələrinin birbaşa və ya dolayı yolla aidiyyatı var. Hava limanında qarşılanmadan başlayaraq, ölkənin yol- nəqliyyat sistemi, otel və qidalanmağa qədər istənilən sahə birbaşa turistlərin maraq dairəsindədir. Hər bir turist ölkədən gedəndə dövlətin potensial təbliğatçısı kimi gedir. 

Təbii ki, təbliğatın səviyyəsi və istiqamətini bu sahəylə məşğul olanlar, xidmət göstərənlər öz əməl və davranışları, habelə xidmətləriylə müəyyən edirlər. Bu sahədə diqqət yetirilməsi ən vacib məqamlardan biri turistin təhlükəsizliyilə bağlıdır. Təhlükəsizlik dedikdə onun canına və malına qarşı ola biləcək bütün təhdidlər nəzərdə tutulur. Turist əmin olmalıdır ki, o, hər hansı istirahət və əyləncə mərkəzində rahat və təhlükəsiz dincələ biləcək. Turizm haqqında qanunvericiliyə əsasən turistin təhlükəsizliyi dedikdə, səyahət müddətində turistlərin şəxsi təhlükəsizliyi və onların əmlakının qorunması başa düşülür. İki gün öncə Qubadakı istirahət və əyləncə mərkəzlərindən birində kanatın qırılması nəticəsində baş verən ölüm hadisəsi bir daha turistlərin təhlükəsizliyilə bağlı məsələni -xüsusilə, yay zamanı yenidən gündəmə gətirib. 

Məlumat üçün deyək ki, ölkə turizmində baş verən birinci ölüm hadisəsi deyil. Nabrandakı istirahət mərkəzlərinin birində, Novxanı qəsəbəsində yerləşən “Aquapark”da da ölüm və ciddi xəsarətlə müşahidə olunan bənzər hadisələr baş verib. Maraqlıdır ki, bütün qurumlar məsuliyyəti üzərlərindən atmağa çalışırlar. Halbuki təkcə istirahət məkanının rəhbərliyi deyil, eləcə də aidiyyatı qurumlar bununla bağlı məsuliyyət daşıyırlar. Dövlət Turizm Agentliyi, Dövlət Standartlaşdırma və Patent üzrə Agentlik, Fövqəladə Hallar Nazirliyi də sözügedən hallarla bağlı cavabdehdirlər. Mərkəzin fəaliyyətinin yoxlanılmasını həyata keçirən Agentlik necə olur ki, bu məsələdən yaxasını kənara çəkir? Və ya təhlükəsizlik normalarının qorunmamasına dair FHN hansı əsaslarla rəy verə bilir? Kanatın dövlət standartlarına uyğunluğu ilə bağlı sertifikatı kim verib görəsən? 

Digər məsələ isə, turistlərin bədbəxt hadisələr zamanı sığortalanmasıyla bağlıdır. Xarici turistlərin və ya tur hesabına dincələn vətəndaşların sığortalanmasını tur operatorları və agentliklər təmin etməlidirlər. Lakin daxili turistin öz hesabına, şəxsi təşəbbüsü ilə istirahət məkanında dincəlməsi zamanı sığorta hadisəsi necə yerinə yetirilir? 

Umümiyyətlə, bədbəxt hadisə zamanı zərərçəkən şəxsə hər hansı kompensasiyanın ödənilməsi necə həyata keçirilicək? Bu məsələdə görən dövlət qurumları və eləcə də məkan sahibi kimi günahlandıracaq? Doğrudanmı, heç bir qurum düşünmür ki, bədbəxt hadisənin baş verməsi təkcə bir ailəni başçısız, uşaqları anasız, valideynləri uşaqsız və ya ömür boyu şikəst vəziyyətdə insanın əzabla yaşaması demək deyil, eyni zamanda təmsil etdikləri qurumun, dövlətin beynəlxalq səviyyədə imicinə zərər vurmaqdır? Yoxsa, xarici turist olduqda onlara daha qayğıyla yanaşılır? İnternet və medianın sürətlə inkişaf etdiyi dövrdə xarici turistlər belə bədbəxt hadisələr barədə sizcə, məlumat almırlar? 

Bu barədə aidiyyatı qurumlar kifayət qədər ciddi düşünməli, sözügedən sahədə olan boşluqların aradan qaldırılmasına çalışmalı, bədbəxt hadisələrin olmaması üçün məmur səhlənkarlığa yol verməməli, insanların, turistlərin maraqlarının maksimum təmin olunmasına çalışmalıdır. Yenə də sadəcə, ümid edək?! 

Alçina Amilqızı

Cebhe.info

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений