Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Kazimirov yenidən peyda oldu: Qarabağla bağlı 20 il əvvəlin söhbətinə QAYIDIŞ



Qabil Hüseynli: “Rusiya Dağlıq Qarabağ vasitəsilə Ermənistana təsir göstərmək istəyir”

Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyan ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri  Vladimir Kazimirovu onun xahişi qəbul edib. 

Cebhe.info-nun məlumatına görə, tərəflərin  Dağlıq Qarabağ probleminin həllinə dair müzakirələr apardığı  bildirilsə də görüşün nəticəsi barədə ətraflı açıqlama verilmir.  

Vladimir Kazimirovun İrəvana xüsusi tapşırıqla göndərildiyi şübhə doğurmur.  Ancaq indiki məqamda niyə məhz V.Kazimirovun seçilməsi  və nə üçün Ermənistan-Azərbaycan münaqişəsi  ilə bağlı danışıqları digər iki prezidentlə deyil, Levon Ter-Petrosyanla aparması diqqəti cəlb edir. Bu sualların cavabı yəqin ki, müəyyən müddətdən sonra  meydana çıxacaq. İlkin ehtimallardan biri Rusiyanın Dağlıq Qarabağ məsələsi ətrafında fəallığını artırmaq cəhdi ilə bağlıdır. Yəni rəsmi Moskva Ermənistanda baş vermiş hakimiyyət dəyişikliyindən sonra status-kvonu qoruyub saxlamaq və vəziyyətə nəzarəti əldən verməmək üçün yeni revanşlar etmək istəyir.  

Digər ehtimallardan biri isə  münaqişənin mərhələli həllinə dair  1998-ci ildə Levon Ter-Petrosyanın razılaşdığı planını yenidən gündəmə gəlməsindən  Rusiyanın narahatlığı ilə bağlıdır. Çünki baş nazir Nikol Paşinyan siyasi mövqeyinə görə Ter-Petrosyana  yaxın şəxs sayılır. Ona görə də Rusiya yeni hökumətin Qarabağ siyasətində Ter-Petrosyan kursunun yenidən gündəmə gəlməsini öz maraqları üçün  ciddi təhlükə hesab edir. 

Politoloq Qabil Hüseynli cebhe.info-ya açıqlamasında Vladimir Kazimirovun xüsusi tapşırıqla İrəvana göndərildiyini dedi.  “Kazimirov  Dağlıq Qarabağ probleminin həllində ermənipərəst mövqeyi ilə tanınan və bu problemi  qəlizləşdirən  bir neçə nəfərdən biridir. Mənin onunla bir neçə görüşüm olub.  Kazimirovun bəzi baxışlarını dinləmişəm. O, çox hiyləgər və anti-Azərbaycan mövqeyi ilə seçilən bir adamdır.  Kazimirov ermənilərə simpatiyasını da gizlətmir. Amma Rusiya dövlətçiliyinə sadiq adam kimi  ölkə rəhbərliyinin əmrlərini yerinə yetirir. Görünür, Kazimirova yenidən tapşırıq verilib. Bu səlahiyyət  Dağlıq Qarabağ probleminin həllində müəyyən kompromislərlə bağlı ola bilər. Çünki söhbət Levon Ter-Petrosyandan gedirsə, o, daxili ictimai rəydə  Azərbaycana güzəştə getməyin tərəfdarı olmadığını söyləsə də, amma  qapalı görüşlərdə Dağlıq Qarabağa yüksək özünüidarəetmə statusu verilməklə  Azərbaycanın  tərkibində almasına etiraz etmədiyini bildirmişdi. Doğrudur, Dağlıq Qarabağın və Azərbaycan torpaqlarının işğalı Ter-Petrosyanın dövründə baş  verib.

Amma  Ter-Petrosyan məsələlərə sonradan daha realist münasibət bəsləməyə başladı və  Azərbaycanla sülhün tərəfdarı idi. Ermənistanı bölgədədki regional layihələrə qoşmaqda maraqlı görünürdü.  Onun məlum olduğu kimi hakimiyyətdən  uzaqlaşdırılması Dağlıq Qarabağ məsələsində güzəştli mövqe tutması ilə bağlı idi. Bu da  Dağlıq Qarabağ klanı ilə onun qəyyumları işbirliyinin nəticəsi idi. İndi 20 ildən sonra yeni siyasi situasiya əmələ gəlib. İyirmi il bundan qabaqkı vəziyyətin tam əksi yaranıb. Söhbət  Ermənistanda  açıq şəkildə özünü ifadə etməsə də mahiyyət etibarı ilə “məxməri inqilab”ın baş verib  və  Qərbyönümlü qüvvələrdən ibarət hakimiyyət formalaşmağa başlayıb.  Bu məsələ Rusiya  üçün ciddi baş ağrısına çevriləcək.  Rusiya bu hadisələrə qarşı kəskin mövqedə dayanmadığını nümayiş etdirməyə çalışır. Əslində isə Rusiyanın baş verənlərdən narahat olduğu hər halından bəllidir.  Xüsusilə ABŞ prezidentinin  Paşinyanı səmimi təbrik etməsindən sonra  Rusiya daha ciddi narahat olmağa başlayıb.  Üstəlik, son vaxtlar Amerika Rusiyanın sərhədləri   boyunca münasibətləri genişləndirməyə başlayıb. Qazaxıstan prezidentinin Ağ Evə səfərindən sonra bu günlərdə Özbəkistan prezidenti də Donald Trampın dəvəti ilə Vaşinqtona gedib. Gürcüstan, Ukrayna ABŞ-a yaxın mövqeyi ilə seçilir. Rusiyanın  sərhdləri boyunca NATO çəmbəri  formalaşır.

Əgər  Ermənistan da bu çəmbərin formalaşmasına qoşulsa, bu Rusiyanın Cənubi Qafqazdan çıxmasına bərabər bir hadisə olacaq. Rusiyanın Cənubi Qafqazdakı mövqeyi də zəifləyəcək.  Bu səbəbdən də Kazimirov  bölgədəki hadisələri  yenidən təftiş edir, müxtəlif modelləri Ermənistan elitası ilə müzakirə edir və təkliflər hazırlayır. Bu təklifləri də prezident Putinə təqdim edəcək.  Məncə, Dağlıq Qarabağ vasitəsilə Ermənistana təsir təsir göstərmək  imkanları öz əksini tapacaq.  İstənilən variantda Rusiya münaqişənin tam həllini istəmir. Əgər Rusiya əvvəllər  beş rayonun qaytarılması məsələsini gündəmə gətirirdisə, indi  yeddi  rayonun qaytarılması  təklifi ilə gündəmə çıxmaq istəyir. Rusiya  Dağlıq Qarabağ məsələsində Ermənistan üçün narahatlıq yarada biləcək nüanslarla Ermənistana daxil olmaq istəyir”. 

Müşfiq Abdulla 
Cebhe.info

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений