Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

İtləri “it gününə” qoyurlar : QHT sədri günahı insanlarda görür



Paytaxtda sahibsiz itlərin sayı durmadan artır. Artıq vəziyyət problem  həddinə çatıb. Dəfələrlə bu barədə məsələ qaldırılsa da, heç bir nəticə yoxdur. Bu gün ayaq qoyduğumuz istənilən küçədə sahibsiz itlərə rast gəlmək mümkündür. Küçə itləri insanlar üçün ciddi təhlükəyə çevrilib. Addımbaşı rast gəldiyimiz sahibsiz itlərin hücumuna nəinki uşaqlar, hətta böyüklər də məruz qalır. 

Bu günlərdə olduğu kimi... Belə ki, küçə iti Bakıda xidmət vaxtı polis müstəntiqini dişləyib. Səbail rayon Polis İdarəsinin müstəntiqi, polis kapitanı Anar Miralayev küçə itlərinin hücumuna məruz qalıb. Heyvanlardan biri A.Miralayevin sağ ayağının dizdən aşağı hissəsini gəmirərək parçalayıb. Xəsarət alan müstəntiq xəstəxanaya yerləşdirilib. Ona quduzluq əleyhinə vaksin vurulub və yarasına 24 tikiş qoyulub. Buna bənzər hadisə bir müddət əvvəl Sumqayıtda da yaşanmışdı. Sumqayıtın 10-cu mikrorayon ərazisində quduz it 5 yaşlı şəhər sakini Mikayılzadə Zeynəb Elçin qızını dişləmiş, başından xəsarətlər alan qızcığaz dünyasını dəyişmişdi. Ümumiyyətlə, son vaxtlar it hücumuna məruz qalanlarla bağlı çoxsaylı xəbərlər alırıq. Bir sözlə, artıq sahibsiz itlərin sayı, narahatlığı və təhlükəsi insanların qorxulu bəlasına çevrilib. 

Məsələ burasındadır ki, sahibsiz itlərlə mübarizə idarəsi bu məsələyə biganəlik nümayiş etdirməklə məsələni yoluna qoymur. Yalnız o zaman hərəkətə keçirlər ki, it hücumu ilə bağlı ölüm və ya yaralanan olur. Bu zaman qurum əməkdaşları küçələrdən bəzi itlərin yığışdırılması istiqamətində sözdə hansısa tədbirlər görürlər. Sonra da bəyan edirlər ki, problem həll olundu. Yenə də birdəfəlik bu məsələ həllini tapmır. 

Məsələ ilə bağlı “HAPS” Sahibsiz Heyvanların Müdafiəsi Təşkilatının rəhbəri Afaq Qurbanova “Cümhuriyət” qəzetinə açıqlamasında sahibsiz itlərlə bağlı hər hansı problemin olmadığını iddia edib. Onun sözlərinə görə, küçə itləri aqressiv, vəhşi və quduz deyil:

“Problem ondadır ki, iti aqressivləşdirən insanların özləridir. İtlərin psixologiyasını bilmək lazımdır. İnsanlar it görəndə qorxurlar. İtə dəyməsən, o hücum etməz. Harda görmüsüz ki, küçədən gedən yerdə it sənin üstünə hücum etsin. İtlərin üstünə su və daş atırlar, quyruqlarından dartırlar, it də aqressivləşir”. 

QHT rəhbərinin sözlərinə görə, xarici ölkələrin çoxunda sahibsiz itlərin sayının çoxalmaması və quduzluğun qarşısının alınması üçün onlar yalnız sterilizasiya olunurlar:

“Azərbaycanda isə heyvanları yalnız öldürməklə tədbir görülür. Tutaq ki, küçə itləri ilə bağlı hansısa icra hakimiyyətinə xəbər verilib. Oradan nümayəndə gəlib küçədəki aqressiv itləri tutmağa çalışır. Nə qədər cəhd edirsə, tuta bilmir. Əvəzində mehriban, sakit küçə itlərini tutub aparırlar. İnsanların gözü qarşısında deyil, Balaxanı zibilliyində və ya hansısa kənar ərazilərdə həmin itlərin ya başına zərbələr endirməklə, ya da tüfənglə öldürürlər. Bu, çıxış yolu deyil. Heyvanları öldürməklə məsələ həll olunmur. Məsələn, Hollandiyada zəncirdə it saxlayanlar birbaşa olaraq cərimələnir. Çünki bu halda itlərin hüquqları pozulur. İtin sərbəst qalmaq hüququ var”.

Sumqayıtda 5 yaşlı qızın it dişləməsindən ölməsi məsələsinə toxunan Afaq Qurbanova onun valideyn səhlənkarlığının qurbanı olduğunu vurğulayıb:

“Valideynləri uşağı vaxtında xəstəxanaya çatdırmayıblar. Öz səhvlərini isə dilsiz, sakit heyvanın üzərinə yıxıblar”.

Xatırladaq ki, Azərbaycan Avropa Konvensiyasına üzv olduqdan sonra ölkədə itlərin vurulması, məhv edilməsi qadağan edilsə də, bu qanunun 12-ci maddəsinin "a" bəndinə əsasən "Tərəf sahibsiz heyvanların sayının onun üçün problemlər yaratdığını hesab etdiyi halda, o, heyvanları yol verilməməsi mümkün olan əziyyətlərə, ağrılara və ya narahatlığa məruz qoymadan onların sayını azaltmaq üçün zəruri qanunvericilik tədbirləri və ya inzibati tədbirlər həyata keçirir. İş orasındadır ki, artıq sahibsiz itlərin sayı, narahatlığı və təhlükəsi son həddə çatıb. Amma sahibsiz itlərlə mübarizə idarəsi bu məsələyə biganəlik nümayiş etdirməklə nəinki məsələni yoluna qoymur, bildirir ki, şikayətçi sakinlər ilk öncə polis orqanlarına müraciət etməlidirlər. Polis də onlara müraciət etməlidir. Ondan sonra itlər küçələrdən yığışdırıla bilər.

Alçina Amilqızı

Cebhe.info

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений