Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Kinoteatrlar bələdiyyələrə verilir? - YENİ TƏKLİF



Bölgələrdə mədəniyyət mərkəzlərinin kütləvi şəkildə ləğvinə başlanılıb. Əmlak Məsələləri üzrə Dövlət Komitəsi rayonlarda kinoteatrları özəlləşdirməyə çıxarır.

Özəlləşdirilməyə çıxarılan kinoteatrların sayı 15-dir. Bura Quba rayonunda yerləşən “Nizami”, Şamaxıda “Şirvan”, Tovuzda “Şəfəq”, Astarada “Azərbaycan”, Gədəbəydə “Aydınlıq”, Gəncə şəhərindəki “Xronika” kinoteatrı və digərləri daxildir.  Mütəxəssislərin fikrincə, kinoteatrlar özəlləşdirilərsə, onların gələcək statusu təhlükə altına düşəcək. Çünki həmin mərkəzlər aidiyyatı üzrə fəaliyyət göstərməyəcək. Əlbəttə ki, ucuz qiymətə özəlləşdirilən kinoteatrlar kiminsə şəxsi mülkiyyəti olacaq və təyinatı üzrə işləməyəcək. Beləcə də bölgələrdə  mədəniyyət məhv olub gedəcək. 

Digər  tərəfdən, təklif edilir ki, kinoteatrları yerli bələdiyyələrin balansına vermək daha məqsədəuyğundur. Çünki bu yerli özünüidarəetmə orqanlarının büdcəsinə əlavə gəlirlərin daxil olmasını təmin edə bilər. Yəni bu mərkəzləri kinoteatrlar, tədbir zalları və s-lər kimi istifadə edə bilərlər. Bundan əlavə kinoteatrların özəlləşdirmədən çox publik şəxsə çevrilməsinin vacibliyi də qeyd olunur.

Teatrşünas-tənqidçi Anar Bürcəliyev  “Cümhuriyət” qəzetinə açıqlamasında  kinoteatrların özəlləşdirilməsi addımını düzgün hesab etməyib: “Mədəniyyət obyektlərinin, ocaqlarının satışa çıxarılması, özəlləşdirilməsi düzgün deyil. Çünki bu sahəyə dövlət tərəfindən xüsusi diqqət və qayğı var. Bu diqqət daha da artırılmalıdır və bu obyektlərin öz istiqamətlərinə uyğun olaraq fəqliyyət göstərməsi üçün Dövlət Proqramı daha çox təkmilləşməlidir. Özəlləşdirməyə çıxarmaqla həmin  obyektlər tamamilə başqa istiqamətə yönələcək. Yaxşı olar ki, bu kinoteatrlar öz təyinatları üzrə fəaliyyət göstərsin. Bir mədəniyyət işçisi kimi bu mərkəzlərin özəlləşdirilməsinin əleyhinəyəm. Bu binaları özəlləşdirmək olmaz, çünki onların çoxu həm də tarixi binadır. Əksinə, rekonstruksiya edib, yeniləşdirmək yaxşıdır.  Məsələn, Gəncədə “Nizami” kinoteatrı var. Çox qədim  və tarixi binadır.  O bina hazırda çox yararsız və baxımsız bir vəziyyətdədir. Çox ciddi şəkildə təmirə ehtiyacı var. Yaxşı olar ki, bu binalar öz istiqamətləri üzrə fəaliyyətlərini davam etdirsinlər”.

Teatrşünas onu da əlavə edib ki, əgər kinoteatrlar bələdiyyələrin balansına verilsə, yaxud şəxsi mülkiyyət kimi satılsa,  biz o adamların şəxsi maraqlarına xidmət etmiş olarıq: “Belə olacaqsa, elə o binalar  bağlı qalsa, yaxşıdır. Bu gün həmin binaların bələdiyyələrin ixtiyarına verilməsi, bir növ şəxsi ambisiyaların qorunmasına gətirib çıxaracaq. Bələdiyyələrə bu imkan verilsə, oradan gəlir əldə etmək məqsədi güdüləcək. Mədəniyyət ocaqlarının icarəyə verilməsi ümumiyyətlə, birmənalı şəkildə dayandırılmalıdır. Hələ də müəyyən ərazilərimizdə mədəniyyət ocaqlarımızın bir hissəsi icarəyə verilir. Əslində mədəniyyət obyektlərinin icarəyə verilməsi qanunla qadağandır. Bununla bağlı dövlət başçısının sərəncamı var.

Mən bu obyektlərin bələdiyyələrin balansına verilməsinin də əleyhinəyəm. Ən gözəl variant bu mərkəzlərin Mədəniyyət və Turizm Nazirliyi, eləcə də  Kinematoqrafçılar İttifaqının balansında saxlanılmasıdır. Dövlət  bu binaları təmir etsin və gözəl kinoteatrlarımız olsun. İnsanlar gedib bu mərkəzlərdə istirahət etsin. O vaxtlar kinoteatrlara xüsusi bir maraq var idi. Bu gün artıq o maraq da yoxdur. Çünki texnika elə inkişaf edib ki, hamı evində oturub  seriallara baxır. Amma kinoteatrlara getməklə zövq ala bilirdik. Bu gün o zövqü qaytarmaq və yenidən yaşatmaq üçün, keçmiş hisslərə qayıtmaq üçün kinoteatrlar mütləq şəkildə bərpa olunmalıdır. Buna və mədəniyyətimizə xidmət etməliyik”.

Alçina Amilqızı 

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений