Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

İtkin düşən alpinistlər hansı halda sağ qala bilər? - AAF prezidenti: "Onlar qarın üstündə olsaydılar..." - ÖZƏL



Xəbər verdiyimiz kimi, ötən il dekabrın 24-də Azərbaycanda Tufandağ ətrafına səfər edən 3 alpinist itkin düşüb. Onlar "Gilavar" - hava və ekstrim idman klubunun üzvləri Namin Bünyatzadə, Babur Hüseynov və Fəridə Cəbrayılzadədir.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Quba rayonunda dağlıq ərazidə itkin düşmüş “Gilavar” idman klubunun 3 üzvünün axtarışları davam edir.

Fövqəladə Hallar Nazirliyi tərəfindən təşkil olunan axtarış-xilasetmə işlərində nazirliyin peşəkar xilasedicilərdən ibarət dəstələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, peşəkar alpinistlər və yerli sakinlərdən ibarət könüllü dəstələr iştirak edib.

Bildirilib ki, dekabrın 27-dən başlayan axtarış-xilasetmə əməliyyatı müddətində itkin düşmüş alpinistlərin hərəkət marşrutu üzrə ərazilər, həmçinin ehtimal olunan digər ərazilər yoxlanılıb.

Maraqlıdır, alpinistlər hansı hallarda sağ qala bilər?

Cebhe.info olaraq, Azərbaycan Alpinizm Fedrasiyasının (AAF) prezidenti Nizami Mursaqulovla bu haqda danışdıq.

- Belə bir şəraitdə insan hansı halda sağ qala bilər?
- Əlbəttə, mühit, temperatur, xəstəliklərin olmaması, həmin şəxslərin heç bir travma almaması və digər məsələlər nəzərə alınmaqla insanlar qida olmadan yalnız su ilə 30-40 gün sağ qala bilərlər. İnsan susuzluğa 4-7 gün ərzində tab gətirə bilir. Qar varsa, demək ki, su var. 

-Hansı hava temperaturunda sağ qalmaq mümkündür?
-Dağ şəraitində temperatur -30 dərəcədirsə, çadırsız bir şəraitdə insanlar qarı qazaraq onun altına girirlər. Bu zaman qarın altında tempeartur -5 dərəcə olur. Burada temperatur təxminən 0 dərəcəyədək olur. Bir gecə bu şəraitdə qalmaq heç bir problem yaratmır. Lakin hava olmadığı halda uzun müddət qarın altında qalmaq böyük təhlükə yarada bilər. 

-Qar uçqununa düşdükdə sağ qalma ehtimalı neçə faizdir?
-Qar uçqununa düşdükdə insanların sağ qalma ehtimalı 1 faizə bərabərdir. Qar sürüşməsinin ağırlığı çox olur. Belə halda insan nəfəs ala bilmir. Lakin qar sürüşməsinə düşməyiblərsə, haradasa gözləyirlərsə, bu zaman xilas ola bilərlər.

-Yəqin ki, belə halda hər hansı kəndə, evə gedib yaxınları ilə əlaqə qura bilərdilər. Bu baş vermədiyindən son ehtimal nə qədər real ola bilər?
-Telefonlar 1-2 gün enerji saxlaya bilir. Onların haradasa telefonu enerji ilə doldurmaq imkanları da yoxdur. Dağın zirvəsindən ətəyinədək düşmək təxminən 5-8 saat çəkir. Bizim dağların ətəyində də yaşayış var. Belə şəraitdə onlar hər hansı kəndə gəlmiş olsaydılar, əlaqə yarada bilərdilər. Deməli, onlar heç bir yaşayış məntəqəsinə gəlib çıxmayıblar.

-Belə ehtimallar da var ki, hansısa vəhşi heyvanlar onları yeyib. Bu nə dərəcədə real səslənir? 
-Onlar qarın üstündə olsaydılar, helikopter tərəfindən tapılardılar. Helikopterdə olanlar mənə yaxın şəxslərdir. Onlar aşağıdan uçmaqla müxtəlif yerlərdən şəkillər çəkiblər. Heyvan insanı yesəydi, skeletini tapmaq mümkün olardı. Qarın üstündə heç bir iz olmayıb.

Nigar Məhərrəm
Cebhe.info

P.S: Əldə edə bilsək, helikopterdən çəkilən fotoları təqdim edəcəyik.








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений