Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Kəşfiyyatdan Qarabağda müharibə anonsu: KİM BAŞLADACAQ? 



Dağlıq Qarabağ ətrafında gərginlik  2018-ci ildə Azərbaycanla Ermənistan arasında irimiqyaslı hərbi münaqişəyə keçə bilər. Bu barədə ABŞ Milli Kəşfiyyat Agentliyinin direktoru Daniel Kouts tərəfindən dərc edilmiş “Təhdidlərin ümumdünya dəyərləndirməsi” adlı ənənəvi illik məruzədə bildirilir.

Sənəddə 2018-ci il ərzində ABŞ üçün yarana biləcək milli təhlükəsizlik təhdidləri nəzərdən keçirilir. Məruzənin Qarabağa həsr edilmiş hissəsində göstərilir ki, tərəflərin “kompromislərə getmək arzusunun olmaması”, kənardan təzyiqlər, Azərbaycanın həyata keçirdiyi stabil hərbi modernləşmə, Ermənistanın Rusiyadan yeni silahlar alması 2018-ci ildə irimiqyaslı hərbi əməliyyatlara gətirib çıxara bilər.

Məruzəyə əsasən Kreml keçmiş sovet respublikalarının ərazisində öz təsir imkanlarını daha da genişləndirəcək. Bu məqsədlə “aqressiv və opportunist xarici siyasət” yürüdüləcək.

ABŞ Milli Kəşfiyyatı Gürcüstanın da vəziyyətinin mürəkkəb olaraq qaldığını, bunun mənbəyinin Rusiyanın Tiflisin Qərbə inteqrasiyasını əngəlləmək səyləri olduğunu bildirir.

ABŞ Milli Kəşfiyyat Agentliyinin hesabatlarının kifayət qədər  dəqiq informasiyalara əsaslandığını nəzərə alsaq, Qarabağla bağlı məruzənin də ciddiliyi şübhə doğurmur. Təbii ki, 2018-ci ildə Azərbaycanla Ermənistan arasında müharibənin başlayacağı barədə birmənalı fikir söyləmək çətindir. Lakin hazırda münaqişənin nizamlanmasına dair danışıqlar prosesinin faktiki olaraq dayanması və tərəflər arasında gərginliyin artan xətt üzrə getməsi yaxın aylarda deeskalasiya mərhələsinə keçə bilər. 

Siyasi müşahidəçilərin  rəyinə görə, mart və aprel aylarında həm Ermənistanda, həm də Azərbaycanda  keçiriləcək seçkilərin  yekunlaşması Dağlıq Qarabağ probleminin həlli prosesinə təsirsiz ötüşməyəcək.  Xatırladaq ki, mart ayının 2-də Ermənistanda prezident seçkiləri, aprel ayının əvvəlində isə parlamentar sistemə keçidlə əlaqədar  yeni hökumət və baş nazir seçiləcək. Parlament çoxluğunun seçdiyi baş nazir ali icra hakimiyyətinin rəhbəri  səlahiyyətlərinə malik olacaq. Hazırkı dövlət başçısı Serj Sarkisyanın  presidentlik müddəti başa çatdığından o daha çox baş nazir vəzifəsinə iddialı görünür. Son məlumatlara görə, Serj Sarkisyan baş nazir, hazırda hökumətə rəhbərlik edən Karen Karapetyanın isə onun müavini vəzifələrini bölüşdürmək barədə razılıq  əldə edib. 

Azərbaycanda isə prezident seçkiləri yanvarın 11-də keçiriləcək. Seçkilərdən  sonra  Dağlıq Qarabağ məsələsinin həlli istiqamətdə fəallığın artacağı gözlənilir. Ancaq bu mərhələnin diplomatik, yoxsa hərbi müstəvidə  baş verəcəyi  tam müəyyənləşməyib.  Bölgədə  mövcud olan geosiyasi  situasiya münaqişənin nizamlanmasında danışıqlar prosesinin sürətlənəcəyinə ciddi ümid  olmadığını deməyə əsas verir. Bəzi  analitiklərin fikrincə, Ermənistanda aprel ayında Serj Sarkisyan baş nazir seçilə bilməsə, hakimiyyətə güclü mövqe tutan köhnə hərbçilər komandasının siyasi səhnəni tərk etməsi ilə nəticələnə bilər. Qardaşı Ermənistanın ən böyük  şirkətlər  qrupu olan “Taşir” Holdinqə rəhbərlik edən Karen Karapetyan baş nazir, ölkənin ən varlı adamlarından sayılan Armen Sarkisyan isə prezident seçilərsə, hərbi elitanı  iqtisadiyyata nəzarət edən oliqarxlar  əvəz edəcək. Bu isə Ermənistanın iqtisadi blokadadan çıxmasında maraqlı olan və Azərbaycanla müharibədə iştirak etməmiş yeni siyasi elitanın Dağlıq Qarabağ probleminin həllinə  dair danışıqlarda güzəştə getməsinə səbəb ola bilər.  “Jovaxurd ” qəzetinin yazdığına görə, Serj Sarkisyanın  baş nazir seçilməsi konstitusiyanın tələblərinə ziddir.  Ona görə də Karapetyanın baş nazir postunda qalacağı gözlənilir. Qeyd edək ki, həmsədrlərin Bakıya son səfərinin nəticələrinə münasibət bildirən  Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistanda və Azərbaycanda keçiriləcək prezident seçkilərindən sonra mövcud fikir və təkliflər əsasında intensiv danışıqların davam etdirilməsinə dair razılıq əldə olunduğunu deyib. 

Lakin siyasi ekspertlərin qənaətincə, seçkilərdən sonra münaqişənin həlli istiqamətindəki danışıqlarda ciddi dönüşün baş verməsi ehtimalı real görünmür. Buna səbəb Rusiyanın  Ermənistandakı siyasi proseslərə, o cümlədən  seçkilərə təsir  imkanlarını saxlamasıdır. Dağlıq Qarabağ  məsələsində də münaqişənin aradan qalxmasında maraqlı olmayan rəsmi Moskva Serj Sarkisyanın baş nazir seçilməsini  və icra hakimiyyətinin rəhbəri kimi danışıqlarda iştirakını davam etdirməsini daha məqsəduyğun hesab edir. Bu isə Ermənistanın danışıqlar masasında əvvəlki mövqeyindən geri çəkilməyəcəyini göstərir. İşğala və təcavüzə məruz qalan ölkə kimi Azərbaycan münaqişənin substantiv və məntiqi danışıqlar vasitəsilə tezliklə həllini, eyni zamanda mövcud status-kvonun qəbuledilməz və dəyişdirilməli olduğunu tələb edir. Ermənistan isə status-kvonun saxlanılmasının tərəfdarı olduğundan seçkilərdən sonra  həmin mövqedə qalmaqda davam edərsə, danışıqlar prosesində hər hansı irəliləyiş də baş verməyəcək.  Eləcə də Rusiyanın Suriyadakı müharibədəki qələbəsi, İran və Türkiyə ilə yaratdığı hərbi siyasi blok fonunda yaxın və Orta Şərqdə qazandığı geosiyasi üstünlük özünü Cənubi Qafqaza  təsirsiz  qalmır. Prezidentlər Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğanın 2017-ci ilin noyabr ayında Soçidə keçirilmiş görüşündən sonra Türkiyə dövlət başçısının Dağlıq Qarabağ probleminin açarının Rusiyada olması haqda dedikləri sözügedən probleminin nizamlanmasıında Kremlin güşətə getmək istəmədiyini bir daha təsdiqlədi.

Mart ayının 18-də isə Rusiyada keçiriləcək prezident seçkilərində Vladimir  Putinin qələbə qazanmaq şansının yüksək olması Ermənistan-Azərbaycan münaqişəsinin  yaxın perspektivdə çözüləcəyinə dair ümidləri aradan qaldırır. Ona görə də diplomatik həll variantının arxa plana keçməsi istər-istəməz müharibə   ehtimalını  önə çıxarır.  Rəsmi İrəvan Azərbaycanda prezident seçkilərinin  oktyabr ayında keçiriləcəyinə nəzərə alaraq, danışıqları ilin sonuna qədər uzada biləcəyinə ümid edirdi. Ancaq Azərbaycanda  prezident seçkilərinin aprel ayına çəkilməsi Ermənistanı oyundankənar vəziyyətə salıb. Bu səbəbdən, hər iki ölkədə seçkilər başa çadıqdan və yeni hökumət tam formalaşdıqdan sonra  danışıqlar yüksək səviyyədə bərpa olunmasa müharibənin lokal səviyyədə olsa belə başlanması qaçılmaz görünür. Çünki Ermənistanın kompromisə getməmək üçün danışıqlardan yayındığını görən rəsmi Bakı ikinci varianta əl atmaq məcburiyyətində qala bilər. Aprel döyüşlərinin ikinci ildönümünə təsadüf edən bu situasiya  ən azı “Dörd günlük müharibə” səviyyəsində və ya daha geniş lokal  hərbi əməliyyatların başlanmasını zəruri edir. ABŞ Milli Kəşfiyyat Agentliyi də çox güman ki, əldə etdiyi məxfi informasiyalarla yanaşı, məhz qeyd edilən arqumentləri nəzərə alaraq, müharibənin başlanacağı anonsunu  verib. 

Müşfiq Abdulla 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений