Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Kreml seçkiyə Azərbaycanın qonşusundan başladı: Məmurların yeni həbs dalğası gözlənilir



Dağıstan Respublikasında siyasi böhran yaşanır. Son günlər Dağıstanın baş naziri də daxil olmaqla bir sıra yüksək vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb edilib. Moskva şəhər Basmannı Rayon Məhkəməsinin qərarı ilə baş nazir Abdusamad Həmidov və baş nazirin müavini Şamil İsayev barəsində iki ay müddətinə həbs-qətimkan qərarı çıxarılıb. Onlar 95 milyon rubl büdcə vəsaitlərini oğurlamaqda ittiham olunur. Basmannı Məhkəməsinin həmçinin, Dağıstanın sabiq iqtisadiyyat və ərazilərin inkişafı naziri Rayudin Yusufovun və təhsil naziri Şahabbas Şahovun cinayət məsuliyyətinə cəlb edilməsi barədə hökm çıxarıb. 

Onların uşaq bağçasının satın alınması məqsədilə, qeyri-qanuni miqrantlar üçün xüsusi həbsxanasının yenidən qurulması, həmçinin turizm bazalarında mühəndis-yenidənqurma işlərinin aparılması zamanı fırıldaqçılıq yolu ilə şişirdilmiş xərclərdən istifadə etdiyi bildirilir. Rusiya Federal Təhlükəsizlik Xidmətinin və Federal İstintaq Komitəsinin apardığı axtarış tədbirləri zamanı hökumət rəhbərində qızıl “TT” tapançası, bundan başqa, “Beretta” və “PM” tapançaları və iki ədəd “Kalaşnikov” avtomat silahı aşkar edilərək götürülüb. FİK-nin rəsmi məlumatında qeyd edilir ki, Xalenbekaul kəndindəki uşaq bağçasını əldə etməklə “Şurinka” restoranla birlikdə yenidənqurma və bərpası üçün nəzərdə tutulan layihənin dəyəri 12 milyon rubl olduğu halda Həmidov və Şahov smetanı süni surətdə şişirdərək 31,8 milyon dəyərində təqdim edib. 

Lakin bu hadisəni korrupsiyaya qarşı mübarizə tədbirləri hesab edən Kreml baş verənləri siyasi böhran kimi təqdim etməyin əleyhinədir. Qeyd edək ki, yanvar ayının sonunda Mahaçqala şəhərinə Moskvadan xüsusi yoxlama komissiyası gəlib. Bundan dərhal sonra isə Mahaçqala şəhərinin meri Musa Musayev, Dağıstan Respublikasının baş arxitektoru Məməmməd Rəsul Hitinov saxlanılıb, Tabasarinski rayon administrasiyasında isə axtarışlar aparılıb. Aparılan təhqiqatlardan məlum olub ki, Hitinov 2015-ci ilin fevral ayında vəzifə səlahiyyətlərindən sui-istifadə edərək şəhərdə sahəsi 600 kv.metr olan ərazinyə malik, 12 mərtəbəli yaşayış binasının inşası üçün nəzərdə tutulmuş meydançanı qeyri-qanuni biznes məqsədləri üçün zəbt edib. 2017-ci ilin fefral ayında isə həmin evin təməlini yıxmaq qərarını verməklə şəhər rəhbərliyinə 4 milyon rubl dəyərində ziyan vurub. 2016-cı ilin mart ayında Musayev 1 milyon 100 min rubl rüşvət alaraq, ümumi sahəsi 17,5 kv.metr olan ərazinin “ASPK” ASC-yə satılmasına dair fərman imzalayıb. Musayev Mahaçqalanın meri kimi fəaliyyət göstərdiyi dövrdə qanunsuz əməlləri ilə Dağıstanın dövlət büdcəsinə 80 milyon rubl ziyan vurub. 2016-2017-ci illərdə pulların qanunsuz istifadəsi dövlət büdcəsinə ümumilikdə 3 milyard rubl zərər gətirib. Baş verən yoxlamalar və həbslərdən sonra Dağıstan Respublikasının icra hakimiyyəti orqanlarında ciddi kadr dəyişikliklərinin olacağı gözlənilir. Çox güman ki, məmurlarına qarşı yeni cinayət işlərinin açılması prosesi davam edəcək. Artıq Dağıstan Respublikasının rəhbəri Vladimir Vasilyevin fərmanı ilə Tatarıstan Respublikasının sabiq iqtisadiyyat naziri Artyom Zdunov baş nazir vəzifəsinə təyin edilib. 

Yaranmış vəziyyəti şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun sözlərinə görə, Dağıstanda keçirilən əməliyyatlar güclü rüşvət və korrupsiyaya qurşanmış bu federal subyekti qeyri-qanuni üsullardan təmizləməkdir:

“Dağıstan uzun illərdir Rusiyanın ən çox korrupsiyalaşmış federatiiv üzvüdür. Dağıstanda yüzlərlə millət yaşayır və orada rüşvət, korrupsiya kök salıb. Ona görə də bu problemin qarşısını almaq üçün vaxtilə Putin Abdulatipovu Dağıstana rəhbər təyin etdi. Lakin Abdulatipov bunu bacarmadı. Belə olan halda, prezident Putin Dağıstan doğumlu olmayan bir şəxsi ora rəhbər təyin etmək qərarına gəldi və həmin vəzifəni öz yaxın ətrafına daxil olan Vladimir Vasilyevə həvalə etdi. Vasilyev də bir müddətdir gəlib və artıq araşdırmalara başlanılmışdı. Faktlar ələ keçdikdən sonra artıq həbslər həyata keçirildi. Düşünürəm ki, bu ilk həbslər olmadığı kimi, sonuncu da olmayacaq. Həbslər dalğasının davam edəcəyi gözlənilir. Dağıstanın nə qədər korrupsiyalaşmış bir respublika olduğunu azərbaycanlılar da üzərində hiss edirdi. Rusiyaya gedən azərbaycanlılar Dağıstanla sərhəddə və sərhəddin o tayında rüşvət vermək məcburiyyətində qalırdılar. Bu vəziyyətin qarşısını almaq üçün Vasilyev müəyyən tədbirlərə əl atmaq məcburiyyətində qalıb”.

Politoloq onu da qeyd etdi ki, Dağıstanda rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə mart ayının 18-də keçiriləcək prezident seçkiləri öncəsi bu bölgədə Vladimir Putinin siyasi reytinqini artıracaq: “Dağıstanın öz əhalisi də demək olar ki, yerliçilik və korrupsiya hallarından bezib. Onlar da bu cür həbslərdən və korrupsiyaya qarşı mübarizə tədbirlərindən razı qalacaq. Korrupsiyanın mövcudluğu Dağıstanda işsizlik probleminin geniş yayılmasına səbəb olub. Dağıstan sakinləri gedib Moskvada işləməyə məcbur olur. Gənclər Dağıstanı tərk edir və respublika boşalır. Dağıstanda qeyri-ənənəvi dini cərəyanların yayılmasının səbəblərindən biri də işsizlik amilidir. Vladimir Putin məhz bu məqsədlə Vasilyevi ora göndərdi ki, apardığı islahatlar dövlət başçısının nüfuzunu Dağıstanda artırsın. Vladimir Vasilyev uzun illər daxili işlər orqanlarında çalışmış bir kadr kimi böyük təcrübəyə malikdir və hüquq sistemini yaxşı bilir. Ona görə də Vasilyev qısa müddətdə hakim partiyanın əsas fiqurlarından birinə çevrilməklə yanaşı, Putinin sağ əli kimi tanındı. Başqa adamların bacarmadığını Vasilyev ciddi siyasi iradə nümayiş etdirərək Dağıstanda bacardı”. 

Müşfiq Abdulla








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений