Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

İtaliyanın "Edison" şirkəti “Şahdəniz”dən qaz alacaq



“Şahdəniz-2” layihəsi çərçivəsində qaz satışlarına dair İspaniyanın "Gas Natural Fenosa" şirkəti ilə imzalanmış saziş üzrə hüquqlar İtaliyanın aparıcı enerji şirkəti olan “Edison”a ötürülüb.

SOCAR-dan  verilən məlumata görə, bu, İtaliyanın qazpaylayıcı şəbəkəsinin alınması da daxil olmaqla daha böyük razılaşmanın bir hissəsi kimi həyata keçirilib.

“SOCAR Tower”də baş tutan imzalanma mərasimində SOCAR, Azərbaycan Qaz Tədarükü Şirkəti (AGSC), Edison və Gas Natural Fenosa şirkətlərinin nümayəndələri iştirak ediblər. Edison “Şahdəniz-2” layihəsi çərçivəsində 25 illik qaz tədarükü hüququ alıb. Tədarükə 2020-ci ildə, Trans-Adriatik Boru Kəmərinin (TAP) tikintisi tamamlandıqdan sonra başlanılması planlaşdırılır.

Qeyd edək ki, 2017-ci il oktyabrın 13-də “Edison” və “Gas Natural Fenosa” arasında İtaliyanın mühüm qazpaylayıcısı olan Gas Natural Vendita Italia-nın (GNVI) transferi haqqında razılıq əldə olunub. Fenosanın “Şahdəniz-2” qaz satışı sazişinin Edisona ötürülməsi də bu sövdələşmənin şərtlərindən biridir. Fevralda Avropa Komissiyası sövdələşməni anti-inhisar qaydalarına uyğun hesab edərək təsdiqləyib. Nəticə etibarı ilə GNVI-nin alınması və qaz tədarükü sazişinin transferi baş tutub.

“Bu transfer Avropanın əsas enerji oyunçularının Azərbaycan qazına marağının daim artmasını göstərir”, - deyə məlumatda vurğulanıb.

Baş ofisi Milanda yerləşən “Edison” İtaliyanın elektrik və təbii qaz təchizatı sahəsində fəaliyyət göstərən əsas enerji şirkətidir. Onun bütün qitədə filialları var. “Edison” karbohidrogen sektorunda təbii qaz və xam neftin hasilatından tutmuş paylanması və satışına qədər geniş bir spektrdə fəaliyyət göstərir. 2017-ci ildə İtaliyada qaz idxalının 22%-i və qaz istehsalının 6%-i “Edison”un payına düşüb.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений