Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Kreml “Milyarderlər İttifaqı”nı“dirildir”: SEÇKİ HAZIRLIĞI



Məhəmməd Əsədullazadə: “Kreml Azərbaycana təzyiq planını işə salıb”

Əli Orucov: “Son dövrlərdə Rusiya çox şovinist siyasət yürüdür, digər xalqlara yuxarıdan aşağı baxır”

Rusiya Federasiyasının Ali Məhkəməsi Ümumrusiya Azərbaycan Konqresinin ləğvini təsdiqləyib.“Cümhuriyət” qəzeti xəbər verir ki, Ali Məhkəmə Ədliyyə Nazirliyinin iddiasını təmin edərək, ÜAK-ın qeydiyyatının ləğv olunması barədə qərar verib.ÜAK-ın prezidenti Fazil Qurbanov qərarı “ədalətsiz” adlandırıb. O, apellyasiya şikayəti verəcəklərini bildirib.

Kreml Milyarderlər İttifaqını “dirildir?

Rusiya hakimiyyət dairələri tərəfindən verilən qərarın siyasi motivli olduğu və prezident seçkilərinə hazırlaşan Azərbaycana qarşı təzyiqin bir forması olduğu istisna olunmur.Seçkilər ərəfəsində Moskvadan olunan təzyiqlərin daha kəskin hal alacağı və Azərbaycan daxilindəki siyasi prosesləri öz lehinə çevirmək istəyən Kremlin masaya yeni “kartlar” atacağı da gözləniləndir.

Ehtimallara görə, Rusiya 2013-cü ildə Azərbaycanda keçirilmiş seçkilər üçün təsis etdiyi Milyarderlər İttifaqını yenidən “dirildə” bilər.Artıq bir sıra mənbələr Moskvada hazırlıq işlərinə başlanıldığını iddia edirlər.İddiaya görə, prezident Vladimir Putinə yaxın siyasi çevrələr Rusiyada fəaliyyət göstərən azərbaycanlı milyarderləri (Abbas Abbasov, Hüseyn Sadıxov, Vahid Ələkbərov və s.) yenidən bir araya yığmağa başlayıb. Dağıstan prezidenti, Azərbaycan klanına daxil olan Ramazan Abdulatipovun da hazırlıq prosesinə cəlb edildiyi gələn məlumatlar arasındadır.Ehtimallara görə, Kremlin göstərişi ilə azərbaycanlı milyarderlərin yaradacaqları ittifaq başqa ad altında fəaliyyət göstərəcək. Artıq bu məqsədlə iş adamları arasında Sankt-Peterburqdakı restoranlardan birində görüşün keçirildiyi bildirilir.

“Yeni ittifaq qurula bilər”

Politoloq Məhəmməd Əsədullazadə “Cümhuriyət” qəzetinə bildirib ki, konqresin ləğvi, Kremlin Azərbaycana təzyiqidir. Politoloq hesab edir ki, Rusiya qonşu dövlətlərə qarşı siyasi təxribatlara edərək, bu ölkələrin müstəqil siyasətlərinə mane olmaq istəyir:

“Azərbaycanın cəbhədə işğalçı ölkə Ermənistana qarşı hərbi təzyiqləri, Azərbaycan ərazilərinə qanunsuz səfər edən Rusiya vətəndaşı Aleksandr Lapşinin həbsi, həmçinin Avropa İttifaqının enerji sahəsində Azərbaycana üstünlük verməsi Rusiyanı qəzəbləndirir. Konqresin ləğvinə gəlincə, bu təşkilat Putinin razılığı ilə yaradılıb və birinci şəxsin icazəsi olmadan bu qurum ləğv edilə bilməzdi.Görünən budur ki, Kreml Azərbaycana təzyiq planını işə salıb.Aprel ayı Rusiya hakim dairələrinə yaxın şəxslərin ölkəmizə səfəri və aparılan danışıqlarda Kremlin şərtlərinin Azərbaycan tərəfindən qəbul edilməməsi Rusiyanın bu addımı atmasına səbəb olub.Hər seçkiqabağı Kreml Bakıya təzyiq etmək üçün müxtəlif təzyiq rıçaqlarını işə salır.Keçən seçkilər ərəfəsində Rusiyada Milyarderlər İttifaqının qurulması buna sübutdur”.

Məhəmməd Əsədullazadənin sözlərinə görə, 2018-ci il seçkilərindən əvvəl Rusiyada Azərbaycana qarşı yeni ittifaqın yaradılması reallaşa bilər:

“Əgər iki ölkə rəhbərliyi görüşüb problemləri yoluna qoymasa, siyasi proseslər gərginləşən dinamika ilə davam edəcək. Rusiyada Azərbaycan hakimiyyəti əleyhinə olan bir sıra şəxslər var ki, onlar Kremlin göstərişi ilə hərəkət edirlər.Kreml Milli Şuraya dəstək verməklə hakimiyyətə qarşı təzyiq edə bilər.Qeyd edim ki, Rüstəm İbrahimbəyov, Abbas Abbasov və onların Bakıdakı dostları bu əmri gözləyirlər.Hesab edirəm ki, Kreml “Abbasov kartı”nı yenidən masaya ata bilər”.

“Rusiya başqa xalqlara yuxarıdan aşağı baxır”

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) siyasi şurasının üzvü Əli Orucov “Cümhuriyət” qəzetinə Rusiyanın Azərbaycan hakimiyyətinə təzyiq edəcəyini düşünmədiyini deyib. AMİP yetkilisi hesab edir ki, təzyiq üçün heç bir əsas yoxdur:

“Hakimiyyət Moskvanın istəklərinə uyğun siyasət yürüdür. Avropa ilə münasibətləri normal deyil, Avro-atlantik məkana inteqrasiyanı qəbul etmədi.Bakı Moskva nə deyirsə, onu da edir.Konqresin ləğvi ayrı məsələdir.Bunun köklü səbəbləri başqadır, təzyiq görmürəm.Təzyiq o zaman olardı ki, Azərbaycan iqtidarı müstəqil xarici siyasət yürüdərdi, üzünü Avropaya çevirərdi.Bunların heç birini Azərbaycan siyasətində görməmişik.Rusiya təkcə Azərbaycanın yox, digər dövlətlərə aid qurumların öz daxilində siyasi fəaliyyətlərini genişləndirmək istəklərində maraqlı deyil.Ümumiyyətlə, son dövrlərdə Rusiya çox şovinist siyasət yürüdür, digər xalqlara yuxarıdan aşağı baxır.Ola bilər ki, bu qərar kimlərinsə marağına toxunmaq məqsədi daşıyır.Əsl səbəbi bilmirik, amma bütün hallarda Moskvanın Bakıya təzyiq edəcəyini düşünmürəm”.

Mənsur Rəğbətoğlu
Cebhe.info







© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений