Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Kreml diktatordan niyə üz çevirir? – “Dəli oğlan” çaşqınlıq içində



KXDR-in Xarici İşlər Nazirliyinin Şimali Amerika Departamentinin rəhbəri Tsoy Son Xi oktyabrın 17-də Rusiyaya səfər edib. Onun kütləvi qırğın silahlarının yayılmaması üzrə oktyabrın 19-21-də keçiriləcək konfransda iştirak etmək üçün Moskvaya gəldiyi bildirilir. Ancaq bu səfər zamanı Rusiya prezidentinin oktyabrın 16-da Şimali Koreyaya qarşı tətbiq etdiyi sanksiyalar məsələsinin əsas müzakirə predmeti olunacağı gözlənilir. Xatırladaq ki, Vladimir Putin KXDR-lə bir sıra sahələrdə əlaqələrin məhdudlaşdırılmasını nəzərdə tutan sənəd imzalayıb. 

Sanksiyalar barədə fərmanın BMT Təhlükəsizlik Şurasının 2016-cı il noyabrın 30-da qəbul etdiyi 2321 saylı qətnaməsinə uyğun olaraq verildiyi bildirilir. Məhdudlaşdırıcı tədbirlər Şimali Koreyanın raket-nüvə sınağının keçirilməsinə cavab olaraq tətbiq ediləcək. Həmçinin, Şimali Koreyanın gəmilərinə nüvə proqramı ilə əlaqədar Rusiyanın limanlarına girişi qadağan edilir. Hətta belə gəmilər Rusiyanın dövlət qeydiyyatından çıxarılacaq. Limanlardakı gəmilərin həmin ərazini tərk etməsi işi xüsusi komitəyə həvalə edilib. Prezident fərmanında Rusiya ilə KXDR arasında tibb sahəsi istisna olmaqla elmi-texniki əməkdaşlığa da məhdudiyyət qoyulub. Qeyd edilir ki, nüvə, aerotexnika maşınqayırması ilə bağlı elmi-texniki əməkdaşlıq nüvə proqramının inkişafına xidmət etmədiyi hallarda mümkün ola bilər. 

Diplomatik və konsulluq fəaliyyəti istisna olmaqla Şimali Koreyaya Rusiya Federasiyası ərazisində daşınmaz əmlakdan istifadə qadağan edilib. Bundan başqa, Şimali Koreyanın Rusiyadakı konsulluq və ya digər diplomatik qurumlarının bank hesablarının sayı birə endiriləcək. KXDR-ə qarşı sanksiyaların gücləndirilməsi haqqında sərəncamına əsasən, bu ölkənin ərazisində mövcud olan Rusiya banklarının nümayəndəlikləri və filialları bağlanacaq. Qadağalar Şimali Koreya ilə ticarətə dövlət və şəxsi maliyyə ayıran qurumlara da aid edilir. Rusiyanın fiziki və hüquqi şəxslərinə Şimali Koreyadan mis, nikel, gümüş, sink almaq qadağan edilir. Həmçinin, Şimali Koreyaya helikopter və gəmi satmaq və tədarük etməyə icazə verilmir. 

Qeyd edək ki, sentyabrın 12-də BMT Təhlükəsizlik Şurası nüvə sınağı keçirdiyinə görə KXDR-ə qarşı sanksiyaların genişləndirilməsi barədə qətnamə qəbul edib. Sənədə əsasən Şimali Koreyaya neft və neft məhsullarının, kondensatların satışı da qadağan olunur. KXDR-in BMT-dəki daimi nümayəndəliyinin rəhbəri Kim İn Renin açıqlaması isə bütün dünyanın diqqətini cəlb edib. “Hazırda Koreya yarımadasında vəziyyət elə bir həddə çatıb ki, nüvə müharibəsi hər an başlaya bilər”-deyə Şimali Koreya diplomatı bəyan edib. 

Yaranmış vəziyyəti şərh edən politoloq Elşən Manafovun sözlərinə görə, ABŞ-la Şimali Koreya arasındakı gərginlik yalnız bu iki ölkəni deyil, rəsmi Pxenyanın müttəfiqlərini də narahat edir. Bu baxımdan, Çinlə KXDR-in münasibətlərində ideoloji bağlılıq mövcuddur. Rusiyanın Şimali Koreyanı müdafiə etməsi isə Kremlin bölgə ilə bağlı geosiyasi maraqlarına xidmət edir:

“Birləşmiş Ştatların Şimali Koreyadakı rejimi devirə bilməsi yalnız Koreya yarımadasında deyil, Uzaq Şərqdə ABŞ-ın geosiyasi maraqlarının, o cümlədən, yeni dünya düzəni ilə bağlı planlarının həyata keçməsinə şərait yarada bilər. Ona görə də hesab edirəm ki, Rusiyanın və Çinin Şimali Koreyanı müdafiə etməsi və BMT Təhlükəsizlik Şurasının daimi üzvləri kimi bu ölkəyə qarşı sanksiyaya veto qoyması da Pxenyan rejiminin ömrünün uzadılmasına xidmət edir. Son araşdırmalar və məlumatlar göstərir ki, Şimali Koreyanın hərbi arsenalında olan raketlər 3 min kilometr ərazini vura bilir. Bu, ABŞ-ın özü üçün də təhlükə deməkdir. Birləşmiş Ştatları narahat edən digər amil Şimali Koreyanın Yaponiyanı təhdid etməsidir.

ABŞ hələ ötən əsrin 50-ci illərindən Yaponiyanın təhlükəsizliyini öz üzərinə götürüb. Eyni fikri Cənubi Koreyaya da aid etmək olar. Bu mənada, ABŞ öz müttəfiqlərini qoruya bilməsə, regiondakı mövqeləri laxlaya bilər. Ona görə də Şimali Koreyaya ünvanlanmış ittihamlar yaxın gələcəkdə İrana da yönələcək. Tramp administrasiyasının İranın nüvə proqramına dair müqavilədən geri çəkiləcəyi barədə bəyanatları onu göstərir ki, Şimali Koreyadan sonra ABŞ-ın hədəfi İran olacaq. İrana qarşı bu cür sanksiyaların tətbiqi, Rusiya və Çinlə münasibətlərin gərginləşməsinə, dünya bazarında neftin və qazın qiymətinin qalxmasına səbəb ola bilər. Ona görə də düşünürəm Şimali Koreya ilə gərginlik yalnız sülh yolu ilə aradan qaldırılmalıdır. Əks təqdirdə, bəşəriyyəti təhlükəyə sürükləyə bilər”.

Lakin politoloq hazırda Koreya yarımadasında nüvə müharibəsinin baş verəcəyi barədə deyilənləri real saymır. Elşən Manafovun dediyinə görə, hesablamalar Rusiya və ABŞ arasında nüvə müharibəsinin başlanacağı təqdirdə, dünya əhalisinin 17 faizi məhv ola bilər: “Başlanmış olan dünya müharibəsində qalib olmayacaq. Ona görə də nüvə müharibəsinin başlayacağı istisna edilir. Sadəcə olaraq, tərəflər bir-birinə əzələ nümayiş etdirir”. 

Müşfiq Abdulla

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений