Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Kremli Suriyadan çıxaran SƏBƏB: Oyunda növbəti “raund”



Suriyada Qərbin dəstəklədiyi əsas müxalifət qrupu olan Suriya Milli Koalisiyası (SNC) bildirib ki, Rusiyanın təşkilatçılığıyla danışıqlara getməyəcək.Qrup Rusiyanın bu təşəbbüsünü BMT-nin dəstəklədiyi sülh danışıqlarını pozmaq cəhdi adlandırıb.Türkiyəylə İran oktyabrın 31-də Rusiyanın təklifini dəstəkləyiblər. Rusiya gələn ay Soçidə Suriya müxalifətiylə opponentləri arasında danışıqlara ev sahibliyi etmək istəyir. Oktyabrın 30-31-də danışıqların Qazaxıstan paytaxtı Astanada keçirilən yeddinci raundundan belə bir təklif irəli sürülüb. “Koalisiya Cenevrədən kənarda, BMT-nin təşkilatçısı olmadığı danışıqlara qatılmayacaq”, - SNC sözçüsü Ahmad Ramadan “Reuters” agentliyinə deyib.

ABŞ-ın dalana dirəmək istədiyi Rusiya

Suriyalı müxalifləri Rusiya ilə danışıqlara getməkdən imtina etməyə ABŞ-ın məcbur etdiyi ehtimal olunur.Analitiklər son zamanlarda Rusiyanın Suriyadan çıxmaq məsələsinin gündəmə gəlməsindən sonra verilən bu qərarı, ABŞ-ın Rusiyanı dalana dirəməsi kimi izah etsələr də, bir sıra amillər var ki, bunlar tamamilə əks mənzərə yaradır.Məlumdur ki, Rusiya sürpriz bir qərarla Suriyadakı hərbi qüvvələrinin sayını azaltmaq məsələsinin müzakirəsinə başlayıb. Bu barədə məsələ hələ keçən il Rusiya prezidenti Vladimir Putinlə keçmiş amerikalı həmkarı Barak Obama arasındakı telefon görüşündə də danışılmışdı. Mart ayında baş tutan görüşdən sonra Rusiya Müdafiə Nazirliyi Rusiyanın Suriyada qarşıya qoyduğu hədəflərə çatdığını açıqladı.Verilən qərara əsasən, Rusiya Tartus və Xameneyindəki hərbi bazalarını saxlamaq və bu bazaları müdafiə edəcək qədər hərbi qüvvə saxlamaqla ordu birləşmələrinin müəyyən hissəsini bu ölkədən çıxarmalıydı.

Putinin qərarının pərdəarxası

“Kommersant” kimi nüfuzlu rusiyalı mənbələrin iddialarına görə, bir sıra yeni silahların müharibə vəziyyətlərində sınaqdan keçirilməsi idi ki, Rusiya artıq bu hədəfinə çatıb.Digər yandan, Rusiyanın əsas hədəflərindən biri terrorizmə qarşı mübarizədə istədiyi nəticə əldə etmək idi ki, müttəfiqi Bəşər Əsəd üçün baş ağrısına çevrilmiş İŞİD terror təşkilatı tamamilə zərərsizləşdirilib.Obama və Putin arasındakı telefon görüşündə də bu məsələ ələ alınmışdı.Hazırkı şəraitdə Rusiyanın Suriyadan geri çəkilmək qərarı o zamana təsadüf edir ki, İŞİD-in bu ölkədə nəzarət etdiyi əsas strateji məntəqələr ələ keçirilib və hərbi qərargahları məhv edilib.Lakin Rusiya istədiyi vaxt Suriyada hərbi qüvvələrinin sayını artırmaq, yaxud, bura ordu göndərmək imkanını da əlində saxlayır.Bəşər Əsəd və Kreml arasında əldə edilmiş anlaşmaya əsasən, Rusiyanın Suriyadakı hərbi bazaları müddətsiz vaxtadək burada qalacaq.ABŞ və Rusiya arasındakı nəzəri anlaşmada da bu məsələ öz əksini tapıb.

İran və Amerikaya verilən mesajlar

Digər yandan, Bəşər Əsədin rəhbərlik etdiyi ordu ölkənin böyük hissəsinə nəzarəti geri qaytarıb, müxaliflər və digər silahlı qruplaşmalar qarşısında mövqelərini kifayət qədər gücləndirib.Rusiya bu istiqamətdə olan hədəfinə də çatıb.Üstəgəl, Suriyadakı hərbi qüvvələrinin sayını azaltmaq Rusiyaya müsbət dividentlər qazandıracaq.Məsələn, Rusiya bununla Suriya böhranına dair Astanada başlamış danışıqların növbəti mərhələsində masadakı yerini gücləndirə biləcək.Bununla Kreml prosesdə Əsədi dəstəkləyən tərəf kimi yox, vasitəçi kimi özünü göstərə bilər.Bu, eyni zamanda Bəşər Əsədin danışıqlar masasında tərəf kimi çıxış etməsinə imkan yarada bilər.ABŞ prezidenti Donald Tramp hələ seçkiqabağı kampaniya dönəmində Suriya böhranının həllinin Əsədsiz mümkün olmadığını demişdi. Düzdür, sonrakı dönəmdə Tramp Əsədə qarşı bir qədər aqressiyasını artırdı, amma Obamanın Suriya siyasətində yanlışlığa yol verdiyini əsas gətirərək, Əsədlə danışıqlara hazır olduqlarını dedi. Amerika prezidentinin bu mövqeyi son diplomatik gedişlərlə masadakı yerini möhkəmlədən Rusiya üçün də önəmlidir.Bu, həm də Rusiyanın Suriyada sülh istəyində olmasını qabardan bir məsələdir.Başqa bir mesaj da budur ki, Rusiya bununla ABŞ-la yanaşı, İrana da Əsədin onun üçün əvəzedilməz lider olmadığını göstərmək istəyir.Yəni, böhranın həllindən sonra Rusiya yenidən Suriyaya qayıdanda özünün maraqlarına cavab verən digər siyasi qüvvə ilə də anlaşmağa hazırdır.

Oyunun növbəti “raundu”

Rusiya gərginliyi qaldırmaq və azaltmaq işini yaxşı bilir və indiki məqamda Suriya ətrafındakı gərginliyi azaltmaqla Ukrayna danışıqlarında da uğur əldə edə bilər.Ən maraqlısı da budur ki, Rusiya Suriyadan küncə sıxışdırılmadan çıxmaq barədə düşünür. Rusiya Suriyada terrorizmə qarşı mübarizədə və Bəşər Əsəd adına keçirdiyi sürətli və uğurlu hərbi əməliyyatlarla SSRİ-nin dağılmasından sonra ilk dəfə özünü Amerikaya geosiyasi oyunçu kimi tanıda bildi. Rusiyanın ilk dəfə öz sərhədlərindən uzaq bir ölkədə əldə etdiyi bu nailiyyətlər ABŞ-ı da təəccübləndirdi.İraq, Liviya, Misir, Əfqanıstan və digər ölkələrdə bir sıra məqamlarda hərbi müdaxilə, bir çox hallarda isə diplomatik gedişlərlə çevrilişlər həyata keçirən ABŞ-ın Suriyada sıxışıb qalmasının əsas səbəbi də Rusiyanın buradakı varlığı idi.

Düzdür, Rusiyanın geri çəkilmək qərarı Əsəd üçün təhlükəli vəziyyət yarada bilər, amma bu, Vladimir Putinin tezliklə verdiyi qərar deyil.Uzun müddət idi ki, bununla bağlı hərbi-siyasi dairələrdə müzakirələr gedirdi. Rusiyanın geri çəkilməsiylə Əsəd bir müddət də hakimiyyətini saxlasa, bu, Rusiya adına böyük diplomatik uğur olacaq. Bu baxımdan Rusiya rasional və riskli qərara gedir.Hər halda bu, Astana danışıqlarında ilginc gəlişmələrin baş verdiyi, ABŞ və Rusiya arasında Suriyada bufer zonaların yaradılması barədə anlaşmanın əldə edildiyi vaxt, təsadüfi bir qərar deyil. Ehtimal etmək olar ki, danışıqların bundan sonrakı mərhələsində Bəşər Əsədi də masada görmək mümkün olacaq. Başqa sözlə, Putinin çıxmaq qərarı, Rusiyanın tamamilə Suriyadan çıxması demək deyil. Sadəcə olaraq, diplomatik masada yerini möhkəmlətmək üçün hərbi qüvvələrinin sayını azaldır. İki hərbi bazası - Xameneyn və Tartusdakı bazaları və “S 400” zenit-raket kompleksələri burada qalacaq.

Yəni, Rusiya post-Əsəd dönəmində də Suriyaya qayıtmaq imkanlarını özündə saxlayır.

Mənsur Rəğbətoğlu

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений