Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Kafelər çıxış yolunu kitabda görür: Mütaliəni təbliğ edir, yoxsa qazanc güdürlər?- REPORTAJ



Ötən həftəsonunun istirahət gününü şəhərin mərkəzində gəzintiyə çıxmaqla keçirdim. Daha sonra yaxınlıqda yerləşən kafelərdən birində əyləşib, çay içmək qərarına gəldim. Özümə məkan olaraq Filarmoniya bağında yaşıllıqların içərisində yerləşən xudmani kafeni seçdim. Çay sifarişini verərkən, gözüm masanın üzərinə sataşdı, təəccüblü idi, kitab görürdüm. Nəzər yetirdim ki, kafedə olan bütün masaların üzərində kitab var. 

Müşahidələrimdən belə anladım ki, məkan rəhbərliyi həm də mütaliənin təbliğatı ilə məşğuldur. Nə qədər səmimi olduqlarını deyə bilmərəm, çünki son illər marketoloqlar pul qazanmaq məqsədilə müxtəlif manevrlərə əl atırlar. Güman ki, bu da onlardan biridir. Təbii ki, son illər paytaxtda açılan kitab-kafelərin (“Book cafe”) sayı mütaliə tendensiyasının müsbətə doğru dəyişdiyindən xəbər verir. Bu, həm də kitab-kafesi mədəniyyətinin formalaşmasına işarədir. Sözügedən mərkəzlərdə yemək-içməklə yanaşı, müştərilərə kitablar da təqdim edilir. Yeri gəlmişkən, dünyanın bir çox şəhərlərində “Kafka” adlı kitab-kafe var. Kafe təsis edənlər daha çox Kafkanın yaradıcılığından xoşları gəldiyi üçün belə adlandırdıqlarını deyiblər. Bizdə isə Corc Oruellin “1984” və Çarlz Bukovskinin adına olan “Bukovski” kitab kafeləri fəaliyyət göstərir. Ümumiyyətlə, hazırda paytaxtımızda təxminən 5-6-ya yaxın kitab-kafe mövcuddur. Bəli, Bakıda kitab- kafelərin fəaliyyət göstərməyini alqışlayırıq. Çünki hər ötən il yeniyetmə və gənclər arasında kitab oxuyanların sayının sürətlə azalması ilə bağlı söylənilən pessimist fikirlər də artır. Ən çox da “İndiki gənclər valideynlərindən fərqli olaraq kitab oxumağa meyilli deyillər” - fikrini eşidirik.

Kitabsevərlər niyə azalıb?

Nizami Gəncəvi deyirdi: - “Bilik öyrənməyi ar bilən hər kəs dünyada mərifət qazana bilməz”. “Bir insanın dəyəri onun oxuduğu kitablarla ölçülür” - bunu isə ingilis filosofu Herbert Spenser deyib.Qarşılaşdırılmış iki fərqli fikir əslində bir-birinin məntiqi davamıdır.Yəni hər bir fikirdə cəmiyyət əxlaqının mənbəyində kitabın dayandığı aydın olur.Doğrudan niyə indi kitab oxuyanların sayı azalıb?Azərbaycanda kitab oxumağa marağın azalmasına səbəb kimi interneti göstərirlər.Lakin bu doğru yanaşma deyil.ABŞ və Yaponiyada yüksək texnologiyalar bizim ölkədə olduğundan dəfələrlə çox inkişaf edib.Amma orada kitabsevərlərin sayı çoxdur. Bir bəhanə də var: “Kitablar bahadır” - deyirlər. Bahalı mobil telefona, çayxanada və ya bahalı restoranda oturmağa pul çatır, həyatınızı yaxşılığa doğru dəyişəcək kitaba isə yox...

Yolda kitab oxuyanlar

Moskva, Paris, Tokio metrolarında kitab oxuyanların sayı o qədər çoxdur, sanarsan ki, kitabxanadasan… Bizdə isə metroda kitab oxuyana neandertal insan görürmüşlər kimi baxırlar... Hə, deyəcəksiniz ki, bizim nəqliyyatda kitab oxumaq lüksünə heç də hamı sahib deyil.Basabas, tünlük buna imkan vermir.Amma necə deyərlər, oxumaq istəyənə heç nə maneə deyil.

“Çox oxuma, alim olarsan...”

Düzdür, çox kiçik bir kəsim isə yolda kitab oxumaqdan kompleks hissi keçirir. Çünki cəmiyyətdə hələ də nümayişkaranə şəkildə kitab oxuyanları “ədabaz”, “özünü camaata ağıllı göstərmək istəyən” olaraq təqdim edənlər var. Hətta şəxsi müşahidələrimə görə, bəzən ictimai nəqliyyatda kitab oxuyan cavan qızlara sataşmaq, söz atmaq istəyən gənclər bu faktdan gen-bol istifadə edirlər. “Çox oxuma, alim olarsan”, “Oxuduğun kitab olaydım kaş, məni oxu, mən daha maraqlıyam”  - kimi səviyyəsiz atmacalar özünə hörmət edən xanımları da yolda kitab oxumaqdan az qala soyudur. 

Oxumaq müdriklikdir, yoxsa dəbli görünmək?

Yeri gəlmişkən, bir məqam da var. Bəzən kitab oxuyanlar bunu sanki reklam edərcəsinə gözə soxurlar. Hətta gənclər var ki, kitabı fərqli, “cool” görünmək üçün əllərində gəzdirirlər. Əsərlə bağlı hər hansı sual verəndə isə məlum olur ki, heç bir səhifəsini belə vərəqləməyib…

“Oxutmuram, əl çəkin!”

Mirzə Ələkbər Sabirin “Oxutmuram, əl çəkin!” şeiri dövrünün acınacaqlı mənzərəsini əks etdirirdi.Lakin 21-ci əsrdə yaşasaq da, Azərbaycan cəmiyyətində heç bir dəyişiklik olmayıb. Niyə az kitab oxuyuruq? Ya da niyə ümumiyyətlə, kitab oxumuruq?Doğrudanmı, səbəb ancaq vaxt qıtlığıdır? Niyə axı Türkiyə kanalarında yayımlanan məişət cəviyyəsində olan bir seriala reklamlarla birgə 2,5 saatımızı həsr edirik, amma 3-5 dəqiqəmizi ayırıb, 10 vərəq kitab oxumuruq? Ailədə uşaq gözünü açıb, anasının “evdar qadın” sindromundan əziyyət çəkdiyini, yəni saatlarla Türkiyə istehsalı olan mənasız seriallara baxdığını görür.

Necə düşünürsüz, belə ailədə böyüyən uşaq kitab oxumağı sevəcəkmi?Amma bax böyük kitabxana olan evdə uşaq oxumağı mütləq sevəcək.Kitablar əlçatan yerdə olmalıdır.Bax, o zaman uşaq oxuyacaq.Uşaqlar oxuyacaq ki, sonra deməsinlər, “indiki gənclər mütaliə etmir, kitabı sevmir”. Və sonda yazımı bir sitatla bitirmək istəyirəm: Yoxsulların evində böyük televizor, zənginlərin evində böyük kitabxana var…

Aytən Həsənova
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений