Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Kremldən yeni Qarabağ anonsu:Münaqişənin həlli yaxındır?



Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Dağlıq Qarabağ problemi ilə bağlı son açıqlaması bəzi nüanslarına görə müzakirə predmetinə çevrilib.

Sergey Lavrov münaqişənin həllinin çox da uzaqda olmadığını söyləyib: “BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələri hərbi əməliyyatlar dövründə qəbul olunub”. Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov BMT baş katibi Antonio Quterreşlə birgə keçirdiyi mətbuat konfransında BMT TŞ-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələrin hələ də yerinə yetirilməməsi ilə bağlı suala cavabında deyib.

S. Lavrov bildirib ki, bu qətnamələr ərazidə atılan addımlar, o cümlədən, Rusiya tərəfindən görülən işlərlə birlikdə qanlı hadisələri dayandırmağa və prosesi siyasi dialoq məcrasına daşımağa imkan verib: “Hər kəsin razılığı ilə Minsk Qrupu yaradıldı və onun çərçivəsində ərazilərin azad edilməsi, Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsi yolu ilə siyasi həllə nail olunmasına dair razılığa gəlindi. Biz hamımız hələ də bu işlə məşğuluq. Moskva digər həmsədr ölkələr olan Fransa və ABŞ ilə birlikdə rəsmi Bakı və Yerevanın tam razılığı ilə qarşımızda duran vəzifələrin yerinə yetirilməsi üçün bunun üzərində işləyir. Bunun baş verməsi üçün münaqişə tərəfləri arasında konsensusun olması vacibdir və biz bu istiqamətdə irəliləyən kimi, əminəm ki, münaqişənin həlli çox da uzaqda olmayacaq".

Politoloq Fikrət Sadıqov hesab edir ki, S.Lavrovun açıqlamasında yeni məqam yoxdur. Əslində Rusiyanın xarici işlər naziri əvvəllər deyilmiş ifadələri yenidən təkrar edir: “1993-cü ildə münaqişənin həllinə dair qəbul olunmuş qətnamələr müharibənin dayandırılmasına həsr olunmuşdu. Rusiya xarici işlər nazirinin fikrinin yalnız bu hissəsi reallığı əks etdirir. Ümumilikdə isə  Lavrovun yanaşması səhvdir və onunla razılaşmaq olmaz. Çünki həmin qətnamələrdə açıq şəkildə yazılıb ki, erməni silahlı qüvvələri Azərbaycan torpaqlarını azad etməlidir. Bu baxımdan, Lavrovun qətnamələrin məzmunu təhrif etməsi həqiqətə uyğun deyil. Bu o demək deyil ki, qətnamələr yerinə yetirlməməlidir və Azərbaycan torpaqlarını işğal altında saxlamaq lazımdır. Əgər Rusiya və digər həmsədr ölkələr bu qətnamələrin qəbuluna səs veribsə, onun yerinə yetirilməsini də təmin etməlidir”.

Fikrət Sadıqovun sözlərinə görə, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi və Dağlıq Qarabağın yekun statusunun müəyyənləşməsi ilə bağlı həmsədr ölkələrin siyasi passivlik nümayiş etdirərək məsuliyyəti Azərbaycan və Ermənistanın üzərinə atması problemin həllinə mane olur: “Lavrovun bu ifadələri həqiqətdən qaçmaq məqsədi daşıyır. Aydın məsələdir ki, Bakı və İrəvan razılığa gəlməlidir. Əgər münaqişənin həlli bu iki tərəfdən asılıdırsa, o halda həmsədrlər münaqişənin həlli prosesinə niyə cəlb olunub? Onların fəaliyyəti nədən ibarətdir? Vasitəçilər 25 ildir səfərlər etməklə Azərbaycanı sakitləşdirməyə çalışır.

Həmsədrlər qüdrətli dövlətlərin nümayəndələri olduğu üçün həqiqəti görməlidir. Torpaqlarımız işğal olunub, beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş qətnamələr var. Ona görə bu hüquqi sənədlərin tələblərinə əməl etmək lazımdır. Ermənistanın əsas şərti ondan ibarətdir ki, Azərbaycan Dağlıq Qarabağın müstəqilliyini tanısın, bundan sonra isə işğal olunmuş ərazilər azad edilsin. Ancaq Lavrov da, başqaları da yaxşı bilir ki, Azərbaycan bu şərti heç zaman qəbul etməyəcək. Əgər həmsədrlər beynəlxalq hüquq normalarına bu qədər sadiqdirsə, ilk növbədə qətnamələri yerinə yetirsinlər. Dağlıq Qarabağın yekun status ilə bağlı Azərbaycan və Ermənistan arasında danışıqlar davam etdirilə bilər. Lakin belə səbəblər gətirmək, ifadələr işlətmək münaqişənin həllinə xidmət etmir”.

Müşfiq Abdulla 

Cebhe.info

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений