Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Kənd təsərrüfatı naziri: “İstənilən yoxlamaya hazıram və sözlərimə cavabdehəm”



Uzun müddət anlaya bilmirdim – nəyə görə ölkənin aparıcı maliyyəçilərindən biri olan Heydər Əsədovu kənd təsərrüfatı naziri təyin ediblər?! Lap peşəkar olsa belə, baş mühasib bizim qida mənbəyimizin dirçəldilməsi üçün nə edə bilər? 36 yaşında ikən M.Lomonosov adına MDU-nun məzunu və aspirantı, Türkiyənin nüfuzlu Mərmərə Universitetinin doktorantını Azərbaycan maliyyə nazirinin müavini təyin etdilər. Bir müddət sonra o, Dövlət xəzinədarlığının baş direktoru oldu. Sonradan Hesablama Palatasının sədri vəzifəsində uzun bir dövr keçdi. Və birdən gözlənilməz təyinat – H.Əsədov Kənd Təsərrüfatı Nazirliyinin başına keçir, halbuki, məntiqə görə, o, ölkənin maliyyə-kredit institutlarından birinin rəhbəri olmalı idi...

Müsahibəmizdə kiçik fasilə. Heydər Əsədov bizi daha səmimi söhbətə kökləyən tamlı çaya qonaq edir. Və mən sanki öz-özümə uca səslə düşünürəm: “Nəyə görə seçimi sizin üzərinizdə saxladılar?” Nazir gülümsəyir və qarşılıqlı səmimiyyətlə cavab verir: “Sizə deyim. Bu barədə heç kimə danışmamışam. Mən M.Lomonosov adına MDU-da namizədlik dissertasiyamı “Kənd təsərrüfatında maliyyə uçotu” mövzusunda müdafiə etmişəm. Sonra doktorluq dissertasiyası üzərində çalışmağa başladım və ölkə rəhbərliyindən xahiş etdim ki, Moskvaya gedərək doktorluq işimi müdafiə edim”, - nazir danışır.

- Siz prezidentdən icazə aldınız? – gözlənilmədən soruşuram.

- Bəli.

- İndi hər şey aydındır. Buna görə prezident seçimini sizin üzərinizdə saxlayıb.

“İlham Əliyev bu qədər uzun müddətdə Heydər Əsədovun kənd təsərrüfatı sahəsində ixtisaslaşmasını necə yadda saxlayıb?”, - yenidən səsli düşünürəm.

Qısa haşiyədən sonra biz yenidən aqrar islahatın problemlərinə qayıdırıq.

- Regionlarda yenidən insanları kazarma metodu üzrə pambıq yığmağa çıxarırlar. Rayon başçısı rayonun fəalları ilə tarlalara çıxır və sovet ənənələrinə uyğun tamaşa təşkil edir. Nəyə görə adamları məcburən tarlalara qovurlar? Bu, bazar iqtisadiyyatı qanunları ilə necə uzlaşır?

- Hökumətdə bilirlər, mən inzibati tədbirlərin qəti əleyhdarıyam. Bunu açıq söyləyirəm. Mən bununla kökündən narazıyam və necə deyərlər, könüllü-məcburi tədbirlərin tətbiqi barədə heç eşitmək belə istəmirəm. Əlbəttə, bizə də müəyyən siqnallar daxil olur.

Digər tərəfdən, maarifləndirmə işi də lazımdır. İnsanları maarifləndirmək və torpağa qaytarmaq lazımdır. İnandırmaq! Lakin təəssüf ki, əyintilər və əndazədən çıxmalar da yox deyil. Amma bəzən inzibati tədbirlər də müəyyən nəticə verir. Siz özünüz kolxoz icmasının Belarus modelini misal göstərdiniz. Lakin tarixin dialektikası, dövlət idarəçiliyinin müasir nəzəriyyələri baxımından iqtisadiyyatın inzibati metodlarla idarə olunması atavizmdir və bunu ləğv etmək lazımdır. Mən hər zaman buna çağırıram.

- Mən lap indilərdə rayonlar üzrə pambıq yığımının statistik göstəriciləri ilə tanış oldum. İki qonşu rayon, eyni iqlim və təbii şərait... Lakin rayonlardan birində yüksək nəticələr əldə olunub, digərində isə vəziyyət ürəkaçan deyil. Bu paradoksu nə ilə izah eidrsiniz?

- Bu toxumun keyfiyyəti məsələsidir. Toxumlar haradan gətirilib. Yetişdirilmə vaxtı oğurluq olubmu. Bu həm də yerin relyefindən asılıdır. Yetişdirilmə zamanı hansı texnikadan istifadə olunub. Bundan başqa, suvarmanın keyfiyyəti də rol oynayır. Bəzən sahələrdə su çatışmazlığı hiss olunur və bunun üçün yararlı olmayan sudan istifadə edirlər.

Toxunduğunuz paradoks – bir rayonda uğuru, digərində isə uğursuzluğu şərtləndirən bütöv bir səbəblər kompleksidir. Axı səpinə qədər hələ torpağın məhsuldarlığına görə qiymətləndirilməsini aparmaq lazımdır. Bizdə 12 zona aqrokimya laboratoriyası fəaliyyət göstərir. Torpağın müvafiq qiymətləndirilməsi aparılmalıdır.

Dünyanın heç bir ölkəsində müvafiq laboratoriya tədqiqatları aparılmadan kənd təsərrüfatı işləri aparılmır. Bizdə isə hər şey tamamilə əksinə idi. Lakin bu əvvəllər idi.

- Sizə qədər bizdə kənd təsərrüfatı yox idi...

- Bunu bax özünüz dediniz.

- Bəli, çünki ölkəmizdə neftdən savayı heç nə yox idi. Burada dərin analitik təhlillər lazımdır. Sizin nazirlikdə analitik və tədqiqat institutları fəaliyyət göstərməlidir. Belə mərkləzlər varmı?

- Nazirliyimizdə 12 institut fəaliyyət göstərir. Biz müasir elmi tələblərə cavab verməli olan bu institutlarda struktur islahatları aparmışıq. Cənab prezident maliyyə vəsaiti ayırdı və biz 8 yeni institut yaratdıq. Saytınız heyvandarlıq institutumuzu tənqid etmişdi. Bir aydan sonra bu institutun inzibati binası istifadəyə veriləcək. Amma siz bizi bu institutun olmadığına görə tənqid etmişdiniz! (gülümsəyir.) Bizdə bu institut var. Tezliklə onu ziyarət də edə bilərsiniz. Yeri gəlmişkən, biz bu institutları laboratoriya avadanlıqları və cihazlarla təchiz etmişik. Yaxud götürək bizim Quba tərəvəz və meyvələrin yeni sortlarının istehsalı üzrə elmi-tədqiqat institutunu...

Biz bütün institutlarımızın strukturunu və fəaliyyətini təkmilləşdirmişik, maddi-texniki baza yaratmışıq, onları müasir avadanlıqla təchiz etmişik, maaşları artırmışıq və indi onlar özlərinin bilavasitə funksional vəzifələrini həyata keçirirlər. İlin sonuna kimi bütün institutlarımız tam gücü ilə işləyəcək.

- Haqlısınız, bəzən sizin qurumu tənqid edirik. Misal üçün, bu yaxınlarda sizi yeni bahalı inzibati binanın tikintisinə görə tənqid etmişdik. Yeni binanın tikilməsinə ehtiyac var idimi? İslahatlar dövründə bu pulları başqa, daha effektiv məqsədlər üçün sərf etmək daha yaxşı olmazdımı?

- Gəlin, açıq və səmimi danışaq. Bir var bina tikəsən, bir də var bahalı bina tikəsən. Bu səhvdir, yanılırsınız, biz bahalı bina tikməmişik. Hər kvadrat metr bizə 860 manata başa gəlib. İndi isə necə yüksək keyfiyyətli tikinti olmasına baxın! Mən tam məsuliyyəti ilə deyirəm – tikinti işləri şəffaflıqla yerinə yetirilib, heç bir bahalı tikintidən söhbət gedə bilməz. Mən bütün yoxlamalara hazıram və sözlərimə cavabdehəm.

İkincisi, söhbət inzibati binalardan getmir! Birinci mərtəbədə aqrokimya laboratoriyası, ikinci mərtəbədə toxumların tədqiqi laboratoriyası, üçüncü mərtəbədə diaqnostika mərkəzi, dördüncü mərtəbədə isə elmi-informasiya (konsaltinq) mərkəzi və treninqlərin keçirilməsi üçün otaqlar yerləşəcək.

Baytarlıq laboratoriyası üçün yerimiz yox idi. Bəs laborator tədqiqatlar harada aparılsın? İnsitutlar hara yerləşdirilsin?

Bəli, zövqlə tikmişik və bunlar çox yaraşıqlı binalardır. Mən ki sökmürəm, qururam! Pis nə edirəm ki? Vəsaitləri oğurlamaq lazım idi? Belə olan halda mənə “sağ ol” deyəcəkdiniz? Məgər mən hər kvadrat metri 2 min manata olan bina tikmişəm?

- Gəlin, aranı sakitləşdirək (gülürük). Kənddə tez-tez olursunuz?

- Tez-tez oluram. Ayda 3-4 dəfə. Sabah yola çıxıram. Mən heç vaxt özümü reklam etmirəm. Nəyimə lazımdır? Misal üçün, sabah Göygölə yollanıram. Orada süni mayalanma mərkəzi qururuq. Hər gün kompüter əlaqəsi ilə regionlardakı bütün tikinti işlərini müşahidə edirəm. Zərurət yarandıqca rayonlara çıxıram. Salyan, Neftçala, Sabirabad... Bütün tikinti işləri üzrə smetanın sərfiyyatını da bilavasitə nəzarətdə saxlayıram.

Sizi bir şeyə əmin edə bilərəm ki, özümdən sonra yüksək keyfiyyətli iş qoyacağam. Nə işdə, nə də yaddaşda heç bir çat olmadan!

Haşiyə

Heydər Əsədov jurnal masasından “ayfon”unu götürür. Mənə bir çox tikililərin fotoşəkillərini göstərərək eyhamla şərh edir: “Telefonumun yaddaşında yalnız tikinti işlərinin və nəvələrimin şəkilləridir. Nəvələrimi çox sevirəm”. Dərhal da təbəssümlə mənə müraciət edir: “Bəs siz nəvələrinizi sevmirsiniz?” Gülüşürük. “Nəvələrə qədər mənə hələ yaşamaq lazımdır”, - cavab verirəm.

Nazir mənə Qarabağ atlarının yaraşıqlı kompleksinin şəkillərini göstərir. “Cəınab prezident əbədi kompleks yaratmaq istəyir”. Allah eləsin!

- Ermənistanla həmsərhəd Azərbaycan rayonları üçün proqramınız varmı? Axı bu rayonların əhalisi dövlət tərəfindən xüsusi tədbirlərə və dəstəyə ehtiyac duyur.

- Elə bir xüsusi proqramımız yoxdur. Lakin güzəştli proqramlar həyata keçirilərkən məhz bu rayonlara üstünlük veririk. O ki qaldı kənd təsərrüfatı texnikasının paylaşdırılmasına, burada da xüsusi avtomatlaşdırılmış proqram tətbiq etmişik. Hər şey şəffafdır və hər kəs onlayn rejimdə kənd təsərrüfatı texnikasının qrafik üzrə növbəli paylanmasını müşahidə edə bilər. Orada siyahılar və növbə göstərilib, heç bir güzəşt edilmir.

Bir dəfə qəbuluma vətəndaş gələrək şikayətini bildirdi ki, növbəni pozub siyahıda məndən sonrakı adama kənd təsərrüfatı texnikası vermisiniz. Bildirdim ki, bu şəhid ailəsidir. Bundan sonra etirazı qalmadı. Bakıya qayıdandan sonra qəırara aldım ki, şəhid ailələrinə texnika növbədənkənar verilsin.

- Tez-tez bir sual da meydana çıxır. Aqrar islahata görə məsuliyyət Kənd Təsərrüfatı Nazirliyinin üzərinə düşür, lakin bunu icra hakimiyyəti başçılarından tələb edirlər. Buna nə cavab verərdiniz?

- Belə düşünmürəm. İlk növbədə bizdən soruşurlar. Aqrar islahat bilavasitə cənab prezidentin nəzarəti altında həyata keçirilir. Buna görə də, koordinasiyaedici orqan kimi prezident administrasiyası çıxış edir. Müvafiq olaraq, icra hakimiyyəti başçıları bu qlobal prosesə cəlb ediliblər. Lakin mən, dediyiniz kimi, belə bir mövqe ilə razı deyiləm ki, icra hakimiyyəti başçılarından tələb edirlər. Bilavasitə məsuliyyət nazirliyimizin üzərindədir...

Mən sizin bir tənqidi yazınıza qayıtmaq istəyirəm. Biz Dövlət texniki nəzarət xidməti yaratmışıq və bu qurum dərhal kənd təsərrüfatı texnikasının inventarlaşdırılmasına başlayıb. Hələlik cəmi 676 kombaynı qeydiyyatdan keçirməyə macal tapmış Xidmətin saytına daxil olursunuz və yazırsınız ki, bəyan edilmiş 2500 kombaynın əvəzinə 676 kombayn var. Bu nə deməkdir? Haqqin.az-ın obyektivliyi budur? Mən hər bir iş günümü sizin nəşrin icmalından başlayıram və belə qeyri-obyektiv tənqid görəndə, çox təəssüflənirəm.

- Şübhəsiz ki, daha diqqətli olmalıyıq. Bəs sizin mətbuat xidməti niyə belə gec reaksiya verir?

- Onlara iradımı bildirmişəm. Budur, mənim telefonum. Sizi maraqlandıran bütün məsələlərlə bağlı zəng edib soruşa bilərsiniz. Şəmkirə gedirəm, mənimlə getmək istəmirsiniz? Oradakı işlərimizə baxardınız. Amma yol uzaqdır.

- Bəlkə başqa vaxt? Mütləq sizinlə gedəcəyəm. Və sağollaşarkən başqa nazirlərimizə də belə səmimiyyət və şəffaflıq arzulamaq istəyirəm... (gülüşürük) (virtualaz.org)

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений