Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Kremlə küncdən zərbə: Başqırdlar da ayağa qalxdı



Rusiyanın Başqırdıstan Muxtar Respublikasının paytaxtı Ufa şəhərində “başqırd dilinə dövlət dili status verilsin” tələbi ilə kütləvi mitinq keçirilib. “Cümhuriyət” qəzeti Rusiya KİV-lərinə istinadən xəbər verir ki, etiraz mitinqinin iştirakçıları muxtar respublikanın məktəblərində başqırd dilinin icbari tədrisinin bərpasını tələb ediblər. Təşkilatçılar icazəsiz mitinqdə 2000 nəfərin iştirak etdiyini bildiriblər. İcazəsiz olmasına baxmayaraq mitinqi polis müşahidə edib. Həbslər və asayişin pozulması halları barədə heç bir məlumat yoxdur.

Mitinqin sonunda polis zabiti təşkilatçılardan birinə yaxınlaşaraq protokol tərtib etmək istəyib. Lakin etirazçılar buna mane olaraq həmin təşkilatçını aradan çıxarıblar. Mitinqin qeydiyyatdan keçməmiş Başqırd millətçi təşkilatı tərəfindən keçirildiyi xəbər verilir.

Etnik gərginlik

Qeyd edək ki, bir müddət öncə Rusiya prezidenti Vladimir Putin Rusiya baş prokurorluğuna etnik respublikalarda rusların zorla yerli dilləri öyrənməyə məcbur edildiklərinə dair faktların araşdırılmasını tapşırıb. İyul ayında Putin Mari Respublikasına səfəri zamanı demişdi ki, kiminsə öz ana dili olmayan dili öyrənməyə məcbur edilməsi, habelə Rusiyanın etnik regionlarında rus dili dərslərinin saatlarının ixtisarı yolverilməzdir. Putinin bu bəyanatları və onun baş prokurora sözügedən tapşırığı etnik respublikalardakı rusdilli valideynlərə uşaqlarını yalnız rusca oxutmaq imkanı yaradıb.

Çuvaşiya Respublikasının Ağsaqqallar Şurası da Putinin açıqlamasını tənqid edib. Şura bildirib ki, bu, Rusiya Federasiyasının aborigen əhalisinə hücumdur. Sentyabrın 7-də Tatarıstan Respublikasının Mədəniyyət Nazirliyi də regiondakı məktəblərdə tatar dilinin icbariliyinə son qoyulması cəhdlərinin Rusiya və Tatarıstan qanunlarına zidd olduğunu bəyan etmişdi.

Ekspertlər hesab edirlər ki, Putinin bəyanatından sonra bir sıra muxtar respublikalarda yerli dillərin tədrisinə və istifadəsinə məhdudiyyətlərin qoyulması bölgələrdə etnik zəmində gərginlik yarada bilər. Belə bir vəziyyətin seçkilərdən əvvəl hökuməti çətin vəziyyətə salacağı da gözləniləndir.

“Vəziyyət nəzarətdən çıxa bilər”

DGTYB Məsləhət Şurasının başqanı, Milli QHT Forumu İH üzvü Əkbər Qoşalı “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, başqırdların öz milli hüquqlarını tələb etmələri bununla bağlı acınacaqlı durumun olduğunu göstərir. Ə.Qoşalı qeyd edib ki, bu hal yalnız Başqırdıstanda müşahidə olunmur: “KİV-lərdə Rusiyanın digər subyektlərində də aborigen xalqların öz dilləri ilə bağlı narahat olduqlarına və bunu etiraz formalarında ifadə etmələrinə dair informasiyaların yayılması təsadüfi deyil. Məsələn, Çuvaşıstanda Ağsaqqallar Şurası da bu günlərdə doğma çuvaş dilinin tədrisi ilə bağlı narahatlığını açıqlayıb. Bundan əvvəl isə Rusiyanın ən geniş səlahiyyətlərə sahib milli subyekti Tatarıstan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən də bu respublikadakı məktəblərdə tatar dilinin icbariliyinə son verilməsi ilə bağlı hər hansı cəhdin qanunazidd olduğu açıqlanıb”. 

O, Tatarıstan, Çuvaşıstan və Başqırdıstanda baş verən proseslərin təsadüfi olmadığını, bunun tarixin qanunauyğunluğu olduğunu bildirib: “Yayılan məlumatlardan belə başa düşmək olar ki, vəziyyət həyəcanlıdır. Hesab edirəm ki, vəziyyətin belə gərginləşməsinin səbəbi Putinin dillərlə bağlı sonuncu açıqlaması ilə əlaqədardır. Artıq yerli dili öyrənməmək sərbəstliyi, rus valideynlərlə yanaşı, bəzi milli şüuru zəif yerli ata-anaların da, öz uşaqlarının iki dil yerinə bir dil öyrənmək seçimindən “yarar”lanmasına gətirib çıxara bilər.

Düşünürəm ki, meydana çıxan insanların - ictimai fəalların, gənclərin, aydınların mövqeyi, etirazı təsirsiz ötüşməyəcək. Lakin bu hadisələrin Rusiyanın digər bölgələrinə keçib-keçməyəcəyi, müəyyən qədər Kremlin məsələyə münasibətindən də asılıdır. Mümkündür ki, mərkəzi hökumət proseslərin kütləvi hal almaması üçün adekvat addımlar atacaq. Çünki Rusiya çoxmillətli ölkədir. Üstəgəl, Rusiya Qərbin ağır sanksiyaları ilə üz-üzədir və dünya gücləri ilə bir sıra məsələlərdə maraqları toqquşur. Bu da Kremlə əlavə problemlər yarada bilər. Buna görə də Rusiya hakimiyyətinin prosesləri sakitləşdirici mövqe tutacağı gözləniləndir”.

“Qərbdən tatarlara və başqırdlara dəstək verilə bilər”

“Yeddi Dövlət - Bir Millət” Konseyinin başqanı, siyasi şərhçi Azər Həsrət “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, Tatarıstandan sonra bu məsələnin Başqırdıstanda gündəmə gəlməsi təsadüfi deyil. O, qeyd edib ki, Tatarıstanda bu məsələnin həlli ilə məşğul olan təşkilatlar və adamlar var:

“Tatarıstan rəhbərliyi də tatar dilinə rəsmi statusun verilməsi üçün cəhdlər edir. Rusiya hakimiyyəti isə çalışır ki, Tatarıstan kimi özünün iqtisadi gücü olan respublikalarda milli dillər unudulsun. Buna görə də Tatarıstan və digər muxtar subyektlərdə ruslar mitinqlər keçirərək, “rus dilinin qorunması” tələblərini gündəmə gətirirlər. İddia edirlər ki, guya tatarlar rus dilini sıxışdırırlar. Amma Tatarıstanda rus dilinin sıxışdırılmasından söhbət gedə bilməz, çünki Rusiyada rus dili dövlət dili olduğuna görə, Tatarıstanda da bu dil dövlət dilidir.

Sadəcə olaraq, tatar dilini də rəsmi dil kimi tanımaq Moskvanın maraqlarına uyğun deyil. Buna görə də Tatarıstan və digər bölgələrdə milli dillərin tanınması ilə bağlı çağırışlar edilir. Eyni hal Başqırdıstanda da müşahidə edilir. Bu bölgədə də başqırd dili sıxışdırılır və başqırdların guya rus dilində təhsil almaq istədiklərinə dair əsassız təbliğat aparılır. Bu da başqırd ziyalılarını və bu bölgənin rəhbərliyini narahat edir və öz etirazlarını bildirirlər. Hesab edirəm ki, bu, digər bölgələrə də sıçrayacaq prosesdir”.

Azər Həsrətin sözlərinə görə, Rusiya hakimiyyətinin siyasəti qeyri-rus millətlərinin sıxışdırılması üzərində qurulub: “Bu, bölgələrdə geniş miqyaslı etirazlara səbəb ola bilər. Hakimiyyət qanunlar qəbul edərək, milli dillərin sıxışdırılması yönündə addımlar atır. Bunlardan biri də Rusiyada yaşayan xalqların kirildən başqa heç bir əlifbadan istifadə edə bilməmələri ilə bağlıdır. Rusiyada hansısa xalq latın əlifbasından istifadə etmək üçün hansısa addım ata bilməz. Çünki Rusiya qanunvericiliyi bunları qadağan edir. Qanunların belə sərt olması milli özünüdərk şüuru yüksək olan başqırd və tatarıların ayağa qalxmalarına səbəb olur. Düşünürəm ki, bu proseslərə kənardan, xüsusilə də Qərbdən dəstək olacaq. Rusiyanın zəiflədilməsi üçün dil məsələsindən istifadə edilə bilər. Amma Rusiya ağıllı davanaraq Başqırdıstan və Tatarıstan başqa olmaqla, digər subyektlərin öz milli dillərindən və istədikləri əlifbalardan istifadə etmək istəklərinə adekvat cavab verməlidir. Bu halda Rusiyada sabitlik davam edəcək”.

Mənsur Rəğbətoğlu

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений